Elektron ədəbiyyat və sənət portalı

Vaqif Bayatlı Odərlə ürək ürəyə

Bölmə: Müsahibə 11.12.2015

 

Vaqif Bayatlı Odərdən öz cavablarına giriş:

“Hər an Allahı hiss etməyə, onun hamını sevməsini, sevdirməsini duymağa çalışıram. Yaradanı duymaqdan başqa, hər şey mənə maraqsız gəlir. Əslində Allah biz düşünəntək idarə etmir, o, ancaq sevir, sevdirir, dünya beləcə, Yaradanın yaratdıqlarına sevgisiylə, sevdirməsiylə idarə olunur. Niyə ancaq sevməklə, İlahi yönəltmə həqiqətitək sevməkdən də güclü sevdirməklə?! Çünki sevməsən, sevdirə bilməzsən. Çünki tək bir bu hisslər ilahi hisslərdir, qalanları insani hisslərdi. Allah sevgini elə belə yaratmayıb, hisslərin Allahı ən çox duyanı, ən həssası kimi yaradıb. Sevirsinizsə, siz özünüz sevginizdə Allahı hiss etməlisiniz. Hiss etmirsinizsə, Allaha dua edin, sizə sevməkdə kömək etsin, sevdirsin.

Əslində, Allah bəzi insanları, onların ruhunu bu dünyadan daha gözəl, qeyri-adi bir dünya üçün hazırlayır və ora aparır. Əlbəttə, kimlərsə mənim bu sözümə güləcək, ancaq ürəyində, kiçik də olsa, şübhə yeri də qalacaq...”

 

- Vaqif müəllim, xeyli müddətdir sorağınız gəlmir, daha doğrusu, mətbuatda görünmürsünüz. Sizi sevən, necə deyərlər, imzanızı həsrətlə gözləyən oxucuları intizarda qoymusunuz.

- Bitirməkdə olduğum yeni kitabım çox qısqanc kitabdır. Şeirdən başqa heç nəyə imkan vermir. Allahı hər an hiss etməyə, Onun sevmə, sevdirmə sirlərini duymağa çalışır. Qalan hər şey maraqsızdı ona.

 

- Yaradıcılarından biri olduğunuz «Xəzər» jurnalı indi öz dövriliyini bərpa edib, həftəlik «Yol» qəzeti isə «Aydın yol» adıyla yeni formatda, yeni keyfiyyətdə mütəmadi nəşr olunur. Sizcə, görülməsi vacib olan daha hansı işlər var?

- Doğma olan hər şeyi İlahi hamımıza, eləcə mənə də duydurur. Deyəsən, məni bir az da yaşatmaq, daha çox duydurmaq istəyir. Həm də əziz Allahım elə edir ki, mən də hamı kimi hər an sevinim, sevindirim. Allah bizim hər yaxşı işimizə görə sevinir, pis işimizə görə isə kədərlənir. Bu baxımdan, məncə, Servantes “Don Kixot”un axırını çox zəif bitirib, hətta İlahidən gələni yazmaqdan qorxub, bir az dövrə tabe olub ədəbiyyatda ədəbi məğlubiyyətlərin də daha bir əsasını qoyub. Dediyiniz nəşrlər də İlahinin yönəltməsiydi və məni çox sevindirir. Əsas odur ki, cəsarətli cəhdlər var. Mütləq həqiqət olsaydı, maraqsız olardı. Ən böyük həqiqət də, dünyanı maraqlı etməyə yönələn böyük cəhdlərdir. Ədəbiyyatımızda qeyri-adi sıçramalar, hətta qəhrəmanlıqlar duyduğum anlar, misralar, cümlələr, ilahi mənzərələr olur. Məni ancaq o anlar, o sıçrayışlar və o mənzərələr maraqlandırır.

 

- Vaqif bəy, şeirləriniz müxtəlif dillərə – ingilis, rus, fransız, polyak, çex, ərəb dillərinə çevrilib. Tərcümələrin səviyyəsindən, keyfiyyətindən razı qalmısınızmı və ümumiyyətlə, prosesdən xəbəriniz olurmu?

- Şeirlərim harda çıxır, kim çap edir, çoxundan çox vaxt xəbərim olmur. Mən bilən, 50-dən artıq dilə çevrilib. Şeirləri mən dünyaya gətirmişəm, yaşaya bilirlərsə, hansı qəlbi, ya məmləkəti istəyirlərsə, seçib yaşasınlar. Müasir texnologiyalarla dünya artıq bir evin içi kimidi. Bir də görürsən, şeirinin çapı üçün on dəniz o yana, uzaq Yeni Zelandiyadan icazə istəyirlər, sən də bu Yeni Zelandiya “toyuna” on dəniz bu yana oynayan uşaq kimi sevinirsən.

