Elektron ədəbiyyat və sənət portalı

Nəriman Əbdülrəhmanlı

Bölmə: Mərkəz 12.07.2018

 

Nəriman Əbdülrəhmanlı – nasir, publisist, tərcüməçi, ssenariçi

1958-ci il iyunun 3-də Gürcüstan Respublikası Qaraçöp mahalının Düzəyrəm kəndində doğulub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1983-cü ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. 1980-ci ildən «Daşkəsən», «Sovet Gürcüstanı» qəzetlərində, «Kino» qəzeti və «Yeni filmlər» jurnalı redaksiyasında, C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının «Yaddaş» sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafiə Nazirliyinin kino-telestudiyasında, «Hərbi bilik» jurnalında, «Lider» televiziyasında, «Ulduz» jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, “Qanun”, “Adiloğlu” nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb. 2014-cü ildən Azərbaycan Tərcümə Mərkəzində çalışır.

N.Əbdülrəhmanlının ilk publisistik yazıları 80-ci illərdə çap olunub. 80-ci illərdə hekayələri, 90-cı illərdə povestləri, 2000-ci illərdə romanları işıq üzü görüb. О, 80-ci illərin axırlarından kinopublisistika və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik “Azərbaycan kino sənəti tarixi” monoqrafiyasını yazmaqla yanaşı, qələmə aldığı ssenarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib, 2001–2003-cü illərdə isə «Lider» televiziyasında silsilə sənədli filmlərin yaradılmasında iştirak edib. O 1991–1993-cü illərdə “Gümüş Aypara” Beynəlxalq Aşqabat kinofestivalının Azərbaycan üzrə icraçı direktoru kimi fəaliyyət göstərib. N.Əbdülrəhmanlı 80-ci illərdən folklor araşdırmaları aparmaqla yanaşı, bir çox aşıq və şairlərin yaradıcılığını toplayıb, kitab halında nəşr etdirib, onlarla kitabın tərtibçisi və redaktoru olub. О, еyni zamanda 80-ci illərdən bədii tərcüməylə ciddi və ardıcıl məşğul olub, gürcü, rus və türk dillərindən dünya ədəbiyyatı nümunələrini dilimizə çevirib. 2006-cı ildə yaradıcılığına görə Beynəlxalq Sənət Mükafatına, 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” – “Şans” mükafaına layiq görülüb. “Yalqız” romanı 2010-ci ildə Milli Kitab Mükafatının ilk onluğuna daxil olub, “Yolsuz” romanı isə 2011-ci ildə üçüncü mükafata layiq görülüb. 2018-ci ci ildə Azərbaycan Yaradıcılıq Fondunun "Ədəbiyyat adamı" mükafatına layiq görülüb. Əsərləri türk, rus, ərəb, gürcü və ingilis dillərinə tərcümə olunub. N.Əbdülrəhmanlı istefada olan mayor, Qarabağ müharibəsinin veteranıdır. O, 1998-ci ildən AYB-nin üzvü, 2004–2014-cü illərdə AYB İdarə Heyətinin üzvü olub. 2014-cü ildə AYB sıralarını tərk edib.

 

Kitabları:

«Таle kitabı», sənədli nəsr. Bakı, «Тəbib» nəşriyyatı, 2000, 446 səh., 1000 nüsxə.

«Yaddaşlarda yaşayan insan», sənədli nəsr. Bakı, «Аdiloğlu» nəşriyyatı, 2003, 264 səh., 500 nüsxə.

«Yelçəkən» (povest və hekayələr), Bakı, «Аdiloğlu» nəşriyyatı, 2004, 240 səh., 500 nüsxə.

«Yalqız» (roman və hekayələr), Bakı, «Qanun» nəşriyyatı, 2006, 428 səh., 500 nüsxə.

«Könül elçisi, yaxud Xuan de Persiа – Оruc bəy Bayatın hekayəti» (roman), Bakı, «Qanun» nəşriyyatı, 2006, 424 səh. 500 nüsxə.

«Dört dörtlük» (toplu), İstanbul, 2007, 356 səh., 1000 nüsxə.

«Ömrün 50 məqamı», sənədli nəsr. Bakı, «Аdiloğlu» nəşriyyatı, 2007, 408 səh., 500 nüsxə.

Ömrün müdriklik çağı”, sənədli nəsr. Bakı, “Adiloğlu” nəşriyyatı, 2010, 276 səh., 300 nüsxə.

