Elektron ədəbiyyat və sənət portalı

Quranın Azərbaycan dilinə ilk tərcüməçisi

Bölmə: Tərcümə sənəti 31.07.2018

Sovet təbliğat maşınının “səyi” nəticəsində dinlə əlaqəsi olan hər bir kəs "molla" adının çətiri altına yığılıb, qaragüruh, mövhumatçı damğası almışdı. Halbuki elə din xadimlərimiz olub ki, elmi, təhsili təbliğ etdiklərinə görə, məhz qaragüruhçu mollalar tərəfindən təqib olunublar. Onlardan biri də Quranın Azərbaycan dilinə ilk tərcüməçisi, maarifçi ziyalı Mir Məhəmməd Kərim Ağa Cəfərzadədir.

 

Mollaların düşməni...

 Mir Məhəmməd Kərim ağa Cəfərzadə Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri onu təqib etməyə başlamışdılar. Bu barədə Ədəbiyyat və İncəsənət Arxivinin işçisi, tədqiqatçı Aslan Kənan “XX əsrdə repressiyaya məruz qalanlar" kitabında yazır: “Qurani-Kərimin ilk tərcüməçisi axund Mir Məhəmməd Kərim ağa xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında misilsiz xidmətləri olan məşhur din xadimi olub. Axund Mir Məhəmməd Kərim ağa İçərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir.

O, müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri tərəfindən ona qarşı hücumlar başlamışdı. Mollalar istəmirdilər ki, camaat Qurani-Kərimi dərindən mənimsəsin. Qurandan xəbəri olmayanları aldatmaq, bu müqəddəs kitaba istədikləri kimi şərh vermək bəzi mollalara sərfəli idi. Mir Məhəmməd Kərim ağa, həmçinin, müqəddəs kitabımızın üçcildlik təfsirini (izahını) hazırlayıb, Quranla birgə məşhur neft milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin köməkliyi ilə 1904-cü ildə “Kaspi" qəzetinin Bəxariyə mətbəəsində çap etdirmişdi. Onun bu zəhməti müqabilində Hacı Zeynalabdin Tağıyev Mir Məhəmməd ağaya kitabları ağırlığında qızıl da bağışlamışdı".

Qızlara təhsil vermək təklifi...

 Mir Məhəmməd Kərim ağa Cəfərzadə ilk təhsilini yaşıdları kimi, doğulduğu Bakı şəhərindəki mədrəsədə alıb. Fitri istedadını görən atası təhsilini davam etdirmək üçün onu İraqın Bağdad şəhərinə göndərir. Mir Məhəmməd Kərim ağa burada on il tam təhsil aldıqdan sonra vətənə qayıdır. İçərişəhərdəki “Şah məscidi"nə axund, sonra isə yüksək bilik və bacarığına görə Bakı quberniyasının qazisi təyin edilir. Aslan Kənan yazır: “Mir Məhəmməd Kərim ağanın qızlara təhsil vermək təklifi qaragüruhçu ruhanilərin qəzəbinə səbəb olmuşdu. Onlar avam camaatı ayağa qaldırıb, bəzən onları “cihad"a çağırmaqdan belə çəkinməyiblər. Lakin qız məktəbini açmaq təklifini H.Z.Tağıyev bəyənmişdi və buna görə də, şəhərin maarifpərvər axundlarından bir neçəsini öz vəsaiti hesabına Məkkəyə, Kərbəlaya, Xorasana, Məşhədə və s. yerlərə göndərir və tapşırır ki, orada olan mötəbər, rəsmi din xadimlərindən müsəlman qızlarının şəriət məktəblərində təhsil ala bilməsi və burada heç bir qəbahət olmadığı barədə sənəd alsınlar. Bununla da axund Mir Məhəmməd Kərim ağa və digər sağlam fikirli ruhanilər qaragüruhçuların təqiblərindən xilas olurlar".

“Antisovet Quran”...

