Elektron ədəbiyyat və sənət portalı

Hər suala bir cavab

Bölmə: Elm 11.12.2015

Gicitkən niyə dalayır?

Yer üzündə gicitkənin bir neçə növü var, amma onların heç də hamısının dalayan tükcükləri olmur. Buna baxmayaraq, gicitkənin necə daladığını yəqin hamınız bilirsiniz – toxunanda “dadını” görmüsünüz. Dalayan gicitkənlərin ən geniş yayılanı adi gicitkən, bir də Roma gicitkənidir. Həmin bu Roma gicitkəni dalayan gicitkənlər arasında mütləq çempion sayıla bilər.

Gicitkənin dalayıcı hərəkəti özünün mexanizminə görə meduza və aktiniya adlanan dəniz canlılarının qollarında yerləşən yandırıcı hüceyrələrin hərəkətinə çox bənzəyir. Bu hüceyrələrin içində nazik və çox iti iynələr var. Sakit vəziyyətdə yumrulanıb qalan bu iynələr kiçik bir toxunuşdan açılır. Gicitkənin tikanları isə bir hüceyrədən inkişaf edib tükcük şəklinə düşür. İti uclarında xırdaca yumaqlar var ki, onları əzilməyə qoymur. Əgər bu yumağa yüngülcə toxunsan, o an sınır və iti tükcük dəriyə sancılır. Tükcüyün içindəki dağıdıcı turşu dəridə qızartı əmələ gətirir, bəzən, xüsusilə ağır hallarda isə dəri örtüyündə yanıq kimi yaraların yaranmasına səbəb olur. Lakin gicitkənin saplağından yavaşca yapışsan, tükcüklər saplağa sıxılıb qalsa, ziyan çəkməyəcəksiniz.

 Elə güman etməyin ki, gicitkən insan üçün tamam faydasız bitkidir. Bir çox ölkələrdə onu böyük qazanlarda bişirərək ev heyvanları, quşlar üçün  əla yem alırlar. Amma bu bitkinin dadını yəqin biz azərbaycanlılardan yaxşı bilən olmaz. Bizimkilər yaz aylarında körpə gicitkəndən ləzzətli kətə bişirir ki, yedikcə, dadından doymaq olmur. Gicitkən kətəsi insanların vitamin azlığından əziyyət çəkdiyi mövsümdə, az qala can dərmanı sayılır...

Gicitkənin mayalanmış rişələrindən sarı, gövdə və yarpaqlarından yaşıl rəng alırlar. “Rami” adlanan Çin gicitkəninin zoğlarını emal edib ondan kəndir, qaytan, sap düzəldir, parça toxuyurlar.

 

Yer üzündə almanın neçə növü var?

Dünyada ən tələbkar, ağız dadı tam fərqli olan adamların zövqünü razı sala biləcək qədər alma növü var. Təkcə İngiltərədə iki min növ alma bitir. Əgər bütün dünyaya baxsaq, bu rəqəm bir neçə dəfə çox olacaq. Almanın vətəni, görünür, Avropanın cənub-şərqi, Asiyanın qərbidir. Hər halda bizə məlum olan budur ki, Avropada almanın müxtəlif növlərini hələ iki min il əvvəl yetişdirirdilər.

Qədim Romada bu meyvənin azı yeddi növündən geniş istifadə olunurdu. Yaxşı, bəs necə olub ki, müasir zamanda bu gözəl meyvənin bir belə növü var? Bütün zamanlarda öz bağlarında alma yetişdirən bağbanlar bu meyvənin yeni-yeni növlərini almaq üçün onun üzərində çoxlu təcrübələr aparırdılar. Məqsəd onun şaxtaya daha davamlı, daha məhsuldar, daha dadlı növlərini almaq idi.

Bu üsullara gəlincə, bir növdən olan ağacın tumurqcuğunu, yaxud pöhrəsini, başqa növdən olan cavan bir ağaca peyvənd edirlər. Bu yolla alınan yeni ağacın məhsulunda onun üçün “valideyn” rolunu oynamış sortların həm üstün, həm zəif cəhətləri əks olunacaq. Başqa bir üsul isə “çarpaz tozlanma” adlanır. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, bir növdən olan almanın çiçəklərini başqa növdən olan ağaclardan götürülmüş erkəkciklərlə tozlandırırlar. Bu halda da fərqli növ yaranır. İndi görün bu sahədə nə qədər iş aparılıb ki, dünyada bir belə alma növü var.

