Elektron ədəbiyyat və sənət portalı

Ömür və yaddaş kitabı

Bölmə: Ədəbiyyat 23.11.2015

Səməd Allahverdi oğlu Qarayev 1923-cü il martın 23-də Qərbi Azərbaycanın Gərd kəndində dünyaya göz açıb. Ali pedaqoji təhsil alandan sonra Cığı kəndində müəllimlik fəaliyyətinə başlayıb, sonra partiya-təsərrüfat sahəsinə keçib, kolxoz sədri, partiya təşkilat katibi, sovxoz direktoru kimi məsul vəzifələrdə çalışıb, plenum üzvü, qurultay nümayəndəsi olub, “Qırmızı Əmək Bayrağı” ordeni və çoxlu medallarla təltif olunub, ən başlıcası isə camaat arşında işgüzar, ədalətli, təəssübkeş insan kimi tanınıb. O, 1988-ci ilin sonuna – soydaşlarımız erməni şovinistləri tərəfindən öz dədə-baba yurdlarından didərgin salınanadək ləyaqətlə işləyib, yalnız özünə, öz bacarığına və xalqına arxalanıb.

“Heç vaxt xalqımın pisini də ermənilərin ayağına verməmişəm, - Səməd Qarayev o illəri xatırlayaraq yazır. - Belə ki, 40 ilə yaxın vəzifədə işləmişəm, cinayət törədən, təsərrüfata maddi ziyan vuran adamların da həbsinə imkan verməmişəm, heç bir insafsızlıq etməmişəm. Hətta qeyri işlər üzrə həbs edilmiş adamları inzibati orqanların əlindən almışam”.

Səməd Qarayev təkcə kənddə, təsərrüfatda deyil, bütün rayonda böyük nüfuz sahibi olub. Hətta raykomun birinci katibləri inzibati orqan işçilərinə tapşırırmış ki, azərbaycanlılar haqqında nə məsələ olsa, Səməd Qarayevlə müzakirə edin. Bu tapşırıq onun xalq qarşısında məsuliyyətini daha da artırır, camaatın əmin-amanlığını təmin etmək, yaşayış səviyyəsini yüksəltmək üçün daha ciddi tədbirlər görməyə vadar edirdi.

Onun uşaqlıq illəri ağır və keşməkeşli 1930-40-cı illərə düşüb. Səməd müəllim həmin illəri ömründən hesab etməsə də, artıq taleyinə yazılıb. Aclıq, kasıblıq, narahatlıq təkcə onların ailəsində deyil, bütün ailələrdə mövcud idi. O dövrdə insanların həbsi, sürgünü və ailələrin dağılması adi hala çevrilmiş, kimsənin sabaha ümidi qalmamışdı.

“Yadımdadır, - Səməd Qarayev xatırlayır, - Stalinin hakimiyyəti dövründə camaat vahimə içərisində idi. Cığı dərəsində yaşayış şəraiti çox pisləşmişdi. Ailələr o qədər həbs olunacağı vahiməsi içində idi ki, dolanışığın pis olması haqqında fikirləşən belə yox idi. Kəndlərdən tez-tez, filan kənddən filankəsin tutulduğu barədə xəbər gəlirdi, səhəri gün o biri kənddən xəbər eşidirdik. Ailəmizdən tutulan olmamışdı, ona görə də çox nigarançılıq keçirirdik, qorxurduq ki, atamızı tutarlar. Atamın vəzifəsi yox idi. Vəzifəliləri də bir müddət işləyəndən sonra həbs edirdilər. Adamların qədir-qiyməti qalmamışdı, heç kəsin ailəsi barədə fikirləşmirdilər, körpə uşaqların qayğısını çəkən yox idi. Tutulan adamların evlərini müsadirə edir, yaxşı nə var, götürürdülər. Böyük Vətən müharibəsindən sonra Stalinin yeni fərmanı çıxdı. Cığı dərəsində çox muzdur, əkinçi, biçinçi, vəzifəli şəxs həmin fərmanın güdazına getdi. 1953-cü ildə, Stalinin ölümündən sonra onların hamısı əfv edildi”.

Bu çətinliklərə baxmayaraq, şərəflə ömür sürən, bütün bacarığını camaatın rifahına sərf edən Səməd Qarayev doğma yurd-yuvasından didərgin düşəndən sonra Bakıda məskunlaşıb. Yenə də boş oturmayıb, bütün enerjisini və qazandığı həyat təcrübəsini doğulduğu Gərd kəndinin tarixini araşdırmağa və yaddaşında qalanları kitaba çevirməyə sərf edib.

Onun işıq üzü görmüş “Qazangöl həsrəti”, “Gərd” və “80 illik təəssüratlarım” kitabları faktların və qazanılmış təcrübənin zənginliyi baxımından diqqəti çəkir.

