Elektron ədəbiyyat və sənət portalı

Ə.Ü.Yəzdaninin “Almanca-Azərbaycanca sözlük” kitabının cənubi azərbaycanlılara faydası varmı?

Bölmə: Ədəbiyyat 11.12.2015

Hörmətli redaksiya! Almaniyanın paytaxtı Berlin şəhərində yaşayan, neçə illərdir ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə əməkdaşlıq edən, əlyazmalarımızın surətlərinin xarici kitabxanalardan əldə edilməsində fəal iştirak edən ədəbiyyat tariximizin tədqiqatçısı, Bakıda çapdan çıxmış bir neçə kitabın müəllifi Məhəmmədəli Hüseyninin göndərdiyi məktub böyük maraq doğurur. Bu məktub bir daha xatırladır ki, Şimali Azərbaycanda dilimizlə bağlı dövlət səviyyəli tədbirlər həyata keçirilsə, müəyyən işlər görülsə də, Cənubi Azərbaycandakı dilin, eləcə də lüğətlərin vəziyyəti ilə kifayət qədər maraqlanmırıq. Əlbəttə, elə məsələlər var ki, biz müdaxilə edə bilmərik. Lakin məgər mütəxəssislərimiz Cənubi Azərbaycanda işlənən sözlərin, dialekt sözlərin lüğətini hazırlaya bilməzlərmi? Şimali və Cənubi Azərbaycandakı ədəbi dilin daha da yaxınlaşması üçün müəyyən tədbirlər görmək olmazmı? Savadsız əhali üçün bəzi kitab və əsərlərin audio və video disklərinin hazırlanmasında kömək edə bilmərikmi? Mənə elə gəlir ki, yazını oxuduqdan sonra ziyalılarımız öz fikir və təklifləri ilə çıxış etmək istəyəcəklər. Bu məqsədlə məktubun mətnini diqqətinizə təqdim edirəm.

Hörmətlə: Paşa ƏLİOĞLU filologiya elmləri doktoru

Dərin təəssüf və ürək ağrısı ilə etiraf etmək lazımdır ki, çoxmilyonlu Cənubi Azərbaycan əhalisinin çox az hissəsi öz ana dilində oxumağa qadirdir. Belə olduğu halda, təbii olaraq belə bir sual meydana çıxır: Əhməd Ümid Yəzdaninin 2004-cü ildə Almaniyanın Köln şəhərində nəşr etdirdiyi “Almanca-azərbaycanca” sözlük cənubi azərbaycanlıların hansı dərdinə yaraya bilər? Artıq hamıya məlumdur ki, İranda hər bir savadlı, hətta ibtidai təhsilə malik olan azərbaycanlı fars mətnini türkcədən (azərbaycancadan) qat-qat rahat oxuyub başa düşür. Məhz buna görə də alman dili ilə məşğul olan Cənubi Azərbaycan vətəndaşı üçün İranın germanist alimlərinin tərtib etdikləri almanca-farsca və ya farsca-almanca lüğətlərdən istifadə etməyin daha əlverişli olduğu inkaredilməzdir. Məsələ orasındadır ki, istər Cənubi Azərbaycanda, istərsə də onun sərhədlərindən kənarda yaşayan həmvətənlərimiz əgər alman dili ilə maraqlanarsa, azərbaycancada oxuya bilsə belə, Əhməd Ümid Yəzdaninin lüğətindən bir çox alman sözlərinin qarşılığını tapa bilməyəcək.

Araşdırmamız göstərdi ki, Ə.Yəzdaninin tərtib etdiyi lüğət xeyli dərəcədə C.M.Cəfərovun redaktorluğu ilə 1971-ci ildə Bakıda, Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda nəşr edilən “Almanca-azərbaycanca lüğət”dən mənimsəmədir. Və burada verilən bir çox almanca sözlərin qarşılığının Cənubi Azərbaycanda başa düşülməsi mümkün deyil. Əyani olsun deyə, bu lüğətdən bəzi sözləri diqqətə çatdırmaq istərdik:

  1. Kühlhaus = Buzxana
  2. Kühlschrank = Soyuducu, buz dolabı
  3. Urlaub = Məzuniyyət
  4. Nessel = Gicitkən
  5. Bürste = Şotka
  6. Bleistift = Karandaş
  7. Stecker = Ştepsel
  8. Steckdose = Ştepsel
  9. Musketier = Müşketyor
  10. Hausfrau = Evdar qadın
  11. Rassismus = İrqçı
  12. Laboratorium = Laboratoriya
  13. Schweden = İsveç
  14. Österreich = Avstriya
  15. Satier = Satira, həcv, məzhəkə
  16. Lohn = Maaş, əmək haqqı
  17. Mongole = Mongol
  18. Furnier = Faner, Lay (Taxtadan)
  19. Hauptbahnhof = Mərkəzi vağzal
  20. Feuerwehr = Yanğın dəstəsi
  21. Füller = Avtomat qələm
  22. Statute = Heykəl
  23. Dreieck = Üçbucaq
  24. Kesselstein = Ərp
  25. Archaologe = Arxeoloq
  26. Belohnung = Mükafat, ödül, təltif
  27. Süchtig = Mübtəla, xəstə
  28. Sensation = Sensasiya