 

Banyan nədir?

Banyan nəhəng ağaclara aid olan ağac növüdür. Siz də bilirsiniz ki, təbiətdə nəhəng ölçülərə malik bütün məxluqlar sonradan çox böyük çətinliklərə məruz qalırlar və ağaclar da bu baxımdan qəti istisna deyillər.

Məsələn, həddindən ziyadə iri gövdəyə malik ağaclarda suyun, qida maddələrinin kökdən yarpaqlara çatdırılmasında problemlər olur. Özü də belə ağacların gərək möhkəm və bir xeyli qısa budaqları olsun ki, ağırlıq altında sınmasın. Belə ağaca geniş bünövrə də lazımdır – o, qol-budaqların ağırlığına davam gətirməlidir. Budaqlar çox uzun, ağır olsa, gövdə də bu, ya başqa səmtə əyiləcək və axırda ağac yıxılacaq.

Bu və bir çox başqa problemlər Hindistan və Malayziyada bitən nəhəng banyan ağacı üçün keçərli deyil. Ağac öz problemlərini orijinal şəkildə həll edə bilib.  Bu ağaclarda ən qəribə olan onların budaqlarının necə bitməsidir. Banyanın çoxsaylı, ağır budaqları əzəmətli gövdədən bütün istiqamətlərdə bitir. Gövdə nə qədər güclü olsa da, bu qədər ağırlığa, təbii ki, tab gətirmək iqtidarında deyil. Məsələnin ən maraqlı məqamı budur ki, budaqlar bu ağırlığın xeyli hissəsini öz üzərlərinə götürürlər. Onların hər birində qalın zoğlar olur ki, budaqdan düz torpağa kimi uzanır və banyan ağacının müstəqil kökünə çevrilir.

Bu zoğlar əvvəlcə ilbəil böyüyərək yerə çatır. Torpaqda möhkəmlənəndən sonra budaqlara əlavə dayaq olmaqla yanaşı, onu qida maddələri və su ilə də təmin edirlər. Tədricən onlar yeni gövdələrə çevrilir və nəticədə bəlli olur ki, banyan boya verməkdən daha çox, enə verir. Axırda əsas gövdənin ətrafında halqavarı “qalereyalar” əmələ gəlir və onların diametri bəzən 450 metrə çatır.

Maraqlıdır ki, bu qalereyalar pis havadan qorunmaq üçün çox əlverişli yerdir və yerli əhali banyan ağacının altında bazarlar düzəldir, yığıncaqlar keçirir, onlardan digər ictimai tədbirlər üçün istifadə olunur.

Bundan başqa, havada qalan hamar rişələrdən dümdüz payalar düzəldir, onların oduncağını əzərək möhkəm kəndir hörürlər. Banyanın nəhəng ölçülərinə baxmayaraq, al-qırmızı rəngdə çox xırda meyvələri olur. Yerli əhali bu meyvələri yemir, lakin gecə quşları və yarasalar üçün bu meyvələr çox ləziz təamdır.

 

Kokos qozası necə bitir?

Yəqin hamınız bilirsiniz ki, kokos qozaları, ya da daha sadə desək, kokos, palmalarda bitir. Onun meyvələri çox sərt qabıqla örtülüdür – bu qabıq onların yeməli hissəsini zədələnməkdən qoruyur: axı kokos yetişəndə ağacın başından birbaş yerə düşür! Kokos qozalarının diametri 8-20 santimetr arasında olur. Sərt qabığın düz altında çox da qalın olmayan bir qat var – ağ rəngdə, yumşaq bir qat. Onun ortasında isə dadlı kokos südü olur. Əgər siz kokos qozasını yaxından görmüsünüzsə, yəqin fikir vermisiniz ki, onun qabığında üç dənə xırda “gözcük” olur. Bu “gözcük”lər inkişaf etməmiş tumurcuqlardır. Kokos qozasını torpağa əkəndə bu tumurcuqlardan biri cücərir və bir müddətdən sonra palmaya çevrilir.