“Yolsuz”, roman. Bakı, “Qanun” nəşriyyatı, 2011, 342 səh., 500 nüsxə.

“Yolçu” (roman-salnamə). Bakı, “Qanun” nəşriyyatı, 2013, 560 səh., 500 nüsxə.

"Qurban" (roman-xronika). Bakı, "Qanun" nəşriyyatı, 2014, 604 səh., 500 nüsxə.

Gönül elçisi, Don Juan de Persia  –  Oruç bey Bayatın hikayesi. Roman. Çevireni F.Gedikli. İstanbul, İz yayınçılık, 2015, 464 sayfa, 10.000 adet.

Könül elçisi, yaxud Don Xuan de Persia  –  Oruc bəy Bayatın hekayəti (roman-rekviyem). Bakı, "Qanun" nəşriyyatı, 2015, 448 səh., 500 nüsxə.

"Dönəlgə" (hekayələr, povest, roman). Bakı, "Qanun" nəşriyyatı, 2015, 244 səh., 500 nüsxə.

"Taclı. Şah, Şah(Bəyim), Şah(Zadə)" (roman-triptix). Bakı, "Qanun" nəşriyyatı, 2017, 596 səh., 500 nüsxə.

 

Тərcümə kitabları

Qoderzi Çoxeli. Küknarlara məktub (povest və hekayələr). Т.Мirzəylə birgə. Bakı, «Qanun» nəşriyyatı, 2006, 244 səh., 300 nüsxə.

Оrxan Pamuk. Mənim adım Qırmızı (roman). Bakı, «Qanun» nəşriyyatı, 2007, 512 səh.,1000 nüsxə.

Rasim Özdənörən. Kirli şüşələr (“Quyu” povesti), Bakı, 2007, 212 səh., 500 nüsxə.

Fərəh Pəhləvi. Xatirələr. Bakı, «Аdiloğlu” nəşriyyatı, 2007, 420 səh. 1000 nüsxə; "Kitab klubu", 2016, 496 səh., 500 nüsxə; "Xan", 2016, 420 səh, 500 nüsxə; "Qanun" nəşriyyatı, 2016, 300 nüsxə.

«Bir kədərli qadın» (Dünya nəsrindən seçmələr). Bakı, «Qanun» nəşriyyatı, 2008, 556 səh., 1000 nüsxə.

Novella və hekayələr. (Yapon novellası, Alman hekayələri, Latın Amerikası novellaları. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2008, 656 səh.,300 nüsxə.

Orxan Pamuk. Seçilmiş əsərləri. (“Dünya ədəbiyyatı” seriyasından). Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2009, 616 səh., 7000 nüsxə.

Andrey Platonov. Seçilmiş əsərləri. (“Dünya ədəbiyyatı” seriyasından). Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2009, 448 səh., 7000 nüsxə.

Gustav Le Bon. ”Sosializm psixologiyası” (“Fikir antologiyası” seriyasından), Bakı, “Zəkioğlu” nəşriyyatı, 416 səh., 300 nüsxə.

Fyodor Dostoyevski. ” Qumarbaz” (roman). Bakı, “Qanun” Nəşriyyatı, “Əli və Nino” nəşriyyatı, 2011, 180 səh. 500 nüsxə.

Paulo Coelho. “On bir dəqiqə” (roman). Bakı, “Qanun” nəşriyyatı, 2011. 300 səh., 500 nüsxə.

Qabriel Qarsia Markes. “Sənin qar üstündəki izinlə”. Povest və hekayələr. Bakı, “Qanun” nəşriyyatı, 2011, 184 səh.,500 nüsxə.

Andrey Platonov. “Can” (roman), Bakı, “Qanun” nəşriyyatı, 2011, 500 nüsxə.

Paulo Koelyo. “İşıq savaşçısının kitabı” (romanlar), Bakı, “Qanun” nəşriyyatı, 2001, 302 səh., 500 nüsxə.

Orxan Pamuk. “Pəncərədən baxmaq” (uşaqlar üçün), Bakı, “Qanun” nəşriyyatı, 2011, 36 səh., 1000 nüsxə.

XX əsr dünya ədəbiyyatı antologiyası, II cild (9 hekayə), Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2012, 520 səh., 1000 nüsxə.

Paulo Koelyo. Seçilmiş əsərləri (“Dünya ədəbiyyatı kitabxanası” seriyasindan). Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2012, 592 səh., 7000 nüsxə.