C.M.Cəfərovun lüğətindən birbaşa köçürülmüş belə misalların sayını dəfələrlə artırmaq olar. Xüsusi olaraq qeyd etmək istəyirik ki, alman sözlərinin burada verilən qarşılığı cənubi azərbaycanlılar üçün anlaşılmazdır. Ə.Yəzdani nümunə gətirdiyimiz alman sözlərinə qarşılıq üçün aşağıdakı sözləri əlavə etməli idi ki, cənubda başa düşülsün: 1) Sərdxanə; 2) Yəxçal; 3) Mürəxxəsi, tətil; 4) Gəzənə; 5) Çökkə, başmaq və ya paltar çökkəsi; 6) Midad; 7) Doşaxə; 8) Priz (lüğətdə 7 və 8-ci sözlərə eyni qarşılıq verilmişdir. Eyni ilə Bakıda nəşr edilmiş lüğətdə olduğu kimi. Cənubda prizə doşaxə deməzlər. Şimalda isə, ümumiyyətlə, belə söz işlənmir); 9) Tüfəngçi; 10) Xanədar xanım; 11) Nijadpərəst; 12) Azmayeşgah; 13) Sued; 14) Otriş; 15) Tənz; 16) Hüquq; 17) Moğul; 18) Rukeş, nazik taxtadan; 19) İstigahi-rahahən; 20) Atəşnişani; 21) Xodneviş; 22) Mücəssəmə; 23) Müsəlləs; 24) Kehrə; 25) Bastanşünas; 26) Caizə; 27) Mötad; 28) Cəncal.

Ə.Yəzdani Kugelschreiber sözünün qarşılığını “diyircəkli qələm” kimi vermişdir ki, Cənubi Azərbycanda bunu anlamayacaqlar. “Xodkar” yazsaydı, başa düşərdilər.

Maraqlıdır ki,  Ə.Yəzdani Avropa mənşəli sözlərin də ruslaşdırılmış variantını verib. Məsələn, Cənubi Azərbaycanda “avtoban” deyil, “otoban”, “avtomobil” deyil, “otomobil” deyilir.

Lüğətdə “Humorvoll” alman sözünün qarşılığı kimi, Yəzdaninin özündən əlavə etdiyi “xoşməşrəb” sözü ilə razılaşmaq olmaz. Tərtibçi “humor” sözünün mənasını dəqiq bilsəydi, burada “xoşməşrəb” sözündən istifadə etməzdi.

Məlumdur ki, Cənubi Azərbaycanda ərəb əlifbasından istifadə olunur. Belə olan surətdə o, nə üçün sözlüyünü latın əlifbası ilə tərtib edib? Səbəb budur ki, “Azərbaycan” sözünü “zal” əvəzinə “Ze” ilə yazan Ə.Yəzdani sözləri ərəb əlifbası ilə yazmaqda çətinlik çəkdiyindən, işini asanlaşdırmaq üçün bu yolu seçib.Belə düşünən olar ki, bəlkə o, Şimali Azərbaycandakı oxucuları da nəzərdə tutduğu üçün belə edib. Lakin bu fikirlə də razışlamaq olmaz. Çünki Şimali Azərbaycanda 9 germanist alimin tərtib etdiyi “Almanca-azərbaycanca” lüğət mövcüd olduğu halda qeyri-akademik və həvəskar səviyyədə tərtib edilmiş bir lüğətə nə ehtiyac ola bilər?

Üstəlik, Şimali Azərbaycanda “Almanca-rusca” lüğətlərdən də istifadə etmək imkanı var. Onu da qeyd edək ki, həmin lüğət 2007-ci ildə on min yeni söz əlavə edilməklə 25000 tirajla Bakıda yenidən nəşr olunub. Kitabın ikinci redaktoru Çərkəz Qurbanlı olub.

“İran Qlobal” saytında İsmayıl Por Məhəmmədi adlı bir şəxs Əhməd Ümid Yəzdaniyə lüğətlə bağlı belə bir sual verir: “Ağayi-Ümid Yəzdani, bəzilərinin dediklərinə görə, sizin lüğət Azərbaycan Elmlər Akademiyasının lüğətidir ki, uzun illər boyu üzərində işləyib əmək sərf etmişlər. Siz ona müəyyən dəyişikliklər edib öz adınıza çap etdirmisiniz. Belə bir ittihama cavabınız nədir?” Ümid Yəzdani bu sualın cavabında  yazır ki, “mən Azərbaycan Elmlər Akademiyasının almanca-türkcə (Azərbaycanca) lüğətini görməmişəm”. Yəzdani yaxşı bilir ki, İsmayıl Por Məhəmmədinin nəzərdə tutduğu lüğət elə həmin Bakı nəşridir ki, o, uzun illər ondan istifadə edib. Sadəcə olaraq o, Por Məhəmmədinin lüğəti nəşr edən müəssisənin adını səhv yazdığından sui-istifadə edərək ittihamdan boyun qaçırmaq istəyib.

Təbriz şəhərində doğulub boya-başa çatmış və orta təhsilini də orada almış şəxs nümunə olaraq göstərdiyimiz almanca sözlərin Cənubi Azərbaycandakı qarşılığını bilmədiyi halda, Şimali Azərbaycandakı qarşılığını necə biləcək? Axı iddia olunur ki, lüğət bütün Azərbaycana  aiddir. Bu fikirdəyik ki, Əhməd Yəzdaninin bu xüsusda 1971-ci ildə C.M. Cəfərovun redaktorluğu ilə Bakıda çap edilmiş lüğətdən başqa mənbəyi ola bilməzdi.

Məhəmmədəli HÜSEYNİ, Berlin