Amma bu palmanın məhsul verməsi üçün azı səkkiz il vaxt lazımdır. Yetkin kokos palması il boyu çiçəkləyir və onun üzərində daim iki-üç qoza olur.

Lakin bu qozaların yetişməsi uzun işdir. Nəticənin hasil olması ağacın bitdiyi torpaqdan, ağacın növündən asılı olaraq, bir neçə aydan bir ilədək, hətta daha artıq sürə bilər. Bir ağacda il ərzində orta hesabla əlli qoza yetişir. Kokos palmalarının hündürlüyü növündən asılı olaraq, 6 metrdən 20 metrədək dəyişir. Ağacın hamar gövdəsində budaq olmur və yalnız lap kəlləsində uzunluğu 3-6 metr olan enli yarpaqlar görərsən. Kokos palmaları dəniz səthindən 900 metrədək yüksəklikdə bitə bilir. Amma onları ən çox daha aşağılarda əkirlər.

Bu ağacların xüsusiyyətlərindən biri dəniz suyunun lap yaxınlığında bitməsidir. Amma sizə elə gəlməsin ki, kokosun duzlu suya ehtiyacı var. Elə deyil. Sadəcə, bu ağacın dayaz kökləri yerin üstündəki rütubəti özünə yaxşı çəkir. Kokosun qabığı duzlu dəniz suyunda xarab olmur. Bu, o deməkdir ki, dənizin dalğaları suya düşmüş qozanı lap uzaqlara apara bilər və bir də görərsən ki, kokosun nə olduğunu bilməyən yerlərdə də cavan palmalar bitdi!

 

Niyə əncirin toxumu çox olur?

Əncir yer üzündəki meyvələrin ən qəribələrindəndir. İnsan onun qiymətini tarixin ən qədim dövrlərindən bilib. Bir zamanlar onu ən nadir təam kimi fironların qarşısına qoyurdular. Sonralar isə o, bir qarnı ac, bir qarnı tox qulların az qala yeganə yeməyinə çevrildi. Amma əncir yalnız qida deyil, onun şirəsindən spirt, şərab və parçalar üçün boyaq alırlar. Onun enli, sərt yarpaqlarından fil sümüyünün pardaqlanmasında istifadə olunur. Əncir ağacının qabığından möhkəm kəndirlər hörürlər. Əncirin çox növü var və onların arasında ən dadlısı İzmir ənciri hesab olunur– təbii ki, bunu bizim Abşeronun kəhrəba əncirindən dadmayanlar söyləyir.

Əncirin girdə, ətli meyvələri, zahirən boğazında xırda deşik olan bir kisəyə bənzəyir. Bu kisənin içində meyvənin ətli hissəsindən savayı tozcuqlar və bizim, toxum, yaxud çəyirdək adlandırdığımız şeylər də var. Amma əslində, onlar toxum yox, əncirin əsl meyvələridir! Ümumiyyətlə, İzmir əncirinin çoxalması prosesi çox maraqlıdır. Məsələ bundadır ki, onun çiçəkləri yalnız Kapri əncirinin tozcuqları ilə mayalanmalıdır. Həmin bu Kapri əncirinin meyvələrində erkəkciklərin kifayət qədər çox olmasına baxmayaraq, onu meyvədən çıxarıb tozlanan çiçəyə yalnız bir həşərat çatdıra bilər – xırda əncir arıları. Bu arılar Kapri əncirinin içində yumurta qoyana kimi yaşayır, sonra meyvəni tərk edir və qanadlarına yapışan tozcuqlarla bir yerdə uçub gedir.

Bundan sonra həşərat İzmir əncirinin içinə girir və bu zaman qanadlarındakı tozcuqların bir hissəsi çiçəyin üzərinə tökülür.  

 

Tapioka nədir?