 XX əsrin əvvəllərində xalqın içərisindən çıxan ziyalı insanlar xeyriyyə cəmiyyətləri yaratmağa başlayırlar. Onlardan biri də Mir Məhəmməd Kərim ağanın rəhbərlik etdiyi “Nəşri-savad və maarif” cəmiyyəti idi. Adından da göründüyü kimi, cəmiyyətin məqsədi Bakıda yaşayan müsəlmanlar arasında elm və maarif yaymaq idi. Cəmiyyətin katibi Əhməd bəy Ağayev idi.

Mir Məhəmməd Kərim ağa tərcüməçilik fəaliyyətilə də məşğul olub. O, Şərq dillərindən ­­­– əsasən, ərəb dilindən bir sıra əsərləri Azərbaycan dilinə tərcümə edib. Böyük ərəb yazıçısı, alimi Cürci Zeydanın İslam tarixinə aid on yeddi romanından beşini – “Əzrayi-Qüreyş", “Kərbəla yanğısı", “Osmanlı inqilabı", “İslamın mədəniyyət tarixi", “On yeddi Ramazan" tarixi romanlarını Azərbaycan dilinə çevirib. O, Şam və Fələstində müsəlmanlarla xristianlar arasında gedən iki yüz illik (490-690) müharibəni təsvir edən “Səlib müharibəsi" romanını yazıb və 1913-cü ildə nəşr etdirib.

Lakin bütün bu maarifçi xidmətləri onu sovet repressiya maşınının cəngindən qurtara bilmədi. Qala-Maştağa rayonu antisovet elementlərin (ASE) siyahısından çıxarışda belə yazılmışdı: “Mir Məhəmməd Kərim Mir Cəfər oğlu – 70 yaşında, keçmişdə Qazi, səsdən məhrum edilmiş, məşğuliyyəti müəyyən edilməmiş, Mərdəkan kəndindən, mühakimə olunmamış. Keçmiş Zaqafqaziya "Qazi"si, gizli şəkildə dinin təbliği ilə məşğuldur, çadranın atılmasına qarşı təbliğat aparır və qadınların ictimai işlərdə iştirakının əleyhinədir".

13 fevral 1938-ci ildə tərtib olunmuş “Axtarış protokolu"nda göstərilirdi ki, M.K.Cəfərzadənin evində axtarış aparılan zaman C/V 183877 saylı pasport və müxtəlif antisovet Quranlar aşkar edilib. 14 fevral 1938-ci ildə Ziyalovun imzası ilə Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Cəfərzadənin həbsi üçün order yazılır və həmin gün Axund Mir Məhəmməd Kərim ağa XDİK-nin Maştağa rayon şöbəsi tərəfindən həbs edilir.

Amma əslində Mir Məhəmməd Kərim ağa 1853-cü ildə doğulmuşdu (Aslan Kənan bu tarixin 1855-ci il ola biləcəyini də ehtimal edir). Həbs olunanda – 1938-ci ildə onun 85 yaşı olub. Həbs olunma anketində isə onun təvəllüdü 1872-ci il göstərilib. Çünki heç bir dövlətdə 85 yaşlı insanı günahı olmadan nəinki güllələmir, heç dustaqxanaya da salmırlar.

Maraqlıdır ki, ona qarşı ittihamnamədə Mir Məhəmməd Kərim ağanın qadınların ictimai-siyasi həyatda iştirakına qarşı olduğu qeyd olunub.

1938-ci il martın 2-də Mir Məhəmməd Kərim ağaya güllələnmə hökmü çıxarılır. Hökm martın 15-dən 16-na keçən gecə icra olunur.

1956-cı ildə oğlu Mir Cəfər Cəfərzadəyə DTK tərəfindən şifahi məlumat verilir ki, atası 1940-cı ilin 14 oktyabrında beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

Axund Mir Məhəmməd Kərim ağa ölümündən 22 il sonra, 1960-cı ildə bəraət alıb.

 

 

 Q.Abdinova