Dünyanın 7 məşhur kitab sərgisi

Bölmə: Art 30.07.2018

Kitab sərgiləri nəşriyyat sənayesinin yarandığı vaxtdan təşkil edilir. Əksər sahələrdə olduğu kimi, ticarət məqsədi daşıyan bu sərgilər bilgilərin ictimailəşdirilməsi, yeniliklərin nümayiş etdirilməsi, ən əsası isə, alış-satış işinin həyata keçirilməsi məkanı kimi qəbul olunur. Bu yazıda oxucuları dünyanın ən böyük və ən nüfuzlu kitab sərgiləri ilə tanış edirik.

  1. FRANKFURT KİTAB SƏRGİSİ

 

Frankfurt Kitab Sərgisi  (FKS) iştirakçı nəşriyyat şirkətlərinin və sərgiyə gələnlərin sayına görə dünyanın ən böyük kitab sərgisi hesab olunur.  Bu sərgi beynəlxalq sazişlərin bağlanması və ticarət əlaqələrinin yaranması sahəsində də liderdir. Beş günlük tədbir oktyabr ayının ortalarında Almaniyanın Frankfurt şəhərinin  Frankfurt Trade Fair məkanında keçirilir. Sərginin ilk üç günü məhz qonaqlar üçün nəzərdə tutulur, ictimaiyyət nümayəndələri isə adətən həftəsonu sərgiyə gəlirlər.

Frankfurt Kitab Sərgisi 600 ildən çox tarixə malikdir. Məlum olduğu kimi alman ixtiraçı Yohann Qutenberq  tarixdə ilk dəfə metal lövhələrin köməyi ilə kitab çapı üsulunu tətbiq edib. 1440-cı il kitab çapının ixtirası ili hesab olunur. Bu ixtiradan təxminən on beş il sonra, 1454-cü ildə yerli kitab satıcıları Frankfurtda ilk kitab sərgisi təşkil etdilər. Bu dövrə qədər Frankfurt əlyazmaların satış məkanı hesab edilirdi. İlk sərgidə isə artıq çap kitabları diqqət mərkəzində idi. XVII əsrin sonuna qədər Frankfurt Kitab Sərgisi  Avropanın ən mühüm kitab sərgisi hesab edilib.  Siyasi və mədəni inkişafı əks etdirən Maarifçilik dövründə–1632-ci ildən Leypsiqdə keçirilməyə başlayan  Leypsiq Kitab Sərgisi Frankfurt Kitab Sərgisinin rolunu bir qədər azaltdı.

İkinci Dünya müharibəsindən sonra Frankfurt sərgisi yenidən keçirilməyə başladı və 1949-cu ildə yenidən əvvəlki özəlliyini bərpa etdi. Sərgi, Almaniya Naşirləri və Kitab Satıcıları Assosiasiyasının nəzdində olan Frankfurt Kitab Sərgisi MMC (Frankfurter Buchmesse GmbH) tərəfindən təşkil edilir. 2017-ci ildə 100-dən çox ölkənin 7 000 iştirakçısının eksponatları nümayiş olunan sərgini 280 000-dən çox insan seyr edib.  

  1. ƏBU-DABİ BEYNƏLXALQ KİTAB SƏRGİSİ

 

Əbu-Dabi Beynəlxalq Kitab Sərgisi (ƏDBKS) 1981-ci ildən bu vaxtacan hər il keçirilir. Bura naşirlərin, kitab satışı ilə məşğul olan qurumların, agentliklərin,  mədəniyyət qurumlarının və mətbuatın fikir mübadiləsi apardığı və biznes imkanlarını dəyərləndirdiyi bir platformadır. ƏDBKS 2007-ci ildən etibarən  Mədəniyyət  və İrs üzrə Əbu Dabi Nümayəndəliyi və Frankfurt Kitab Sərgisinin yaratdığı birgə KİTAB müəssisəsi tərəfindən təşkil olunur.

2009-cu ildə keçirilən sərgi 52 ölkədən 637 nəşriyyata ev sahibliyi edib. 2010-cu ildə isə 63 ölkədən 840 nümayəndə sərgidə iştirak edib.

