Volfqanq Borhertin hekayəsi

 

Volfqanq Borhert

(Almaniya)

1921-ci ildə Almaniyanın Ham­burq şəhərində do­ğulan və cəmi 26 il ömür sürən yazıçı Volfqanq Borhert ədəbi yaradıcılığa Hölderlinin və Rilkenin təsiri ilə yazdığı, Hamburq qəzetlərində dərc etdirdiyi şeirlərlə başlayıb. Faşizm illərində Borhert siyasi çəhətdən şübhəli şəxs kimi gestapoya çağırılır və18 yaşında ilk dəfə həbs olunur.

1941 -ci ilin dekabrında Şərq cəb­həsində, Moskva ətrafındakı dö­yüşlərdə yaralanır. 1942-ci ilin mayında yenidən həbs edilən ya­zıçıya güllələnmə cəzası kəsilir və o, yüz gün təkadamlıq kamerada güllələnəcəyi anı gözləyir.

Sonra onu azad edib günahını yu­ması üçün ön cəbhəyə yollayırlar.

1943-cü ildə həkimlər Borherti hərbi xidmətdən azad etsələr də, növbəti istintaqdan sonra məh­kəmə ona doqquz aylıq həbs cə­zası kəsib, günahını yuması üçün təzədən ön cəbhəyə göndərir.

1945-ci ilin aprelində o, fransız­lara əsir düşür, lakin əsirlikdən qaça bilir və alman şəhərlərinin xarabalıqları ilə piya­da uzun bir yol keçərək mayın 10-da nəhayət ki, evlərinə gəlib çıxır. Qalan ömrünü xəstəxana­da keçirən Borhertin 1947-ci ilin aprelində ilk hekayələr toplusu çapdan çıxır. Həmin ilin noyabrın­da nəşr edilən ikinci kitabını gör­mək isə yazıçıya nəsib olmur...

 

Çörək

(hekayə)

 

Qadın qəfildən oyandı, amma nə səbəbdən ayıldığını dərhal anla­madı. Gecə saat üçün yarısına az qalmışdı. Bu vaxt kimsə mətbəxdə stula ilişdi. Qadın astaca diqqət verib, sonra əlini qonşu çarpayıya uzatdı. Çarpayı boş idi. Hə, yə­qin buna görə otağa qeyri-adi səssizlik çökmüşdü – kişinin xırıltı­sı gəlmirdi.

Qadın yataqdan qalxıb qaran­lıqda əlhavasına mətbəxə keçdi. Qarşılaşdılar. Əqrəblər düz saat üçün yarısını göstərirdi. Şka­fın böyründə nəsə ağarırdı. İşığı yandırdı. İndi onlar alt paltarında üz-üzə dayanmışdılar. Gecə saat üçün yarısında. Mətbəxdə.

Gözü çörəkqabına sataşanda qa­dın o saat yəqin elədi ki, kişi özünə çörək kəsib. Bıçaq hələ də çörəkqabının yanında idi, örtüyün üs­tündə isə qırıntılar vardı. Yatmaz­dan qabaq qadın örtüyü həmişə çırpardı, ancaq indi onun üstündə qırıntılar vardı. Qadın gözlərini yayındırmağa ça­lışdı və hiss elədi ki, soyuq ayaqları boyunca yavaş-yavaş yu­xarı qalxır. Bu zaman kişi ətrafa boylana-boylana:

– Səs gəldi, elə bildim, bur­da kimsə var, – dedi.

– Mən də səs eşitdim, – qadın cavab verdi və gecənin bu vədəsi alt paltarında dayanmış bu kişinin xeyli ahıl gö­ründüyünün fərqinə vardı. İndi altmış üç yaşlı bu kişiyə öz yaşından az verməzdin. Halbuki gündüzlər kifayət qədər cavan görünürdü.

Kişi də öz aləmində fikirləşdi ki, ar­vad əməlli-başlı düşüb – hər halda, ge­cə köynəyində belə görünürdü. Hə, arvad gözgörəsi qocalmışdı. Amma bu, aldadıcı da ola bilərdi, çünki adətən qadınlar gecələr saçla­rını daramırlar, bu səbəbdən də çox vaxt yaşlarından qoca görünürlər.

