Qiymətini ölümündən sonra alan yazıçı

Bölmə: Art 04.08.2018

Fransa ədəbiyyatının görkəmli nümayəndəsi Stendal psixoloji realizm janrının banilərindən sayılır. O, roman və novellaları ilə məşhurdur.

Əsl adı Mari Anri Beyl olan Stendal 1783-cü il yanvarın 23-də Qrenoblda vəkil ailəsində dün­yaya gəlib. Anasını hələ yeddi yaşında itirərək atasının və xalasının himayəsində yaşayıb. Ancaq heç vaxt onlarla ünsiyyə­ti alınmayıb, balaca oğlana yalnız babasının diqqəti və isti münasi­bəti xoş təsir göstərib. O, sonralar bu barədə öz avtobioqrafik əsə­rində də yazıb.

Stendal atasının təklifinin əksinə gedərək, Jakoben hə­rəkatına üzv olur, Fransa intibah dövrünün azad və ateist ideal­larını mənimsəyir. 1799-cu ildə Texniki Məktəbdəki təhsilini yarımçıq qoyub orduya yazılır, 1800-cü illərdə Napoleonun İta­liya, Avstriya, Almaniya və Ru­siyaya qarşı hərbi yürüşlərində iştirak edir.

Hər şeydən əvvəl Fransa Burjua İnqilabının davamı olaraq gördü­yü və dinamik bir dövr kimi xa­rakterizə etdiyi bu dövrün ona elə böyük təsiri olur ki, uzun müddət bu təsirdən çıxa bilmir. Bu barədə o, "Napoleonun hə­yatı" adlı əsərində ətraflı bəhs edir. Napoleonun məğlubiyyətindən sonra sahib olduğu hər şeyi itirən Stendal Fransanı tərk edərək, əsərlə­rində mədəniyyətini yüksək dəyərləndirdiyi İtaliyaya köçür. 1830-41-ci illərdə Vatikanın fransız səfiri vəzifəsini icra edir. İlk kitablarını da bu­rada yazır.

Faciəvi sonluqla bitən "Sevgi barədə" adlı psixolo­ji əsəri insana köklü təsir edən bir obyektivliyə çatmaq cəhdi daşıyır və bu yanaşma sonralar yazacağı bütün ki­tabların əsasını təşkil edir. Stendalın romantik sənət nü­munəsi kimi təqdim etdiyi "Rasin və Şekspir"də də bu ovqat müşahidə olunur.

Yazıçının "Armans" və "Qırmı­zı və qara" adlı romanları isə insanların şəxsi ideallarını və arzularını reallaşdıra bilməmələrindən və özlərini alçaltmaq bahasına olsa da, yüksəlmək ehtiraslarından bəhs edən həyati əsərlərdir. Realist səpkili romanları arasında yer alan "Parma monastırı" Stendalın sağlığında nəşr edilib, "Anri Brulardın həyatı" adlı avtobioqrafik ro­manı və yarımçıq "Amiel" əsəri isə müəllifin ölümündən sonra işıq üzü görüb.

“Qırmızı və qara" Stendal ya­radıcılığının zirvəsi hesab edilir. Ro­mandakı hadisələr 1830-cu il Fransa inqilabından sonrakı dövrü əhatə edir. Yazıçı əsərində kəskin ictimai mövqe sərgiləyib. O, bu mövqeyini cəmiyyə­tə üsyan edən Julyen Sorel adlı qəhrə­manın şəxsində nümayiş etdirib.

Jülyen Sorel kilsə xadimi olmaq is­təyən savadlı, şöhrətpərəst bir gənc­dir. Cəmiyyətdə üstün mövqelərə nail olmağın yolu yalan və riyakarlıq­dan keçdiyinə görə gənc din xadimi yeni oyun qaydalarını məmnuniy­yətlə qəbul edir, bu yolda qanlı cina­yət törətməkdən belə çəkinməyərək həyatını faciəli sonluqla başa vurur.

Eyni mövzunu "Parma monastırı"nda da davam etdirən Stendal cəmiy­yətin qadağalarına sorğu-sualsız əməl edən italyan əsilli Fabrike de Danqonun sonda bir şəxsiyyət kimi məhv olduğunu təsvir edir.

Əsərlərini bəzək-düzəksiz dillə qələmə alan yazıçının təsvirləri an­caq reallığa xidmət edir. Romantizm dövründə yaşamış Stendalın realist əsərləri kifayət qədər qiymətləndirilməyib. Ümu­miyyətlə, Fransa ədəbiyyatının ən önəmli nümayəndələrindən olan Stendal sağ ikən layiq olduğu diq­qəti görməyib. O, əsl qiymətini öldükdən sonra alan yazıçılardandır. Stendal kiçik bir kəsim üçün əsərlər yazdığını iddia etsə də, 1842-ci ildə Parisdə vəfat etdikdən sonra əsərlərinin səsi uzaq nəsillərə qədər gedib çıxa bildi.

XIX əsrin sonlarında kapitalist cə­miyyətində yaranan problem­lər özünü kəskin şəkildə göstərəndə Stendalın kapitalizmə qarşı çıxan qəhrəmanları da geniş oxucu kütləsinin marağına səbəb oldu. Daha sonralar isə yazıçının əsərləri bir çox dillərə çevrildi, əsasında saysız-he­sabsız filmlər çəkildi.

 

Sevinc Fədai