Elektron ədəbiyyat və sənət portalı

"Sərgüzəşti-vəziri-xani-Sərab" necə “Sərgüzəşti-vəziri-xani-Lənkəran" oldu?

Bölmə: 12.09.2018

 

Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində dünyaya gəlib. Əsərlərini “Bədbəxt”, “Haqq tərəfdarı”, “Müsavi”, “Stradayuşiy”, “Sərsəm” və başqa təxəllüslərlə yazan Yusif Vəzirin ən tanınmış təxəllüsü “Cəmənzəminlidir”. O, bu təxəllüsdən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb. “İki od arasında” (“Qan içində”), “Qızlar bulağı”, “Soyuq öpüş”, “Bir cavanın dəftəri”, “Gündəliklər”, “Qanlı göz yaşları”, “Хanın qəzəbi”, “Zeynal bəy”, “Sоn bahar”, “Üç gecə” kimi əsərlərin müəllifidir.

Yazıçının doğum günü münasibətilə onun “Mirzə Fətəlinin əsəri başqa dillərdə” adlı məqaləsini təqdim edirik:

1853-cü ildə Mirzə Fətəlinin komediyala­rı ruscaya tərcümə edilib basılmışdır. Ondan əvvəl bu komediyalar o za­man Tiflisdə çıxan "Qafqaz" qəzetində felyeton şəklində dərc olunmuşdur. 1853-cü ildə "Russki invalid" qəzetində Mirzənin əsərləri haqqında yazılan bir məqalədə Mirzə Fətəli "Azərbaycan Molyeri" adlandırılır. Həmin ildə Peterburqun xüsusi teatrlarından birində Mirzənin özü tərəfindən ruscaya tərcü­mə edilmiş "Müsyö Jordan" və yenə rus dilində Tiflisdə "Xırs quldurbasan" oynanmışdır. Erməni ədibi Yerisyan tərəfindən "Müsyö Jordan" və "Sərküzəşti-vəziri-xani-Sərab"ın ermənicəyə tərcüməsi də bu zamanlara təsadüf edir.

Lakin Mirzə Fətəlinin başlıca şöh­rəti əsərlərinin fars dilinə tərcümə olunması ilə başlayır. Zatən bu tər­cümə vasitəsi ilə Avropa Azərbayca­nın böyük ədibi ilə maraqlanmışdır. Bu tərcümədən sonra müstəşriqlər onu öyrənib təb və tərcüməsinə ça­lışırlar. Mirzənin əsərlərinin farscaya tərcümə olunmasını belə rəvayət edirlər. Şahzadə Cəlaləddin Mirzə İran tarixinə dair yazdığı "Nameyi-Xosrovan" adlı əsərindən bir nüs­xə Mirzə Fətəliyə göndərir. Mirzə Fətəli də əvəzində komediyaları­nı göndərib, Cəlaləddin Mirzədən farscaya tərcümə olunmasını arzu edir. Mirzənin əsərləri bir müddət şahzadənin dolabında yatıb qalır. Bir gün Cəlaləddin Mirzənin xüsusi katibi Mirzə Cəfər Qaracadaği dola­bı eşərkən Mirzə Fətəlinin kitabına rast gəlir, götürüb böyük bir maraq­la oxuyur və "Molla İbrahimxəlil kimyagər"i farscaya tərcümə edib, şahzadəyə təqdim edir. Şahzadə tərcümədən məmnun olub, Mirzə­nin bütün komediyalarının farscaya tərcümə olunmasını arzu edir.

Mirzə Cəfər Cəlaləddinin arzusu­nu yerinə yetirir və Mirzə Fətəlinin əsərləri 1872-ci ildən başlayaraq litoqraf üsulu ilə basılmağa başla­yır. 1874-cü ildə ayrı-ayrı çap olunan komediyalar toplanıb bir kitab şəklində dünyaya çıxır.

"Sərgüzəşti-vəziri-xani-Sərab"ı nədənsə Mirzə Cəfər "Sərgüzəşti-vəziri-xani-Lənkəran" deyə tər­cümə edib. Mirzə Cəfəri təqlid edən avropalılar da "Sərab" əvəzinə "Lənkəran" işlədirlər (müəllif).

