Elektron ədəbiyyat və sənət portalı

Xanım İsmayılqızı

Bölmə: Mərkəz 12.07.2018

 

Xanım İsmayılqızı — şairə, tərcüməçi

1956-cı il aprelin 10-da Bakıda doğulub. 1979-cu ildə BDU-nun filologiya fakültəsini bitirib. 1972–1984-cü illərdə “Gənclik” Nəşriyyatında korrektor, kiçik redaktor, mühəndis-texnoloq işləyib. Bir müddət Efiopiyada yaşayıb. 1987–1989-cu illərdə BDU-nun nəşriyyatında şöbə müdiri, 1989–1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində şöbə müdiri, sədr müavini vəzifələrində çalışıb. 1995-1998-ci illərdə “Bilik” Maarifçilik Cəmiyyətinin “Bayatı” Sifariş Ədəbiyyatı Mərkəzində direktor müavini, direktor, 2014–2016-cı illərdə Azərbaycan Tərcümə Mərkəzində Nəşriyyat şöbəsinin müdiri vəzifələrində çalışıb.

 

 

 

***

Görəsən siz tərəflərə nəfəslə gəlmək olur?
Gözlərinin qapısını açmadan görmək olur?

Hər gün dua göndərirəm, gəlib sənə çatırmı?
Yoxsa ki, yol ayrıcında dualar da yatırmı?

Əllərimin boşluğunu göndərim, ya özünü?
Yuxuda görmək olurmu yuxusuzun üzünü?

Mən burda əlli, ayaqlı, nəfəsli, ürəksizəm,
Həm torpağa, həm göylərə ürəksiz gərəksizəm.

Görünmürəm nə özümə, nə də görənlərimə,
O qədər sualım var ki, ömür verənlərimə.

Sərgərdan qalan ruhumun yiyəsi qaçıb burdan,
Sən Allaha çox yaxınsan, de əl uzatsın ordan.

Ürəyimi göndərdim ki, tapa biləsən məni,
İstəyirəm göydən düşüb yenə sevəsən məni.

*** 


Bapbalaca körpəyə
Tay-tuş olmağım gəlir.
Yuvasında qıvrılan
Bir quş olmağım gəlir.

Yükü çiynindən satan,
Bütün ömrünü yatan,
Xoşbəxtliyində batan
Sərxoş olmağım gəlir.

Yoxluğa yazıb adı,
Atıb doğmanı, yadı,
Xarabalar övladı
Bayquş olmağım gəlir.

Öz əllərindən itib,
Son kəlməsində bitib,
Gedib, gedib və gedib
Bihuş olmağım gəlir.

 ***

Nə dünyaya elə gəlmək, nə belə getmək olaydı,
Nə göy üzündə tapılmaq, nə yerdə itmək olaydı.

Görünməyəydi heç nəyin nə alt qatı, nə üst qatı,
Nə susanı dilləndirmək, nə də kiritmək olaydı.

Yaşamaq üçün yanmağa bir səbəb tapılsa belə,
Nə şam kimi oda düşüb, ürək əritmək olaydı.

Göz açmayaydı həyata gözünü bağlaya bilən,
Nə adını tale qoyub, ömür çürütmək olaydı.

Nə cəhənnəm, nə də cənnət qapısı açılmayaydı,
Nə diriləri öldürüb, ölü diriltmək olaydı.

Xatirələrin əlində boğulmayaydı bir kimsə,
Nə də sonsuzluqdan qopan ahı eşitmək olaydı.