İsti iqlimli ölkələrdə yetişdirilən, iri kolun köklərindən alınan nişastadan düzələn yarmaya tapioka deyirlər. Bitkinin özü isə manioka adlanır. Onun köklərinin üçdə biri nişasta, üçdə ikisi sudur. Bu köklərdən nişasta alınması xeyli vaxt və əmək istəyir. İlk növbədə maniokanın köklərini suda yuyur, onların qabıqlarını təmizləyirlər. Sonra kökləri suya yatırırlar və bir neçə gün ərzində isladırlar. Bəzən isə kökləri xırda-xırda doğrayıb sürtkəcdən keçirərək pasta alırlar. Bu pastadan bilavasitə xörək bişirəndə istifadə etmək də olar, onu qurudaraq un da almaq olar. Manioka düzəldəndə xırda-xırda doğranmış kökü təmiz su ilə qarışdırmaq lazımdır, sonra bir müddət ona toxunmurlar. Təmiz nişastadan ibarət hissəciklər yavaş-yavaş suyun dibinə çökür, bütün kir isə sudan asılı vəziyyətdə qalır.

Sonra nişastanı çıxarır, üzərinə yenə təmiz su tökürlər, dənələr yumşalaraq, bir-birinə yapışır və axırda yarma kimi bir şey əmələ gətirir. Bu yolla alınmış məhsul tapioka adlanır. Tapioka Avropa və Amerikaya daha çox Yava, Madaqaskar və Braziliyadan gətirilir. Avropa və Birləşmiş Ştatlarda ondan pudinq hazırlayır, onu şorba və souslara əlavə edirlər. Lakin Cənubi Amerikada və Afrikada ondan ya pasta, ya un şəklində istifadə edirlər.

 

Müxtəlif ədvalar hardan yaranıb?

Təbiətdə cürbəcür bitkilər var. Buna görə də onların çoxundan tibb və ətriyyat işində istifadə olunması heç də təəccüblü deyil. Otlardan, bitkilərdən çox geniş istifadə olunan sahələrdən biri də kulinariyadır. Hamınız bilirsiniz ki, adi bir xörəyə də cürbəcür ədviyyat əlavə etməklə, onu qeyri-adi bir təama çevirmək olar. Özü də ədvaların bəzilərinin o qədər güclü dadı və qoxusu olur ki, onlardan istifadə edərkən çox ehtiyatlı olmaq lazımdır.

Yer üzündə saysız-hesabsız ədva var, ona görə də onların yalnız Avropada geniş yayılanları üzərində dayansaq, daha məqsədəuyğun olar.

Reyhan – yumşaq, şirintəhər dadı olan, tamından azca istiotu xatırladan ədva. Onu adətən salatlara və kəskin dadlı qəlyanaltılara qatırlar.

Adaçayı yağlı xörəklərə uyğundur. Onun güclü qoxusu olur. Pendirə maraqlı qoxu vermək üçün onu adaçayı yarpaqlarına bükürlər.

Başqa bir ədvanın – kəklikotunun bir neçə növünü tanıyırıq. Onun doğma vətəni Aralıq dənizi ətrafındakı ölkələrdir. Amma kəklikotu Azərbaycanın dağlıq ərazilərində də geniş yayılıb. Onun kəskin, özünəməxsus dadı var. Bizdə bu otdan çay dəmləyir, onu, əti basdırma edərkən işlədirlər. Kəklikotundan həm qurudulmuş, həm də təzə yığılmış halda istifadə etmək olar.

Mixəyi həm şirin, həm də acı xörəklərə qatırlar. Şirintəhər, kəskin qoxulu ədvadır. Mixək Molukk adalarında bitir.

Nanənin dadı da, qoxusu da hamıya yaxşı tanışdır. Onu insanlar çox qədim zamanlardan yeməyə qatır, dəmləmələrini içirlər. Nanə haqqında hələ yunan mifi də var. Deyirlər ki, bir ilahə qısqanclıq zəminində rəqibi olan bir nimfanı həmin bu bitkiyə çevirib.

Kəklikotu, reyhan, adaçayı, rozmarin, mərzə kimi, nanə  də dodaqçiçəklilər fəsiləsinə aiddir. Nanənin 20-25 növü var, cürbəcür xörəklər və saqqızlarda ən çox sadə nanədən istifadə olunur.

