İlqar Əlfi

İlqar Əlfi - yazıçı, tərcüməçi, jurnalist.

 

İlqar Əlfi oğlu Qasımov. 1955-ci il, mart ayının 26-da Bakı şəhərində yazıçı ailəsində doğulub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsini bitirib (1976 – 1977-ci illərdə İranda tərcüməçi kimi xidməti ezamiyyətdə olub). Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsinin Xarici Verilişlər şöbəsinin fars dilində proqramlar baş redaksiyasında kiçik redaktor, redaktor, böyük redaktor olub. 1986-cı ildə televiziyanın Ədəbi-Dram verilişləri baş redaksiyasında televiziya tamaşaları şöbəsinin müdiri işləyib. 1988 – 1991-ci illər arasında “Dalğa” publisistik proqramının aparıcısı olub.

1992-ci ildən İran İslam respublikasının Bakıdakı səfirliyində müşavir vəzifəsində çalışıb.

1993-cü ildə müstəqil BMT telekanalının İnformasiya Departamentinə başçılıq edib.

1998-ci ildə yenidən mətbuata qayıdıb, uzun müddət “Bu gün”qəzetinin köşə yazarı, “Rakurs” qəzetlər qrupunun təsisçisi, “Avtoritet” qəzetinin baş redaktoru olub.

2003-cü ildə ABA telekanalında proqram aparıcısı vəzifəsində çalışıb.

2005-ci ildə Qafqaz media mərkəzinin təhsil kurslarının rəhbəri olub.

2012 – 2014-cü illər arasında APA televiziyasının Yaradıcılıq Şurasının sədri işləyib.

2014-cü ildən indiyədək Azərbaycan Tərcümə Mərkəzinin elm, təhsil və mədəniyyət şöbəsinin dil mütəxəssisidir.

Tərcümə fəaliyyəti ilə 1972-ci, bədii-publisistik yaradıcılıqla 1978-ci ildən məşğuldur.

“Avtoritet”, “Qızılbarmaq Fatma” romanlarının, hekayə toplusunun, yüzlərlə publisistik məqalənin müəllifidir.

İlqar Qasımov, İlqar Əlfioğlu və İlqar Əlfi imzası ilə yazıb.

 

Tərcümə fəaliyyəti

 

  1. Səməd Behrəngi – Hekayələri, nağılları, pedaqoji məqalələri
  2. Pablo Neruda – “Mən də yaşamışam” memuarlar toplusu
  3. Jorji Amadu – “Seçilmiş əsərləri”
  4. Per Lagerkvist – “Seçilmiş əsərləri”
  5. Joze Saramaqo – “Seçilmiş əsərləri”; “Kentavr” hekayəsi
  6. Toni Morrisson – “Seçilmiş əsərləri”; “Evə” romanı
  7. Jorj Simenon – “Seçilmiş əsərləri”
  8. Seton-Tompson – “Seçilmiş əsərləri”
  9. Harold Pinter – “Seçilmiş əsərləri”
  10. Redyard Kiplinq – “Seçilmiş əsərləri”
  11. Con Faulz – “Seçilmiş əsərləri”
  12. Tomas Mann – “Seçilmiş əsərləri”
  13. Bertold Brext – “Seçilmiş əsərləri”
  14. Elfrida Yelinek – “İdman” teatral romanı
  15. Edqar Po – “Artur Qordon Pimin sərgüzəştləri” romanı
  16. Sadeq Hedayət – “Kor bayquş” romanı
  17. Con Perkins – “Killerin etirafları” romanı
  18. Frensis Fukuyama – “Amerika yol ayrıcında”
  19. İran nasirlərinin hekayə toplusu
  20. Doris Lessinq – “Qarışqa yuvası” romanı
  21. Kendzaburo Oe – “Bu dünyaya atılmışlar” hekayəsi
  22. Nyabulo Ndebele – “Oğul ölümü” hekayəsi
  23. Klaudio Maqris – “Sən vardın” hekayəsi
  24. İnqa Şultse – “Cib telefonu” hekayəsi
  25. Hənif Qureyşi – “Nəhayət görüşdülər” hekayəsi
  26. Murad İbrahimbəyov – “Şəbəkə” povesti
  27. Amos Oz – “Küləyin yolu” povesti
  28. Nadin Qordimer – “Əsl safari” hekayəsi
  29. Pol Teru – “Sürü”, “İyirmi hekayə” hekayələri
  30. Ay U – “Şi Şinin arvadı”, “Qaranlığın o üzündə” hekayələri
  31. Con Apdayk – “Ölülər məmləkətinə səyahət”, “Göyərçin lələyi” hekayələri
  32. Vudi Allen – “Rədd edilmişlər”, “Qul”, “Mensa fahişələri”, “Şef” hekayələri
  33. Rey Bredberi – “Uşaq meydançası”, “Armageddonda yatanlar” hekayələri
  34. Artur Miller – “Buldoq” hekayəsi
  35. Süzen Zontaq – “Məktubla səhnə”, “Körpə” hekayələri
  36. Anna Kavan – “Buz” romanı
  37. Kurt Vonnequt – Morisson Bergeron”, “Meymunxanaya xoş gəldiniz” hekayələri
  38. Şarl Bodler – “Seçilmiş əsərləri” (sətri tərc.)
  39. Pol Verlen – “Seçilmiş əsərləri” (sətri tərc.)
  40. Artür Rembo – “Seçilmiş əsərləri” (sətri tərc.)
  41. Pol Valeri – “Seçilmiş əsərləri” (sətri tərc.)
  42. Herman Brox – povest və hekayələri
  43. Covannino Quareski – “Don Kamillonun Kiçik dünyası” – roman
  44. İsmayıl İmanov – “Povest və hekayələri”
  45. “Dərdin 41 üzü” – Müasir Afrika yazıçılarının hekayə toplusu
  46. “Hər suala bir cavab”– yeniyetmələr üçün çoxcildlik ensiklopedik toplu
  47. Piter Bruk – “Boş sahə” kitabı
  48. R.Feltem – “Gənc diplomatın masaüstü kitabı”

