Con-Antuan No – Qonkur mükafatının ilk qalibi

Fransanın ədəbiyyat sahəsində ən nüfuzlu mükafatı olan Qonkur mükafatı (le prix Goncourt) XIX əsrin məşhur fransız yazıçıları Edmon və Jül de Qonkur qardaşları tərəfindən təsis edilib. Qonkur qardaşları ədəbiyyatda naturalizm cərəyanının Emil Zolyadan sonra ən önəmli nümayəndələri hesab olunur.

Edmon de Qonkur (1822-1896) Parisdəki Kondorse liseyində təhsil alıb. Dövrünün görkəmli yazarları olan İvan Turgenev, Pol Qavarni, Qüstav Flober, Alfons Dode, Emil Zolya, Gi dö Mopasan, Teodor dö Banvil və başqaları ilə dostluq edib. O, əsərlərinin bir hissəsini qardaşı, fransız yazıçısı Jül de Qonkur (1830-1870) ilə müştərək yazıb.

1848-ci ildə çox sevdikləri anaları vəfat etdikdən sonra qardaşlar özlərini tamamilə ədəbiyyata həsr edirlər. 1862-ci ildə gələcəkdə onların adını daşıyacaq və ədəbiyyat xadimlərinə mükafatlar təqdim edəcək akademiyanın yaradılması haqqında vəsiyyətnamə yazırlar. Edmon de Qonkur 1892-ci ildə bu vəsiyyətnaməni rəsmi qaydada notariusda təsdiqlədir. Nəhayət, 1900-cü ildə Qonkur Akademiyasının ilk iclası keçirilir. O dövrün Nazirlər Şurasının sədri Emil Konbun 1903-cü il 19 yanvar tarixli qərarı ilə Qonkur Akademiyası rəsmən yaradılır. İlk Qonkur mükafatı 1903-cü ilin dekabrından təqdim olunur. İlk mükafata isə, fransız yazıçısı və şairi, simvolizm cərəyanının nümayəndəsi Con-Antuan Noya təqdim olunub

Con-Antuan No (John-Antoine Nau) 1860-cı il noyabrın 19-da ABŞ-ın San-Fransisko şəhərində doğulub və 1918-ci il martın 17-də Fransanın Trebul (Bretan əyaləti) şəhərində vəfat edib.

Yazıçının qohumları və dostları ona (Jino) təxəlüsünü vermişdilər (fransızca yazılışı – « J. Nau »). Onun adındakı John amerikan, Antuan isə, fransız mənşəlidir. « No » sözü katalan dilində gəmi deməkdir. Qeyd edək ki, İqnas No adlı Haiti şairi də olub.

Con-Antuan No 1845-ci ildə Fransadan Kaliforniyaya mühacirət etmiş fransız mühəndisi və sahibkarının ailəsində dünyaya gəlib. 1866-cı ildə ailəsi Havra, 1877-ci ildə isə Parisə köçür. Con-Antuan Havr liseyində, sonra isə Parisdə Rolən kollecində təhsil alır. Parisdə yaşayarkən « Chat noir » (« Qara pişik ») jurnalı ilə əməkdaşlıq edir. Yaxınları məmur olmağını istəsə də, o, başqa yol seçdi.

1881-ci ildə o, Haiti ilə Antil adalarında üzən ticarət gəmisində losman köməkçisi vəzifəsinə işə düzəlir. Amma bir gün dənizdə üzərkən qopan dəhşətli fırtına onu bu işdən imtinaya sövq etdi. O, bu fırtınanı özünün məşhur «Düşmən qüvvə» romanında təsvir edir. 

Fransaya qayıdan yazıçı 1885-ci ildə ailə həyatı qurur. Gənc ailə bal ayı dövründə Martinik adasına gedərək bir il orada yaşayır. Onlar həmişəlik burada yaşamaq istəsələr də, ailə məsələləri ilə bağlı Fransaya qayıtmalı olurlar. 1897-ci ildə yazıçı Con-Antuan No imzası ilə, şəxsi vəsaiti ilə «Au seuil de l’espoir»  («Ümidin astanasında») ilk şeirlər toplusunu çap etdirir. O, tez-tez yaşayış yerini dəyişirdi. Ailə bir müddət İspaniyaya məxsus Kanar adalarında və Portuqaliyada yaşamalı olur. Puerto-de-la-Orotavada « Düşmən qüvvə » romanını yazmağa başlayır və əsəri Əndəlüsdə yekunlaşdırır. 1903-cü ildə yenidən şəxsi vəsaitiylə romanı «La Plume» («Qələm») jurnalının nəşriyyatında çap etdirir. Con öz ədəbi fəaliyyətindən qazanc əldə etmək məqsədi güdmürdü, yalnız özü üçün yazırdı.  Əsərlərinin çoxu müəllif dünyasını dəyişəndən sonra nəşr olunmuşdu.

1903-cü ilin dekabrında Con-Antuan No «Düşmən qüvvə» romanına görə, ilk Qonkur mükafatına layiq görüldü.

Nonun yazıçılar, şairlər və rəssamlar arasında xeyli dostları var idi. Onlardan Röne Gil, Apoliner, Jan Ruayerin adlarını çəkmək olar. Məhz Jan Ruayer dostunun ölümündən sonra onun əsərlərinin, yazışmalarının mühüm hissəsinin nəşrini həyata keçirərək, ona «cəngəlliklər mələyi» təxəllüsü vermişdi.

                                                                                               Fuad Həsənoğlu