Elektron ədəbiyyat və sənət portalı

Romeonun monoloqu

Bölmə: Monoloqlar 05.07.2018

Şekspir
"Romeo və Cülyetta"
Romeonun monoloqu


Kapulettinin bağı.

Romeo daxil olur.

Romeo. Yara görməyənlər gülər yaraya.

Cülyetta eyvanda görünür.

Romeo. Dayan bir!

Eyvanda o işıq nədir?

Ora Qızıl Şərqdir, Cülyetta  –  Günəş!

Çıx, ey parlaq Günəş, paxıllığından

Sənə kin bəsləyən bu Ayı öldür.

Sən ondan daha çox gözəlsən deyə,

Qəmdən xəstələnib, rəngi saralıb.

Ona xidmət etmə, onun sarımtıl,

Solğun libasını əyninə geymə,

Belə libasları təlxəklər geyər.

Ah, mənim həyatım, ah, mənim eşqim!

Görəsən, bilirmi kim olduğumu?!

Dodağı tərpənir, danışmır fəqət.

Bu nədir? Gözləri danışır onun.

Cavab verəcəyəm, çox sırtığam mən,

Axı, danışmayır o ki mənimlə.

İki ən işıqlı, ən parlaq ulduz

Vacib bir iş üçün göydən gedəndə

Qəşəng gözlərinə yalvarıb onun:

Onlar gələnədək şəfəq saçsınlar.

Ah, onun gözləri gül camalıyla

Göydə nur saçsaydı, həqiqətən də,

Onun yanağının al şəfəqləri

Dan yeri çırağı utandırantək

Bütün ulduzları utandırardı.

Elə nur yayardı onun gözləri,

Quşlar cəh-cəh vurub qanadlanardı,

Gecəni işıqlı səhər sanardı.

Əlinə söykəyir yanağını, bax!

Onun yanağına toxunmaq üçün

Kaş onun əlində əlcək olaydım.

Cülyetta.

Ah, yazıq halıma!

Romeo.

O nəsə dedi.

Danış, yenə danış, gözəl mələyim.

Yerdən insanların mat-mat baxdığı,

Tənbəl buludların arası ilə

Büllur, saf havanın qoynunda uçan

Göylərin qanadlı qasidi kimi,

Bu zülmət gecədə başının üstdə

Sən necə nurlusan, necə qəşəngsən!