 

Muskat cevizi nədir?

Muskat cevizi ən əvəzsiz və geniş yayılmış ədvalardan biridir. Bu ceviz tropik bir meyvənin “çəyirdəyidir”. Yer üzündə 80-ə yaxın ağac və kolun meyvələrində muskat cevizi gizlənir. Bu ağac və kollar əsas etibariylə Filippində, Molukk adalarında və Braziliyada bitir. Onların arasında ən geniş yayılanı qoxulu muskat ağacıdır. Bu gözəl həmişəyaşıl ağacın hündürlüyü 7 metrə çatır. Ağacın gövdəsində lap dibdən tutmuş zirvəsinədək budaqlar olur. Bu budaqlarda qoxusundan zanbağı xatırladan xırda sarı çiçəklər açır.

Ağac, əkiləndən 8 il sonra çiçək açır və meyvə verməyə başlayır. Çiçəkləmə və məhsulgətirmə prosesi fasiləsiz olaraq bütün ilboyu davam edir. Lakin ağacdan əsas məhsulu dörd aydan bir toplayırlar. Bu ağacın meyvələri ölçü və formasına görə armudu xatırladır. Yetişəndə onların rəngi qızılı olur, meyvə ortadan iki yerə ayrılır. Meyvənin ətli hissəsi qırmızı rəngdədir, içində cevizə oxşayan çəyirdək var. Bu çəyirdəyin içində muskat cevizinin ədəva kimi istifadə olunan hissəsi yerləşir.

Cevizin dənəsini meyvənin ətli hissəsindən ayırıb onları xüsusi sobalarda qurudurlar ki, qabıqları çatlasın. Bundan sonra onları sobadan çıxarır, qabığını təmizləyirlər və muskat cevizi istifadə üçün tam hazır olur. Cevizin qiymətli xüsusiyyətləri itməsin deyə, onları uzaq məsafələrə daşıyanda, yaxud xeyli müddət saxlayanda bütöv saxlayırlar. Amma müxtəlif yeməklərə muskat cevizini döyülmüş vəziyyətdə əlavə edirlər. Xörək bişirmək üçün yararlı olmayan, aşağı keyfiyyətli cevizlərdən isə muskat yağı deyilən cövhər düzəldilir.

 

Tozlanma nədir?

Çiçəklər örtülütoxumlu (başqa sözlə desək, çiçəkli) bitkilərin çoxalma orqanıdır. Yəni çiçək hər hansı bir bitkinin erkəkciklərinin, ya toxumunun, yaxud da onların hər ikisinin birdən yaranması üçündür. Çiçəyin ən vacib hissələri erkəkciklər və dişiciklərdir. Bir çox çiçəklərin ( amma hamısında yox) ortasında dişicik (bir, yaxud bir neçə) və onu dövrəyə almış erkəkciklər olur. Dişiciyin aşağı hissəsindəki qalın sahədə toxum tumurcuqları olur ki, onların hər biri münbit şəraitdə inkişaf edib toxuma çevrilir. Toxum tumurcuğunun ən mühüm hissəsi xırda yumurta hüceyrəsidir. O qədər kiçik olurlar ki, onları yalnız mikroskop altında müşahidə etmək mümkündür. Hər erkəkciyin başında isə içərisi tozcuqlarla dolu kisəciklər olur. Mayalanma mövsümü yetişəndə bu kisəciklər açılır və çox xırda toz şəklində olan sarı rəngli tozcuqlar ətraf mühitə düşür.

Toxumun yaranması üçün bu tozcuqların hər hansı bir yolla dişiciyə düşməsi lazımdır. Tozcuğun dişiciyə istənilən yolla daşınmasına tozlanma deyirlər. Tozlanmanın çox üsulu var. Onların ən sadəsi tozcuğun özünün dişiciyə düşməsidir: bu üsul özünütozlandırma adlanır. Lakin tozlanma prosesində daha çox ya külək, ya da həşəratlar iştirak edir. Külək otkimilərə aid olan əksər növləri (yalnız sadə çəmənlik otlarını deyil, həm də buğda və digər taxılları) tozlandırır. Bu tozlanmanın mexanizmi çox sadədir. Külək bitkini silkələyərək, erkəkciyin tozcuğunu yerindən çıxarır, onu götürüb bütün zəmiyə səpir. Bu tozcuqların bir qismi dişiciklərə qonur ki, bununla da mayalanma baş verir, yəni toxum əmələ gəlir. Mayalanma tez-tez həşəratlar vasitəsiylə də baş tutur.