 Müəllimi, ağsaqqalı, sevimli böyük qardaşı, əməkdar müəllim Əliş Qarayevin xatirəsinə həsr etdiyi “Gərd” toplusu uzun illərin bəhrəsidir. Müəllif əvvəlcə Qərbi Azərbaycanın Zəngəzur vilayətinin tarixinə nəzər salır, sonra vilayətin dilbər guşələrindən biri olan Qafanın keçmişini vərəqləyir. Müəllif, xüsusilə 1905-1919-cu illər Zəngəzurda baş verən hadisələrə, Gərd kəndinin sakinlərinə ermənilərin etdikləri zülmlərə, 1948-1953-cü illər deportasiyasına xeyli yer ayırıb. Müəllif 1968-ci il zəlzələsi və uydurma “erməni soyqırımı”, ötən əsrin 60-80-ci illərində baş verən hadisələr barədə söhbət açır, görkəmli şəxslərin və mənbələrin erməni xisləti barədə söylədiklərini oxucuculara çatdırır.

 Nəhayət, Səməd Qarayev doğulub boya-başa çatdığı Gərd kəndinə üz tutur, doğma yurdunun əhalisi, meşələri, kövşənləri, biçənəkləri, yaylaqları, bulaqları, bağları, qəbiristanlıqları, toponimləri, maarifi və mədəniyyəti barədə məlumat verir. Səməd müəllimin qələmi ilə Gərdin mərasimləri, bayramları, toy adətləri, tayfaları oxucuların gözləri qarşısında canlanır. Müəllifin öz nəsil şəcərəsi barədə verdiyi məlumat da diqqəti çəkir.

Topluda eyni zamanda Gərd kəndində doğulub-böyümüş görkəmli şəxsiyyətlərin bioqrafiyası və folklor nümunələrinin verilməsi də diqqətəlayiqdir.

“Gərd” toplusu kimi kitabların araya-ərsəyə gəlməsi uzun illərin, böyük zəhmətin, bir də ölçüyəgəlməz yer-yurd sevgisinin nəticəsidir. Gördüklərini, eşitdiklərini, bildiklərini təfəkkür süzgəcindən keçirmək, məntiqin məhək daşında yoxlamaq, sevgiyə bələyib oxucuların ixtiyarına vermək heç də asan iş deyil, üstəlik, adamdan səbir, hövsələ və təəssübkeşlik tələb edir. Xoşbəxtlikdən bütün bunlar Səməd müəllimin xarakterində var və nəticədə təkcə gərdlilər üçün deyil, həm də tariximiz və yaddaşımız üçün belə bir faydalı kitab araya-ərsəyə gəlib.

Səməd Qarayev “80 illik təəssüratlarım” adlanan kitabında əvvəlki kitablarından fərqli olaraq, yazılmamış təəssüratlarını qələmə alıb. Belə ki, müəllif valideynləri, soykökləri, onlardan törəyən yeni nəsil və nəslin ləyaqətli nümayəndələri haqqında yazıları bir araya toplayıb.

Kitabda “Dostlarım - yaxınlarım” başlıqlı yazılar verilib. Müəllif həmin yazıları əvvəlcə ayrıca kitab şəklində çap etdirmək istəsə də, son məqamda bu kitaba daxil etmək qərarına gəlib. “Qohumlarım haqqında” bölməsində isə cəmiyyətdə özlərinə müəyyən mövqe tutmuş, el arasında hörmət qazanmış doğmalarını oxuculara tanıdıb.

Kitaba daxil etdiyi “Maraqlananlar üçün” bölməsi Səməd Qarayevin nə qədər geniş dünyagörüşə maraq və mütaliə dairəsinə malik olmasının bariz nümunəsidir. Burada müəllifin xalq hikməti və xalq təbabətinə olan bələdliyi bir daha təsdiqlənir.

Kitabın “Lətifələr” bölməsi isə maraqlı folklor nümunələri kimi diqqəti çəkir. Müəllif ağız ədəbiyyatımızın bu janrında yaranmış nümunələri toplamaqla daha bir faydalı işə imza atıb.

İnsan ömrünün uzunluğu illərlə deyil, gördüyü faydalı işlərin sanbalı ilə ölçülür. Bu mənada da Səməd Qarayevi xoşbəxt adam saymaq olar. O, qismətinə düşən taleyi yaşaya-yaşaya illərini boş keçirməyib, həm əmək cəbhəsində, həm də əqli sahədə xalqına fayda verməyə can atıb. Ondan miras qalacaq ömür və yaddaş məqamları nəsillərə bir örnək olacaq.

NƏRİMAN