Elektron ədəbiyyat və sənət portalı

Səmərqənddə “Azərbaycan gecəsi”

Bölmə: Mədəniyyət 11.12.2015

Vilayət hakimiyyətinin təmsilçilərinin, elm, mədəniyyət və incəsənət xadimlərinin, SDU-nun professor-müəllim heyətinin, eləcə də şəhərdəki Azərbaycan diasporunun üzvlərinin və jurnalistlərin iştirak etdiyi tədbirdə Azərbaycan haqqında sənədli film nümayiş olunub. Səmərqənd Dövlət Universitetinin prorektoru Alişer Eştaev özbək və Azərbaycan xalqları arasında dostluq əlaqələrindən danışıb, bu cür tədbirlərin tez-tez keçirilməsinin vacibliyini bildirib, AMM-nin layihəsini yüksək qiymətləndirib. O, Özbəkistanda Azərbaycan musiqisinə, rəqslərinə böyük maraq olduğunu, Səmərqənddə keçirilən bütün mədəni-konsert proqramlarında, el şənliklərində musiqilərimizin səsləndirildiyini qeyd edib.

AMM-nin direktoru Samir Abbasov Böyük İpək yolu üzərində yerləşən Azərbaycan və Özbəkistanın tarixi, mədəni bağlılığı, eyni soykökə, dil və adət-ənənələrə malik olduğunu bildirib, bu xalqların yaratdığı mədəniyyət nümunələri haqqında söhbət açıb. O, Özbəkistanda Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarova və digər sənətçilərin ifalarının çox sevildiyini vurğulayıb.

Səmərqənd vilayəti üzrə Azərbaycan diaspor təşkilatının rəhbəri Ədilağa Mirzəyev Özbəkistanda azərbaycanlılar üçün yaradılan şərait haqqında söhbət açıb, soydaşlarımızın bu ölkənin ictimai-mədəni həyatında aktiv iştirak etdiyini vurğulayıb. O, Maqsud Şeyxzadə, Seyid Rza Əlizadə, Firudin Səfərov və digər bu kimi tanınan soydaşlarımızın qardaş ölkənin rifahı üçün çalışdıqlarını bildirib.

Daha sonra təqdim olunan bədii hissədə Özbəkistanın “Nixol” mükafatı laureatları Abdumalik Tatlı, İsroil Saidumarov, Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyeva musiqilərimizi ifa ediblər.