 

 

ADSIZ YAZI

 

“Mən ədəbiyyata Azərbaycanı dünyaya tanıtmaq üçün, ona Nobel ödülü qazandırmaq üçün gəlmişəm” – deyən şair dostum və hələlik sonuncu laureat Mario Varqas Lyosaya ithaf olunur...

Oktyabrın 9-da, Bakı vaxtı ilə 16:17-də, ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən yazarın adını monitordan oxuyanda barmaqlarım klaviaturanın buz kimi düymələrini sığallayırdı. Yəqin, yazı yazacaqdım, amma bu yazı deyildi...

* * *

İsveç Kral Akademiyasının bu mükafat təsis olunandan riayət etdiyi qəribə bir ehkam var: Nobelə layiq görülən yazarın bütün yaradıcılığını ehtiva edən bircə cümləni taparaq dünyaya yaymaq. 

Perulu Mario Varqas Lyosaya bu mükafatı “hakimiyyətin strukturunu bir xəritəşünas kimi tanıtdığına, qiyam edərək müqavimət göstərən fərdin, onun məğlubiyyətinin parlaq obrazlarını yaratdığına”, Orxan Pamuk öz “doğma şəhərinin melanxolik ruhunda mədəniyyətlərin toqquşması və bir-biriylə kəsişməsinin yeni əlamətlərini tapdığına”, Harold Pinter “öz pyeslərində bayağılıq, adiliklə təhtəlşüurun qapalı fəzası arasındakı uçurumu açıb göstərdiyinə, teatra ən əsas elementlərini – insanların baş-başa qaldığı, riyakarlığın qeyri-mümkün olduğu qapalı fəzanı və gözlənilməz dialoqları qaytardığına”, Joze Saramaqo “zəngin təxəyyülə söykənən, bir tərəfdən dərdə şərik, digər tərəfdən ironik pritçalarla reallığın aldadıcı olduğunu anlamağa imkan verdiyinə”, Leklezio “poetik avantüra və hissi ekstazın daimi hərəkətinin tərənnümçüsü, hakim sivilizasiyalardan kənar və daha dərindəki insaniyyətin tədqiqatçısı olduğuna”, Suracprasad Naypol “bizi adətən, müzakirəyə çıxarılmayan faktlar üzərində düşünməyə vadar edən sarsılmaz həqiqətpərəstliyinə”, Körtes “cəmiyyətin şəxsiyyəti getdikcə daha fəal şəkildə özünə tabe etdiyi bir dövrdə fərdin düşünərək yaşamağa necə davam edə bilməsi barədə suala cavab verdiyinə”, Qao Sintszyan “müasir dünyada insanın acınacaqlı vəziyyətindən doğan kədərlə möhürlənmiş kainat miqyaslı əsərlər yaratdığına” görə... Nobelə layiq görülüb.

Etirazım yoxdur, biz də alsaydıq, bəd olmazdı...

