Kitablar haqqında maraqlı faktlar

Bölmə: Art 23.07.2018

Quql şirkətinin tədqiqatlarına görə, dünyada təqribən 130 milyon adda kitab mövcuddur.

Bu məlumatlarda qeyd olunur ki, çəkisinə görə dünyanın ən ağır kitabı London muzeyində saxlanılır. “Dünyanın coğrafi atlası” adlanan bu kitabın hündürlüyü bir metrdən artıq, çəkisi 320 kiloqramdır.

Dünyanın ən böyük kitabı isə “Dəniz qaydalarının toplusu” adlanır. Onun hündürlüyü insan boyundan uzun, eni bir metr, qalınlığı yarım metrdən çoxdur. Kitab Amsterdam muzeyində saxlanılır.

Ölçüsünün kiçikliyinə görə də çox sayda miniatür kitablar var. Belə kitabları adi gözlə oxumaq mümkün deyil. Adətən həmin kitablara oxumaq üçün  linza da əlavə edilir. Kiçik ölçülü kitabların üstünlüyü ondadır ki, həcmcə kiçik olduğundan daşınması çox asandır. Məsələn, Napoleon hərbi yürüşlərə çıxarkən miniatür kitabları çox kiçik qutuya yerləşdirib özü ilə götürərmiş.                       

Dünyanın ən yüksək tirajlı kitabı Bibliya sayılır. Bibliya bu günə qədər 6 milyarddan çox nüsxəylə çap olunub.                                          

Dünyanın ən bahalı kitabı Leonardo da Vinçinin “Lester kodeksi” sayılır. Qiyməti 30 milyon dollardan artıq dəyərləndirilən bu kitab məşhur milyardçı Bill Qeytsə məxsusdur.

“Zəbur” (Bay Psalm Book) bizə qədər gəlib çatan ən qədim kitabdır. Bu kitab Şimalı Amerikanın Massaçusets ştatının Kembric şəhərində 1640-cı ildə çap edilib. XX əsrdə bu kitabın ilk nəşri yalnız bir dəfə satışa çıxarılıb və 1947-ci ildə Sotbis auksionunda 151.000 ABŞ dolları ödənməklə Yel Universiteti tərəfindən alınıb.

2013-cü ilin 26 noyabrında isə Nyu Yorkda keçirilən Sotbis auksionunda 14.165 milyon ABŞ dollarına satılaraq ən bahalı çap kitabı kimi tarixə düşüb. Massaçusetsdə çap olunmuş “Zəbur” kitabının  ilk nəşrinin 11 nüsxəsi məlumdur. Həmin nüsxələr Amerika Birləşmiş Ştatları Konqresinin kitabxanasında, Yel Universitetində, Braun Universitetində, Amerika Antikvar cəmiyyətində, Rozenbax muzey və kitabxanasında, ikisi də Bostondakı Köhnə Cənub Kilsəsinə (Old South Church) məxsus Boston ictimai kitabxanasının nadir kitablar şöbəsində saxlanılır.

Ən böyük lüğət sayılan “Alman lüğəti”nin hazırlanması 1854-cü ildə başlanılaraq, 1971-ci ildə tamamlanıb. Kitab 33 cilddən, 33519 səhifədən ibarətdir.

Ən böyük ensiklopediya kitabı isə “Universal Avro-Amerika ensiklopediyası”dır. 104 cildli və 105 min səhifəli ensiklopediyada 165 milyon sözün izahı verilib.

Belə qeyri-adi kitablardan biri də Braziliyada saxlanılır. Rio-de-Janeyro şəhərinin 400 illik yubileyi münasibətilə buraxılan həmin 200 səhifəlik xatirə kitabı paslanmayan poladdan hazırlanıb.

Ən uzun adlı kitab 1633-cü ildə Londonda nəşr olunub. Kitabın adı 45 sətirdən ibarətdir.

Dünyanın ən böyük kitabxanası isə Vaşinqtonda yerləşən Amerika Birləşmiş Ştatları Konqresinin kitabxanasıdır. Bu kitabxanada 470 dildə 30 milyondan artıq kitab, dünyanın müxtəlif ölkələrinin milyondan artıq qəzet-jurnalları, 6 milyon əlyazma, 5 milyona yaxın xəritə, 12 milyon şəkil və s. saxlanılır. İl ərzində bu kitabxanadan istifadə edənlərin sayı 2 milyona yaxındır. Kitabxanada 3600 əməkdaş çalışır.

 

Tərcümə etdi və hazırladı: Nəzakət Ağayeva