Elektron ədəbiyyat və sənət portalı

Osmanlı sultanının İmam Hüseynə yazdığı mərsiyə

Bölmə: 20.09.2018

Məhəmməd Peyğəmbərin istəkli nəvəsi Həzrəti Hüseynin Kərbəlada üzləşdiyi faciənin ağrısını yaşamış Osmanlı hökmdarı Sul­tan Əbdüləzizin qələmə aldığı “Kərbəla” şeirini oxuculara təqdim edirik. Sultan Əbdüləziz 1830-cu ildə doğulub, 1861-ci ildə, yəni 31 yaşında Osmanlı taxtına əyləşib. On beş illik hakimiyyətinin sonunda – 1876-cı ildə o da Peyğəmbər nəvəsi kimi işgəncə ilə öldürülüb.

 

Kərbəla

Qüdrətül-ayini Rəsuli-şahi-sərvərə,

Qətl qəsdilə cəm oldular bir yerə,

Gör necə layiq gördülər cismi-paki xəncərə!

Ümmət olmaq belədirmi Həzrəti Peyğəmbərə?

Həm ciyərpareyi-Fatimə, nuri-çeşmi-Heydərə?

 

Biət vacib ikən iman etmədi ol lain,

Qurdular dini-fəsadı, oldular dini-xain,

Hüseynə qarşı fitnəni həyasız, bildin,

Ümmət olmaq belədirmi Həzrəti Peyğəmbərə?

Həm ciyərpareyi-Fatimə, nuri-çeşmi-Heydərə?

 

İncitdilər övladi-Rəsulu, Haqqın da qulu,

Vermədilər Kərbəlada məzluma bir qətrə su,

Ey həyasız zalım, sənin üzünə tfu!

Ümmət olmaq belədirmi Həzrəti Peyğəmbərə?

Həm ciyərpareyi-Fatimə, nuri-çeşmi-Heydərə?

 

Hüseynin qatilinin heç qalarmı yanına,

Şümür məlun xəncər çaldı ol Şahın gərdanına,

Ey münafiq, necə girdin Şah Hüseyn qanına!

Ümmət olmaq belədirmi Həzrəti Peyğəmbərə?

Həm ciyərpareyi-Fatimə, nuri-çeşmi-Heydərə?

 

Quranı, dini-islamı mətah kimi satdılar,

Əhli-beyti üryan-büryan Şamda əsir etdilər,

İnsanlığa rəva olmaz belə bir iş tutdular,

Ümmət olmaq belədirmi Həzrəti Peyğəmbərə?

Həm ciyərpareyi-Fatimə, nuri-çeşmi-Heydərə?

 

Ey müsəlmanlar, dinlədiniz, fəryad-fəğan etdiniz,

Dini-islam olmusuz, Rəsula iman etdiniz,

Bəs buna necə tab etsin Sultan Xəlifə Əbdüləziz?!

Ümmət olmaq belədirmi Həzrəti Peyğəmbərə?

Həm ciyərpareyi-Fatimə, nuri-çeşmi-Heydərə?