Elektron ədəbiyyat və sənət portalı

Nadir şahın monoloqu

Bölmə: Monoloqlar 07.08.2018


Nərman Nərimanov 
"Nadir şah" 
Nadir şahın monoloqu

Of!....  Nə halətdir, pərvərdigara!

Gözlərim torlanır. (Birdən qorxub durur, guya gözünə adam görünür.)

 Kimsən? Hə? Qatildir! (Geri çəkilir.)

Məni.... Məni öldürmək istəyir, hə? Yox... yox.... (başını tutur.)

Pərvərdigara! Ölüm mənə vacibdir. (Dizi üstə durur.)

Ancaq istəyirəm göz yaşım ilə günahlarımın minindən birini təmizləyim. Mən gərək ağlayam, qanlı yaşlar tökəm, oğlum təki kor olam, ondan sonra əmr özünündür. Mənim naləmdən yer-göy gərəkdir mələyə, ondan sonra ixtiyar sənindir. Mən gərək yaman-yaman dərdlərə mübtəla olam....  (Ağlayır.)

Ağla, gözlərim, ağla! Dünyanın işığına oğlum kimi gərəkdir həsrət qalam. (Başını iki əli ilə tutub aşağı baxır, ağlayır.)

 

***

Nadir şah (yavaş-yavaş yıxılır). Pərvərdigara! Günahım çoxdur! Yaman dərdlə ölürəm, nahaq yerə. Heç kəsə pislik etməmişəm. Hər kəsə də yamanlıq etmişəm, ümumi xeyiri nəzərdə tutmuşam. “Vətən salamat qalsın” fikrində olarkən canımı vətənin və millətin yolunda sərf ... etmişəm....  Oğlumun gözlərini vətənə qurban etmişəm. (Ağlayır, yavaş-yavaş yıxılır.) Biçarə anasını axirətədək gözü yaşlı qoymuşam.... Pərvərdigara! Özün kömək et bu başsız millətə! Ya rəbbim! Bir neçə dəqiqə canımı alma, tainki oğlumu görəm....