1882-ci ildə W.Haggard və W.Strange "Sərgüzəşti-vəziri-xani-Sərab"ı farscadan ingiliscəyə tərcümə edib, Mirzə Cəfərin mətni ilə bəra­bər "The vazir of Lancoran" ünva­nı altında Londonda təb edibdirlər. Fransız müstəşriqi Barbier de Meynard bu tərcümə haqqında "La revu critque" məcmuəsinin 19 mart 1883-cü il tarixli nömrəsində bir məqalə nəşr edib, həmin ildə Alexandre Chodzko "Vəziri-xani-Sərab"a dair "Aventure du vazir du khan de Llenkeran" ünvanlı tədqiqini Paris­də nəşr edir.

1886-cı ildə Barbier de Meynard, Stanislav Guyapd "Mürafiə vəkil­lərinin hekayəti", "Xırs quldurbasan" və "Molla İbrahimxəlil kimyagər"i fransızcaya tərcümə edib, farscası ilə bərabər "Trois comedies Françes" sərlövhəsi ilə Parisdə çap etdirirlər. Məcmuəyə gözəl bir lü­ğət də əlavə olunubdur. Barbier de Meynard Mirzə Fətəlinin farsca tər­cüməsi ilə kifayətlənməyib, həmin ildə "Molla İbrahimxəlil kimyagər"in tərcüməsini türkcə mətni ilə bə­rabər "Journal asiatique"un yanvar nömrəsində çap etdirir. Parisdə bu əsər meydana çıxar-çıxmaz G.Strange məzkur komediyanı ingiliscəyə çevirib "Asiya cəmiyyəti Kraliyyə məcmuəsi"nin 18-ci yanvar cildində "The Alchemist" ünvanı ilə basdırır.

Bir az sonra Barbier de Meynard "Sərgüzəşti-mərdi-xəsis" və "Al­danmış kəvakib"i də fransızcaya tərcüməsi və türkcə mətni ilə "Asi­ya" jurnalında basdırır. Bu əsərlərə bir də Azərbaycan ləhcəsi haqqında bir müqəddimə yazılmışdır.

1888-ci ildə Fransa xariciyyə nəzarəti attaşesi Alfons Sislyer "Deux Cemodies turques de Mirza Feth Ali Akhondzade" sərlövhəli Mirzənin "Sərgüzəş­ti-vəziri-xani-Sərab" və "Mürafiə vəkillərinin hekayəti"nin fransız­ca tərcüməsini uzun bir müqəddi­mə ilə Parisdə nəşr etdirir. Müəllif müqəddiməsində Şərq teatrından bəhs açır və bu teatrın Avropada anlaşılan mənada Molyer və bir-iki Avropa müəlliflərindən tərcümə olunan əsərlər istisna olursa, "Qaragöz" oyunundan başqa bir şey olmadığını qeyd edir. İrana gəldikdə müəllif şəbihgərdanlığı təhlil edib, bunun bir teatr mənşəyi olacağına inanır. Müəllif şəbihgərdanlığın heç bir xarici təsirə uğramayıb, sırf İranın milli malı olduğunu qeyd edərək, bunu İran üçün bir məziyyət bi­lir. Bu mülahizələrdən sonra Sislyer Mirzə Fətəlinin komediyaları haqqında fikir yürüdür. Bu ko­mediyaların şəkil etibarilə Avro­panın və məzmun etibarilə milli olduğunu qeyd edir və bunları İstanbulun Avropadan alıb tər­cümə və təbdil etdiyi əsərlərdən yüksək tutur.

1889-cu ildə Stokholm müstəşriqlər konqresi məcmuəsinin birin­ci nömrəsində "Xırs quldurbasan" nəşr olunur.

Mirzə Fətəlinin əsərlərinə Alma­niya da laqeyd qalmamışdır. Varhmund tərəfindən bir neçə komedi­yası almancaya tərcümə edilmişdir. Deməli, Mirzə Fətəlinin bütün əsərləri fransızcaya, bir neçəsi ingiliscəyə və almancaya tərcümə olu­nubdur.

Fransız tərcümanları arasında "Asiya cəmiyyəti" katibi L.Bauvanı qeyd etməliyik. O, "Müsyö Jordan"ı 1906-ci ildə tərcümə edib, ayrıca kitab şəklində nəşr edibdir. Müsyo Bauva 20 ildən bəri Azərbay­can ədəbiyyatı və mətbuatı haqqın­da Şərq məcmuələrində məqalələr yazmaqdadır.

Yusif Vəzir ÇƏMƏNZƏMİNLİ

1928-ci il