Elektron ədəbiyyat və sənət portalı

Adil Mirseyid

Bölmə: Mərkəz 12.07.2018

 

Adil Mirseyid – şair, tərcüməçi, esseist.

1952-ci il dekabrın 21-də Ağdaş şəhərində, ziyalı ailəsində doğulub;

İlk şeirlərini məktəb illərində yazıb;

1970-ci illərin sonlarından “Azərbaycan” və “Ulduz” jurnallarında silsilə şeirlərlə çıxış edib;

1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib;

1992–1993-cü illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Xəzər” jurnalının məsul katibi, baş redaktor müavini, Mərkəzin “Yol” ədəbiyyat qəzetinin redaktoru vəzifələrində çalışıb;

 “Güzgüdəki adam”, “Bulud Adam”, “Nəğmə Adam”, “Vernisaj şeirlər”, “Ay Süvarisi”, “Amor Fati”, “Hardan baxsan görünən adam”, “Ruhlarla İnsanlar Arasında” kitablarının müəllifidir;

Rəsul Rza mükafatına, Skandinaviya Ölkələri ilə Dostluq Cəmiyyətinin xüsusi mükafatına, eləcə də “Türk Ədəbiyyatına xidmət” və “Bahar Simpadisi” ödüllərinə layiq görülüb;

Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston və s. dillərə tərcümə olunub;

2014-cü ilin 7 iyul tarixində Bakıda vəfat edib. 

 

 

Dua

 

səndən ölüm diləmişdim

allah mənə ölüm göndər demişdim

allah bağışla bəndəni

bu gecə öldürmə məni

bilirəm qul olduğumu

bilirəm şair olduğumu

qulamsa şairliyimi al məndən

şairəmsə gəl məni qul eləmə

bir kimsə görmədən başım üstündə uçur

sən göndərən bəyaz kölgə

anlat mənə allahım anlat mənə kim olduğumu

bir anadan doğulmuşuq biz bəlkə

o dünyadan gəlmişdim

bu dünyaya alışdım

amma nə qul nə də şair

taleyimlə barışdım

allahım niyə mənə qanad vermişdin

bilirdin ki qıracaqlar qanadlarımı

uçub gələ bilməyəcəm dərgahına

yapayalnız qalacam fani dünyada

 

axşam tənhalığı

 

kitab mağazalarının vitrinlərində

çap olunmamış şeirlər kitabımı

axtarıram axşamlar

saat beşdən-altıdan sonra

qəfil kədər gözlərimi acışdıranda

gəlincik təbəssümlü

gənc satıcı qızların

dodaqları çiçəkləyir gözləri

çılınçılpaq

öz adımı soruşuram astadan

bu dünyada mənim adım naməlum

vitrinlərin işıqları süni

qızların təbəssümü boyalı laqeyd saxta

yalnız yorğun gözlərimin qüssəsi

həqiqətdi bu şəhərdə anacan

***

Bir dəli şeytan deyir

Sən də at şeirin daşını

Çıx get qara Afrikaya

Rembo kimi qat başını.

Öpülməmiş bir qız tap

Bir də köndələn daxma

Heç kimə məktub yazma

Güzgülərə də baxma

Nə din, nə dil, nə də Vətən

Hamısı çıxsın yadından

Amma bir gün uçan yerdə

Vursunlar qanadından

 

Qar eskizi

 

Qar yağır

Qar yağır

Qar yağır

Qar yağır

...Qara çörək

Bəyaz pendir

Qırmızı çaxır

Qar yağır

Qar yağır

Qar yağır

Qar yağır

 

gözləri nəmli nəğmə

 

gecənin bir vaxtında telefonun zəngi çalar

gecənin bir vaxtında yuxudan oyanarsan

və bir gözün gördüyün şirin röyada qalar

röyadakı hilalın nuruna boyanarsan

ağlına nə gələcək o anda bilməm ki mən

bəlkə bir əski dua bəlkə bir qəmli nəğmə

abdal könül havalı dünya şairə düşmən

pəncərədən baxan ay gözləri nəmli nəğmə

göyüzündə bəyaz ay xəfif duman içində

bəlkə çin rahibitək dağlara çəkilim mən

bəlkə bir ağac əkim bir dörd yol ayrıcında

bəlkə bu məmləkəti terk edib gedim həmən

allahım bəllidi bu dünyada hər halım

uzaqlardan səsləyir məni qarlı himalay

boş ver məni qardaşım dağınıqdı xəyalım

bilmirəm nədən belə hüznlüdü göydə ay

 

cavan ölmüş dostları xatırladım

 

yolçunu yoldan eləyir

ağaclar arasında gizlənən quşların səsi

yayın son günləridi payıza lap az qalıb

hardasa uzaqlarda dağlar xəyala dalıb

ənsəmdə payızın ilıq nəfəsi

mən hələ ayılmamışam bahar sərxoşluğundan

hər il bahar gələndə qürbətdən geri dönər

gənclik xatirələrimiz

geri dönər yüyürüb açarıq qapımızı

qapıda durub baxar baxar tanımaz bizi

tanımaz bu dağınıq ruh halımızda

amma biz hələ də iyirmi yaşlarındayıq

bəzən bizi qara basan şair xəyalımızda

cavan ölmüş dostları xatırlayıb kövrəldim

uçurumun kənarında buldum özümü birdən

deməli mən yolun sonuna gəldim

nə bir cığır nə bir iz var qarşıda

nə bir liman nə dəniz var qarşıda

yalnız göyüzüdü burdan o yana

bir quş uçur göy üzündə

qanadları yana yana.