 

- Peşəkar tərcüməçi, üstəlik də “Xəzər” dünya ədəbiyyatının redaksiya üzvü kimi, necə düşünürsünüz:

a) hansı məşhur əsərlər dilimizə çevrilməlidi, amma indiyəcən çevrilməyib;
b) dilimizə çevrilmiş məşhur əsərlərdən hansının yenidən tərcümə olunmağa ehtiyacı var?
c) çağdaş Azərbaycan ədəbiyyatı müasir dünyada hansı yazıçılarla, hansı əsərlərlə təmsil olunsa, uğur qazanar?

- a) Dünya ədəbiyyatının indiyəcən dərc olunmamış bütün inciləri dilimizə çevrilməlidir.

b) Bir neçəsini çıxmaq şərtiylə, demək olar ki, hamısı yenidən tərcümə olunmalıdır.

c) Mənim əsas məqsədim, bu dünyada hamını bir-birinə sevdirməkdi. Ədəbiyyatımızın da hamını hamıya, həm də dünyaya sevdirəcək nə qədər əsərləri var, hamısı çevrilməlidir. Bu proses, əsərlər dünya dillərinin də doğması olana qədər getməlidir. Biz dünyanı sənət əsərlərimiz və qəhrəmanlıqlarla fəth edəcəyik.

Gələcək Azərbaycanı, fətholunmazları fəth edənlər məmləkəti kimi görürəm.

 

- Vaqif Bayatlı gündəlik mətbuatı, ədəbiyyat saytlarını, eləcə də yeni ədəbi imzaları izləməyə vaxt tapırmı? O, son dövrlərin yeni ədəbi mühitinin, bu yeniyetmələr «ordusunun» fəaliyyətindən razıdırmı?

- Ədəbiyyatımız çox sürətlə, lakin tək-tək sıçrayışlar edir. İnanıram ki, bir azdan sonra, ötüb-keçməyə dünyada nə bir ədəbiyyat, hətta əbədiyyət də qalmayacaq. Bizi, həm də əbədiyyətin dəhşətli və gözəl ədəbiyyat tənhalığı gözləyir. Ondan sonra, ən maraqlısı – hər an özü özünü və əbədiyyəti ötmək olacaq: - xoşca qal, Əbədiyyət.

 

- Vaqif müəllim, Dostoyevski deyirdi ki, dünyanı gözəllik xilas edəcək. Siz təxminən belə bir ideya irəli sürürsünüz ki, insanları bir-birinə sevdirmək lazımdır, çünki dünyanın da, insanlığın da xilası sevgidən keçir. Ən maraqlısı budur ki, siz ideyanı ortaya atıb, özünüz kənara çəkilmədiniz, əksinə, öz şeirlərinizlə, müsahibələrinizlə, hətta gündəlik həyat tərzinizlə insanları sevgiyə, bir-birini sevməyə dəvət etdiniz. İdeyanız da, canfəşanlığınız da kifayət qədər səmimidir. Amma bunun bir nəticəsi oldumu? İnsanlar sizi eşitdimi? Müasir dünyanın ictimai mənzərəsinə nəzər salanda, təəssüf ki, proqnozlarınızın doğrulmadığının şahidi oluruq. Bir şair, söz və ruh adamı kimi necə düşünürsünüz: insanların bir-birinə qarşı bu ədavətinin, yumşaq desək, bu inamsızlığın səbəbi nədir?

- Mənim proqnozlarım dilimizin gücündən, əbədiyyətindən gəlir. Siz deyənlər hamısı zaman kimi ötəridi. Əbədiyyət kimi, əsl ədəbiyyat da mütləq qalib gələcək. Mən buna, hamının hamını sevəcəyinə inandığım qədər inanıram. Siz bu sözə gülümsünürsünüz?.. Nə mənada olur olsun, sizi gülümsətdiyim üçün çox şadam. Bu sevdirmə, ən azı mənim ürəyimdəki dünyada artıq baş verib. Mənim ürəyimdə hamı hamını sevir, həm də sevdirir. Bir ürək çoxdur, yoxsa bir dünya ürək? Cavabım sizə gülməli gəlsə də, bu, İlahinin yanında gülməli deyil. Çoxlarından fərqli olaraq, mən fikirləşirəm ki, xoşbəxtlikdən Azərbaycan – beyinlər yox, daha çox, tək-tək ürəklər ölkəsidir, İlahi ölkədir. Çoxları deyəcək ki, beyinlər ölkəsi olmaq daha yaxşı. Məncə, ürəklər ölkəsi Allaha daha yaxın ürəklərin ölkəsidi. Hər an Azərbaycanı xilas edən də budur.

Mahir QARAYEV