ƏDBKS ərəb və dünya nəşriyyat birliklərini bir araya toplayır. Bu, kitab hüquqları, lisenziyanın alınması və danışıqların aparılması sahəsində aparıcı sərgidir. 2009– 2010-cu illərdə KİTAB və ADACH (Mədəniyyət  və İrs üzrə Əbu Dabi Nümayəndəliyi) “Hüquqların Təbliği Proqramı” layihəsini  həyata keçirməyə başladı. Bu proqrama görə,  ərəb dilinə və ərəb dilindən tərcümə üçün lisenziya danışıqları xərclərinin qarşılanması üçün 1000 dollar məbləğində subsidiya ayrılır. Sərgi həmçinin həyata keçirdiyi  “Mədəni ( KİTAB) və Peşə Proqramı”nın tərkib hissəsi olaraq müvafiq tədbirlərə də ev sahibliyi edir.

  1. BOOKEXPO Amerika (BEA)

BookExpo Amerika (qısa olaraq BEA adlandırılır) Birləşmiş Ştatlarda hər il keçirilən ən böyük kitab sərgisidir.

Əksər xarici ölkələrin, Birləşmiş Ştatların demək olar ən mühüm kitab nəşriyyat evlərinin BEA-da köşk və eksponatları var. Onlar bu sərgidən çap edəcəkləri əsərləri nümayiş etdirmək, yeni kitabları satmaq, digər nəşriyyat evlərindən olan həmkarları ilə ünsiyyət qurmaq, subsidiya və beynəlxalq hüquqları almaq və satmaq üçün istifadə edirlər. Müəlliflər, kitabxanaçılar və  kitab alıcıları da sərgidə iştirak edirlər.

Sərgi 1947-ci ildən 1971-ci ilə qədər  VaşinqtondaAmerican Booksellers Association Convention and Trade Show” adı altında keçirilib. Əksər kitab sərgilərindən fərqli olaraq BEA bütün ölkə şəhərlərinə “səyahət” edir. Sərginin keçirilmə məkanı hər il dəyişir. Dörd günlük sərgi yayın əvvəllərində təşkil edilir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən 2000-ci ilədək sərgi əsasən Çikaqo şəhərində keçirilib. 2006-cı ildə yenidən Vaşinqton, 2007-ci ildə Nyu-York, 2008-ci ildə isə Los Anceles şəhəri kitab sərgisinə ev sahibliyi edib. 2009-cu ildən 2015-ci ilədək sərgi Nyu York şəhərinin Jacob K. Javits Convention Center məkanında təşkil edilib. 2016-cı ildə BEA yenidən Çikaqoya qayıdıb.

  1. QVadalaxara Beynəlxalq Kitab Sərgisi

 

Qvadalaxara Beynəlxalq Kitab Sərgisi beynəlxalq aləmdə daha çox ispanca səslənən adı ilə tanınır –Feria Internacional del Libro de Gvadalajara (FİL). Bu, ispandilli ölkələrdə kitab sahəsində hər il keçirilən ən nüfuzlu sərgi hesab olunur və Frankfurt Kitab Sərgisindən sonra dünyada ikinci ən böyük kitab sərgisi kimi tanınır.  Bütün kitab sərgilərində olduğu kimi, FİL-in təşkilində də əsas məqsəd kitab sənayesi peşəkarları və iştirakçılar üçün yüksək səviyyəli biznes mühiti yaratmaq, oxucularla müəlliflərin görüşlərini təşkil etmək və kitab bazarındakı son yenilikləri təqdim etməkdir.

FİL ilk dəfə 1987-ci ildə Qvadalaxara Universiteti tərəfindən sərgi sahəsi 40,000 m2 olan Expo Guadalajara Sərgi Mərkəzində təşkil edilib.  Sərgi hər il  Meksikanın Xalisko ştatının paytaxtı Qvadalaxara şəhərində noyabrın sonuncu şənbəsindən başlayaraq doqquz gün davam edir.

  1. HONQ KONQ KİTAB SƏRGİSİ

 

Honq Konq Kitab Sərgisi 1990-cı ildən keçirilir. Sərgi Honq Konq Ticarətin İnkişafı Şurası (Hong Kong Trade Development Council) tərəfindən, adətən hər il iyul ayında təşkil edilir. Bu, Asiyanın ən böyük kitab sərgisidir. Sərgi iştirakçılarının sayı ilbəil artır. Sərgidə coğrafi baxımdan yaxın ölkələrin ədəbiyyatı, dünya ədəbiyyatı və son çap yeniliklərini əks etdirən stendlər quraşdırılır, kitab, dəftərxana ləvazimatları, disklər və digər multimedia nəşrlərinin satışı və nümayişi təşkil edilir. Bu il kitab sərgisinin 28-ci ildönümü qeyd ediləcək.