Buna nə var ki? Mövzu tapmaq lazımdır – bütün bəşəriyyəti eyni dərəcədə düşündürən, irqindən, milliyyətindən, dinindən və dünyagörüşündən asılı olmayaraq, heç kəsi biganə qoymayan mövzu. Elə bir mövzu ki, hardan –  nə vaxt – necə qaynaqlandığını anlatmasan belə, içindəki azərbaycanlının sevinci də, ağrısı da, ümidi və ümidsizliyi də İsveç Kral Akademiyasının bütün üzvlərinə əyan olsun. Vəssalam. Bu da Nobel! Nə var ki...

* * *

...1976-cı il... İyunun 3-də Tehrana yola düşəcəkdim. Hələ dördüncü kursu bitirməmişdim. Sovet dönəminin ayağı Arazdan o taya dəyəcək nadir xoşbəxtlərindən idim. Düzdür, Təbrizi görməyə heç gümanım yox idi – kim idi türk balasını o müqəddəs torpaqlara buraxan? Amma yenə də İran idi. Arazın o tayı... 
Dünən axşam Mədinə Gülgünlə Balaş Azəroğlu bizə gəlmişdilər – məni yola salmağa. Məni?

Yox! Məni yox! O taya keçəcək birisini. Mədinə xanımın gözləri sözlə doluydu. Heç dili də durmurdu. Sanki nələrisə deməməkçün durmadan danışırdı. Arada duruxub, udqundu, amma gözləriylə yeyirdi məni. Əllərimdən bərk-bərk yapışdı. Alacalanmış bəbəklərindəki ifadəni gizləmək üçün başını aşağı saldı, ilıq ovuclarındakı əllərimə zillədi, boğazına kal armud kimi ilişən nəyisə birtəhər udub dilləndi: “Sənə Mədinə xalan bir şey desin...” 

Balaş müəllim atamla söhbət edirdi, amma gözü, deyəsən, bizdəydi. Apar-topar qalxdı, mehriban səsiylə, amma ikinci bir yozumu olmayan amiranə tərzdə “Mədinə xanım, gecdir, getdik!” dedi.

Əllərimi əlindən buraxmağı bir ömür çəkdi sanki...

Getdim də, gəldim də, Allah qismət elədi Təbrizin (Təbriz vağzalının) havasını ciyərlərimə çəkdim də... Hələ üstəlik, rəhmətlik Səməd Behrənginin yasaqlanmış kitablarını da gətirdim. 

Tehranda xəstəxanaya da düşdüm, əməliyyat da olundum. Xəstəxanada məni (Bakıdan, Şurəvidən gələn oğlanı) sevməyən, nazımla oynamayan yox idi. 

Adları da bircə-bircə yadımdadır: Həcər xala, Pəri xanım, Aşot kişi, İrəm, Rəfiqə xala...
Həcər xala Sovetskidən idi. 1934-cü ildə bir ərdəbilli götürüb qaçmışdı onu. Müharibə ərəfəsində də ərinə qoşulub İrana keçmişdi. Yazıq arvad deyirdi ki, bizim vətənimiz yoxdur – o tayda həmşəriyik, bu tayda demukrat!..

Pəri xanım müğənni Ququşun rejissoru Elmira Səbahinin anasıydı, məndən qızına o qədər danışmışdı ki, bir gün Ququşu da götürüb dəyməyə gəldilər. Elə utandım ki... Əynində ortası dizə çatan kürd şalvarı (xəstəxanada belə geyinirlər), sənə deyirlər ki, Ququş görüşünə gəlib, bağçada gözləyir. Adam nə kökə düşər?.. Pəri xanımın əlindən onda yaman hirslənmişdim, amma indi minnətdaram.

Aşot kişi orada işləmirdi – xəstəydi, bizim palatada yatırdı. Dörd oğlu, gəlinləri, nəvələri dəstəylə gəlirdilər yanına. Evdən nə gətirsələr, mən dadına baxmayana kimi, əlini vurmazdı... Köynək fabrikləri vardı. On iki dənə rəngbərəngini mənə də bağışladı. Sonuncusunun – qırmızısının bir parçası indi də üzlüyü qurama yay yorğanımın üstündədir; hər baxanda Aşot kişi düşür yadıma...

Rəfiqə xala... O qədər sual verirdi ki, gəl görəsən. Bir dəfə soruşdu ki, sizin məktəblərdə Azərbaycan şairlərini keçirlər? Dedim: Əlbəttə keçirlər. Soruşdu: Sən heç şair görmüsən? Dedim: Atam yazıçıdır. Bizə o qədər qonaq gəlirlər ki... O gün daha sual vermədi. Ertəsi gün isə növbətçiydi, gecədən xeyli keçmiş məni xəlvətcə bayıra çağırdı. Dəhlizə çıxdım. Rəfiqə xaladan başqa kimsə yox idi. Arvad çox narahat görünürdü, mənə bir qəzet parçası uzatdı, “şairlərdi, bax, gör tanıdığın varmı...”

