Dostoyevskinin hekayəsi Rəsulzadənin tərcüməsində

Qartal -  M.F.Dostoyevski

 

Qartal cinsindən "qara quş" dəxi bir müddət bizim məhbəsin dairə­sində yaşadı. Kim isə onu yaralı və əzilmiş bir halda dairəyə (həyətə) gətirmişdi. Za­vallı uça bilmirdi, sağ qanadı yerdən sürünür, bir ayağı da arxasından gəlirdi. Ətrafdakı izdihamı necə dönərək qorxunc bir baxışla seyr etdiyini və öz həyatını baha bir qiymətə sat­maq üçün dimdiyinin necə bir tövr təhdid olaraq açılıb-yu­mulduğunu indi də xatırlayı­ram.

İzdiham onu seyr və tamaşa­dan fərağət edincə qara quş bir ayağı üzərində tullanır, bir qa­nadı ilə çırpınır, axsaya-axsaya qoşur və dairənin bir bucağına sıxışıb qalırdı. Bu sürətlə qara quş üç ay tamam dairədə qaldı və heç zaman öz bucağını tərk etmədi. Əvvəlləri tez-tez gəlir, ona tamaşa edir və "Şarik" kö­pəyi dəxi üstünə qısqırdırdılar. "Şarik" də cəsarətlə atılır, fəqət pək yaxın getməyə qorxur­du. Bu isə məhbusların keyfinə gəlirdi.

- Vəhşi təslim olmur! – deyir­dilər.

Sonra "Şarik" də qartala ar­tıqlaması ilə əziyyət verməyə başlamışdı. Köpəyin qorxusu da artıq götürülmüş, qısqırdıldığı zaman zavallı quşun yara­lı qanadından yapışırdı. Qartal dimdiyi, caynağı və var qüvvəti­lə çırpınır, mütəəzzimanə (əziy­yətli) bir halda müdafiə olunur, yaralı bir padşah kimi ona tamaşa edənləri acılı bir baxışla süzürdü. Axırı hər kəs yorulur və qara quşu unudurdular.

Məəmafih (bundan sonra) hər gün quşun yanında bir parça təzə ətlə bir qab su görmək olardı. Kim isə qartalı sevir və ona göz yetirirdi. Əvvəlləri o, yemək də istəmirdi. Hətta bir neçə gün yemədi də. Nəhayət, yeməyə başladı. Fəqət, hər halda əldə və yaxun(yaxın) insan hüzurunda verilən yeməkləri qəbul etməzdi. Çox kərə oldu ki, mən onu uzaqdan seyr və tədqiq etdim. Özünü yalqız hesab elədiyi zamanlar, bəzən bucağıdan dışarı çıxır və iyirmi qədəm bir məsafə təbilə təkrar yerinə dönür. Yenə mövqeyindən çıxır, təzədən ovdət edirdi (geriyə dönürdü).

Məni görür-görməz qartal yerinə qoşur, başını arxaya ataraq dimdiyini açır və tüklərini ürpə- dərək hərbə hazırlanırdı. Mən onu hər cür təltif və nəvazişlə özümə ram edə bilmirdim, dim-dikləyir, çırpınır, əlimdəki əti almır və daima qorxunc gözlərini gözlərimə dikib baxır, bir an qəflət etmirdi. Əvət, o kimsəyə etimad göstərmir, kimsə ilə sülh etmir, barışmaz bir düşmən qalaraq ölümünü gözləyirdi.

Artıq iki ay oldu ki, kimsə qara quşu xatırlamır, onu düşünmürdü. Fəqət son günlərdə hər kəsdə ona qarşı bir mərhəmət hissi oyandı, qartalı dairədən xilas etməyə qərar verdilər. Məhbuslardan bəzisi: "Ölsə də barı dairədə – məhbəsdə ölməsin dedilər.

Başqaları: "Demək, azad və xəşin (sərt) bir quşdur, məhbəs dairəsilə tələttüfi (rəftar) – qəlb edə bilmir", – deyə bəyan etdilər.

Bizim kimi deyil, demək, – deyə bir başqası əlavə elədi.

Bəs görmürsən ki, o quşdur, biz adamıq.

 

Qartal bilmirsiniz, arkadaşlar, ormanların padşahıdır... – deyə boşboğaz Skuratov baş-ladı... Fəqət bu kərə ona qulaq asan olmadı.

Bir kərə nahardan sonra idi ki, təbil vuruldu.

İşə girmək zamanı gəlmişdi. İşə yenə qartalı aldılar. Dimdiyini sıxdılar - çünki o, müdhiş bir sürətdə hücum edirdi. Hasara irdilər, quşu yola salan 20 kişi fövqəladə bir maraqla quşun haraya gedəcəyini görmək istəyirdi. Qəribə şey: hər kəs məmnun və müstərih (rahatlanmış) kimi nəzərə gəlirdi.

Elə bil ki, bir dərəcəyədək özləri azad olurdular.

Quşu aparmaqda  olan məhbus:

Əcaib şey, nə yaman məxluq, nə yaxşılıq edirsən də dimdikləyir! – deyə kəmali-şəfqətlə qorxunc quşa baxmaqda idi.

Mitqa, haydı, burax getsin!

Sən o şəfqətli baxışdansa, ona hürriyyət ver, hürriyyət, o, mərhəmət düşgünü deyil.

Qartalı hasarın üzərinə çıxardılar və oradan çölə buraxdılar. Bu payız günlərindən soyuq və tutqun bir gündə idi. Saralmış payız səhrasında külək acıqlı fışqırıqlar veriyordu. Qartal sağ olan qanadı ilə çırpınmağa və olanca qüvvətilə qaçmağa başladı. Elə bil ki, bizdən uzaqlaşmağa fövqəladə əcələ edirdi. Məhbuslar maraqla baxır və haraya getdiyini təqib edirdilər.

Birisi mütəfəkkiranə:

Görüyormusan, – dedi.

Heç dönüb baxmır da– deyə o biri əlavə etdi.

Heç bir dəfə də olsun, dönmədi, qaçır.

Sənə dönüb təşəkkürmü edəcək – zənn etdin, – deyə üçüncüsü sordu...

Məlum! Hürriyyət! Azad olmuş!

Demək, Svaboda!

Artıq görünməyir, qardaşlar...

Haydı, nə duruyorsunuz!!! – deyə müstəhfizlər (mühafizəçilər) bağırdı və hamısı sükut edərək işə başladılar.

Mütərcimi:

M.Ə.RƏSULZADƏ,

"İqbal" N 546, 3 yanvar, 1914