İlk illərlə müqayisədə sərgidə öz eksponatları ilə çıxış edən təşkilatların sayı xeyli artaraq 504-ə çatıb. 

  1. LONDON KİTAB SƏRGİSİ

 

London Kitab Sərgisi (LKS) 1971-ci ildən mütəmadi olaraq hər il, adətən aprel ayında İngiltərənin paytaxtı Londonda keçirilir. 45 ildən çox uğurla fəaliyyət göstərən sərgidə Avropanın böyük ölkələrinin dövlət və özəl nəşriyyatları ilə yanaşı, ABŞ, Kanada, Yaponiya, Çin, Koreya, Səudiyyə Ərəbistanı, Hindistan, Türkiyə və s. ölkələrdən 500-ə yaxın təşkilat iştirak edir.                             

LKS ilk dəfə “Kitabxanaçılar üçün Xüsusi Nəşrlər Sərgisi” adı altında keçirilən ticarət məqsədli tədbir olub və 5 noyabr 1971-ci ildə Klayv Binqley və Lionel Levental tərəfindən keçirilib. Klayv Binqley bunu təşkil etməklə naşirlərə məhsullarını kitabxanaçılara göstərmək imkanı yaratdı və beləcə “Kitabxanaçılar üçün Xüsusi Nəşrlər Sərgisi” ideyası formalaşdı. Məkan olaraq, Kitabxanaçılar Assosiasiyasına yaxın bir yer seçildi. Klayv Binqley və Lionel Levental sərginin mütəmadi keçirilməsində maraqlı idilər. İkinci sərgi 1972-ci ilin noyabrında Bloomsbury Centre Hotel-də təşkil edildi.

Sərginin əhatə dairəsi və təsiri getdikcə artaraq, daha böyük və ümumi nəşriyyatların da diqqətini cəlb etdi. Beləliklə, 1977-ci ildə “Kitabxanaçılar üçün Xüsusi Nəşrlər Sərgisi”nin adı dəyişdirilərək “London Kitab Sərgisi” ilə əvəz olundu. 

Hal-hazırda London Kitab Sərgisi dünyada ən böyük kitab sərgilərindən biri hesab edilir. Bura “Avropa naşirlərinin, kitab satıcılarının, müəllif hüququ agentliklərinin və aparıcı media strukturlarının toplandığı müqəddəs məkan” adlandırılır.

  1. YENİ DEHLİ DÜNYA KİTAB SƏRGİSİ

Yeni Dehli Dünya Kitab Sərgisi qədimliyinə görə Kəlküttə Kitab Sərgisindən sonra Hindistanın ikinci kitab sərgisidir. İlk dəfə 1972-ci ildə keçirilən sərgidə iki yüz eksponat iştirak edib. Sərgini sonralar giriş sözü ilə Hindistanın prezidenti olmuş V.V.Giri açmışdı. Sərgi əvvəllər iki ildə bir dəfə keçirilirdi. Bu gün National Book Trust tərəfindən hər il bir dəfə keçirilən sərgi dünyada ingilisdilli kitab sərgiləri arasında üçüncüdür və hər il mindən çox eksponata yer verir.  

Sərgi ilin ilk iki ayında Yeni Dehlinin Praqati Meydanında  təşkil edilir və  burada on səkkiz dildə çap işini həyata keçirən təqribən on iki min yerli naşir iştirak edir. Dünyanın dörd bir yerindən sərgiyə axışan qonaqlar və ziyarətçilər isə onu dünyanın məşhur sərgiləri ilə eyniləşdirir. Belə ki, hər il ABŞ, Banqladeş, Fransa, İran, İsrail, İtaliya, Yaponiya, Kanada, Malayziya, Mavritaniya, Nepal, Pakistan, Səudiyyə Ərəbistanı, Sinqapur  və Almaniya kimi xarici ölkə nümayəndələri Yeni Dehli kitab sərgisində iştirak edirlər.  

 

Tərcümə etdi və hazırladı: Ağayeva Nəzakət