Bunu, adətən çiçəklərinin parlaq rəngi, yaxud güclü qoxusu olan bitkilərdə müşahidə etmək olar. Qoxu və rəng, həşəratları cəlb edir. Onlar nektar və tozcuq axtararaq çiçəyin üzərinə enirlər. Həşəratlar nektardan bal düzəldirlər, tozcuq isə onların yemidir. Bu zaman tozcuqların bir qismi onların bədənlərinə, qanadlarına yapışır. Arı növbəti çiçəyə qonanda isə, həmin tozcuqlar başqa çiçəyin dişiciyinə düşür.

 

Onurğalılar nədir?

Necə bilirsiniz, qarğanı, köpək balığını, pitonu, qurbağanı, iti, insanı birləşdirən bir cəhət varmı?

Əgər müsbət cavab verdinizsə, haqlısınız, çünki yuxarıda sadaladığımız bütün canlıların ümumi bir cəhəti həqiqətən də var – onların hamısının onurğası olur. Onurğa bütöv bir sümük deyil. O, bir-biriylə əlaqəli xırda sümüklərdən – fəqərələrdən ibarətdir. Onurğanın olub-olmaması o qədər mühüm, həlledici rol oynayır ki, alimlər onurğası olan bütün heyvanları ayrıca bir ailəyə - “onurğalılar” ailəsinə aid edib. Bütün qalan heyvanlar – molyusklar, həşəratlar, qurdlar və sairə “onurğasızlar”a daxildir.

Əsl onurğalılarda onurğa sütununun bir başına sümük qutuya oxşayan kəllə birləşir. Onun içində heyvanın baş beyni yerləşir. Onurğa sütununun yanlarında, fəqərələrin çökəkliklərində gizlənmiş sinir kələflərindən kəlləyə sarı qalın sinirlər gedir. Bu kələflər və qalın sinir telləri onurğa beynini əmələ gətirir. Yan tərəflərdən onurğa beyninə daha nazik sinirlər birləşir – onların digər ucu isə onurğalı heyvanın bədəninin bütün hissələrinə paylanır.

Onurğalıların daha bir səciyyəvi cəhəti, onlarda ayrıca qan dövranı sisteminin mövcudluğudur. Bu sistem bir-birinə birləşmiş damarlardan ibarətdir. Bu damarlar qida maddələrini, oksigeni orqanizmin hər bir hüceyrəsinə çatdırır. Xırda damarlar birləşərək daha irilərini – vena və arteriyaları əmələ gətirir ki, onların ən əsasları qan dövranı sisteminin mərkəzində qərar tutan ürəyə gedir. Onurğalılar, bütün qalan heyvanlardan özlərinin yaxşı inkişaf etmiş dayaq-hərəkət aparatı ilə fərqlənirlər. Bu aparat skeletdən başqa, əzələ və vətərlərdən ibarətdir. Fəqərə sütununa qabırğalar və qalan sümüklər birləşir ki, onların da üzərində heyvanın aşağı və yuxarı ətrafları yerləşir.

Onurğalıların ətraflarının sayı heç vaxt dörddən çox olmur, bəzi heyvanlarda, məsələn ilanlarda həmin bu ətraflar, ümumiyyətlə, yoxdur. Ətraflar formaca çox müxtəlif ola bilər. Quşlarda əfrafların bir cütü təkamül nəticəsində qanada, insanda isə bir cütü ələ, digər cütü ayağa çevrilib. Onurğalıların tipik nümayəndələrinin quyruğu da olur. Lakin onların bəzilərində təkamül nəticəsində ətraflar, ümumiyyətlə, yoxa çıxdığı kimi, insan da öz mövcudiyyətinin lap ilkin dövründə quyruğunu itirib.