Baxdım, hamısı tanış idi: Balaş Azəroğlu, Mədinə Gülgün, Hökümə Billuri, Söhrab Tahir, Əli Tudə və daha kimlərsə. Yazıçılar İttifaqının ikinci mərtəbəsində çəkdirmişdilər şəkli – Səməd Vurğunun portreti önündə.

Soruşdu: Hansını tanıyırsan? Dedim: Hamısını. Soruşdu: Sadalaya bilərsən? Başladım: Balaş əmi, Mədinə xala...

Ayaqda duruş gətirə bilmədi, kətilin üstünə çökdü, gözlərindən süzülən, yaz yağmurununku kimi ağır damlalar taxta masanın üstündəki, qadın qoynunda gəzməkdən əprimiş qəzet parçasına töküldü: tıp...tıp...tıp..tıp..tıp-tıp-tıp-tıptıptıp... İlk dəfəydi səssiz qadın ağlamağı görürdüm...

Hələ də nə olduğunu anlamırdım. Mən axı nə biləydim ki, Tehrana yollananda məni ötürməyə gələn, mənə nəsə demək istəyən Mədinə xanımın doğma bacısıymış Rəfiqə xala?.. O gündən söhbətimiz yalnız Mədinə xaladan, Balaş əmidən, Arazdan bir də Etibardan oldu. Bildiklərimi danışdım, bilmədiklərimi gopladım...

...Rəfiqə xala demişdi ki, qayıdanda sənə məktub verəcəm, apararsan Mədinəyə. Amma ürək eləmədi. Bəlkə də, mənimçün qorxdu. Amma birlikdə şəkil çəkdirdik. Dedi ki, elə bu şəkli aparsan, dünyadır...

Qayıdanda təyyarə biletimi qatara dəyişdim – çünki Moskva qatarı Marağadan, Təbrizdən, Culfadan keçirdi...

Mədinə xalagil görüşümə həmin axşam gəldilər. Elə mən də şəkli verməyə yaman tələsirdim. Amma şəkli çıxarmağa macal tapmadım. Bu dəfə Balaş müəllim ha çalışsa da, qadını saxlaya bilmədi...

Boynumu qucaqlayıb hönkürtü çəkdi: Kaş mən deyəydim sənə! Kaş heç kəsə qulaq asmayaydım! Xalanla görüşərdin, indi onun qoxusunu səndən alardım!... 

Mən başqa heç nə demədim. Eləcə soruşdum: Rəfiqə xalanı deyirsən?...

...Sonra baş verənlər mənə yuxu kimi gəlir. Onu bilirəm ki, Mədinə Gülgün bu qəfil xəbərin sarsıntısından özünə gələnə kimi, azı iki ay çəkdi. Bir də həmin yay yazıçıların Şüvəlandakı yaradıcılıq evində dincələndə etiraf etdi bunu. Dedi: Otuz ildir görmürəm. Artıq üzünü unutmuşdum, amma qoxusu yadımdaydı... Necə oldu ki səni qucaqlayanda bacımın qoxusunu duya bilmədim? Qoxusunu da unutdum?...

* * *

Bölündüyündən kiçilən vətən, bölündüyündən zəifləyən xalq, bölündüyündən dağılan ailələr, insanlar, talelər... 
İnsan qaranquş deyil, gözləri önünə çəkilən bir qat tikanlı məftil bəs edir ki, dünənki obrazlar maddi reallıqdan yüngül mehin dağıtdığı dumana, tüstüyə dönsün, zehnində nağılların ən irrealı kimi yaşasın...

Bölünənlər və bölənlər... 

* * *

Nobel mükafatı bizdən uzaqdır. 

Nə qədər ki, dərdlərimizi sözlərə, obrazlara çevirib almana, vyetnamlıya, konqoluya, yəmən ərəbinə, irlanda, koreyalıya, hindistanlıya anlada bilməmişik, nə qədər ki onlarla eyni taleni yaşayan dərd qardaşı olduğumuzu ... duymayıblar, çox-çox uzaqdır...

P.S. Yazıma ad da tapdım:

NOBEL BİZDƏN 76-cı İLİN TƏBRİZİ QƏDƏR UZAQDIR