– Heç olmasa, ayağına bir şey keçi­rəydin. Görmürsən yer necə soyuqdu? Bircə o qalmışdı ki, naxoşlayasan...

Qadın kişinin üzünə baxmadı, çünki onun yalanını çıxartmaq istə­mirdi. Zarafat deyil, otuz doqquz ildi bir damın altında ömür çürü­dürdülər və indi bu kişi bu qadı­na yalan danışırdı.

– Mənə elə gəldi, burda kimsə var, - kişi təkrar eləyib yenə məqsəd­siz halda ətrafa göz gəzdirdi.

– Qu­lağıma nəsə səs gəldi, dedim yəqin burda kimsə var.

– Mən də elə düşündüm. Amma boş şeydir, – qadın çörəkqabını yı­ğışdırıb örtüyü çırpdı.

– Hə, yəqin, sən deyəndi - ki­şi zorla mızıldandı və qadın başa düşdü ki, onun dadına çatmaq lazımdır.

– Gedək, – dedi, – gedək yataq. Küçənin səs-küyüdür, bənd olma. Döşəmə buz kimidir, yenə soyuq­layarsan ha...

– Hə, yəqin kimsə küçədə hay- küy salıb, – kişi pəncərəyə baxdı.

– Mən də elə bildim, səs burdan gəlir.

Qadın işığı keçirmək üçün əlini düyməyə sarı uzadanda düşün­dü: "İşığı elə bu dəqiqə sön­dürməliyəm, yoxsa birdən özümü saxlaya bilməyib çörəkqabına baxaram".

Və işığı söndürüb dedi:

– Gedək. Səs küçədən gəlib. Külək əsəndə həmişə damdakı na­valçanı divara döyəcləyir. Yəqin navalçanın səsidir.

Yalın ayaqlarını soyuq döşəmə­də sürüyə-sürüyə əlhavasına qa­ranlıq dəhlizdən ötüb yataq otağı­na keçdilər. Kişi dilləndi:

– Bayırda yaman külək əsir, bütün gecəni ara verməyib.

– Hə, bütün gecəni ara verməyib. Navalça da dınqıldayır, – yatağa uzanandan sonra qadın kişinin de­diyini təsdiqlədi.

– Mən də elə bildim səs mətbəx­dən gəlir.

Kişi bu sözləri elə tələffüz etdi ki, guya artıq yuxulayırdı. Ancaq qadın səsin necə qeyri-təbii çıx­dığını hiss etdi. Çünki kişi yalan danışırdı. Odur ki, yüngülcə əsnəyib:

– Soyuqdur, – dedi, – mən yor­ğanın altına girəsi oldum. Gecən xeyirə qalsın.

– Xeyirə qarşı.

Otağa səssizlik çök­dü. Xeyli vaxtdan sonra qadın hiss etdi ki, kişi yor­ğanın altında nəfəsini qısa-qı­sa nəsə çeynəyir. Çalışdı ki, onun oyaq oldu­ğunu duymasın. Kişi də öz növbəsin­də elə yeknəsəq ahənglə gövşəyirdi ki, qadın qulaq asa-asa axırda həqiqətən yu­xuya getdi.

Sabahısı axşam kişi evə dönən­də qadın onun qabağına dörd di­lim çörək qoydu – əvvəllər payına üç dilim düşərdi. Qadın lampanın yanından aralana-aralana dedi:

– Dördü də sənindir. On­suz da mənə ağırlıq eləyir, yaxşı həzm eləmirəm. Artıq dilimi sən yesən yaxşıdır.

Kişinin boşqaba tərəf necə əyildiyi qadının gözündən yayın­madı. O, qadına baxmırdı. Qadı­nın isə bu zaman ona əməlli-başlı yazığı gəldi. Kişi başını dikəltmə- dən dilləndi:

– Belə yaramaz axı, sənə ikicə di­lim qalır...

– Nə olsun? Onsuz da yatar qa­rına mənə ziyandır.

Qadın təzədən masa arxasında oturana qədər bir xeyli vaxt keçdi.

 

Çevirən: Mahir N. Qarayev