Nəcib Fazil Qısakürək. Seçilmiş əsərləri (“Dünya ədəbiyyatı kitabxanası” seriyasindan). Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2012, 552 səh., 7000 nüsxə.

İsgəndər Pala. Şah və Sultan (roman). Bakı, “Qanun” nəşriyyatı, 2012, 384 səh., 1000 nüsxə.

Əlif Şəfəq. Eşq (roman). Bakı, “Qanun” nəşriyyatı, 2012, 464 səh., 1000 nüsxə.

İskəndər Pala. Od. Bizim Yunus (roman). Bakı, “Qanun” nəşriyyatı, 2012, 364 səh., 2000 nüsxə.

Paulo Koelyo. Zahir (roman). Bakı, “Qanun” nəşriyyatı, 2012, 320 səh., 1000 nüsxə

Ədəbi Nobel antologiyası. Bakı, “Qanun” nəşriyyatı, 2012, 816 səh., 500 nüsxə.

Orxan Pamuk. Qara kitab (roman). Bakı, “Qanun” nəşriyyatı, 2013, 484 səh., 1000 nüsxə.

Mürriel Maufroy. Eşqin Kimyası (Ruminin qızı haqqında roman), Bakı, “Qanun” nəşriyyatı, 2013, 272 səh., 1000 nüsxə.

Yukio Mişima. Məhəbbət yanğısı (roman). Bakı, “Qanun” nəşriyyatı, 274 səh., 1000 nüsxə.

Lourens Lokkart. Nadir Şah (monoqrafiya). Bakı, “Qanun” nəşriyyatı, 550 səh., 1000 nüsxə.

Ziya Şakir (Soku). Həzrəti Əli. Həyatı. Nəsihətləri. Döyüşləri. Bakı, “Qanun” nəşriyyatı, 542 səh., 1000 nüsxə.

Elif Şafak. Qara süd (roman). Bakı, “Qanun” Nəşriyyatı, 2014. 356 səh., 1000 nüsxə.

Ahmet Ümit. İstanbul xatirəsi (roman). Bakı, “Qanun” Nəşriyyatı, 2014, 668 səh. 1000 nüsxə.

Orxan Pamuk. Mənim adım Qırmızı (roman), Bakı, “Qanun” Nəşriyyatı, 2014, 636 səh. 1000 nüsxə.

Əhməd Həmdi Tanpınar. Saatları qurma institutu (roman), Bakı, “Qanun” Nəşriyyatı, 2014, 442 səh. 1000 nüsxə.

Xorxe Luis Borxes. Seçilmiş əsərləri.(“Dünya ədəbiyyatı kitabxanası” seriyasindan). Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2014, 360 səh., 7000 nüsxə.

Xorxe Luis Borxes. Qum kitabı (hekayələr), Bakı, “Qanun” nəşriyyatı, 2014, 284 səh., 1000 nüsxə.

Gül İrepoğlu. Cariyə. Roman. Bakı, “Qanun” nəşriyyatı, 2015, 284 səh., 1000 nüsxə.

Kenzaburo Oe. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2014, 640 səh., 1000 nüsxə.

Migel Asturias. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2015, 558 səh., 7000 nüsxə

Tomas Vulf. Seçilmiş əsərlər. (A.Məsudla birgə).”Şərq-Qərb” nəşriyyatı, 2015, 416 səh., 7000 nüsxə

Paulo Koelyo. İşıq savaşçısının kitabı (roman). Bakı, “Qanun” nəşriyyatı, 2015, 190 səh., 1000 nüsxə.

Paulo Koelyo. Maktub (roman). Bakı, “Qanun” nəşriyyatı, 2015, 256 səh., 1000 nüsxə.

Orxan Pamuk. Beynimdə qəribəlik (roman). Bakı, “Qanun” nəşriyyatı, 2015, 564 səh., 1000 nüsxə.

Vladimir Varava. İyul işığı. Hekayələr. Bakı, “Qanun” nəşriyyatı, 2016. 200 səh., 500 nüsxə.

Ahmet Hamdi Tanpınar. Beş şəhər. Xatirə. Bakı, “Qanun” nəşriyyatı, 2016, 232 səh.,1000 nüsxə.

Gül İrepoğlu. Kölgəmi qoydum zanbaq bağçalarında. Bakı, “Qanun” nəşriyyatı, 2016, 342 səh., 1000 nüsxə.

Mehmet Mollaosmanoğlu. Cənnət Ayrıcı (roman). Bakı, “Qanun” nəşriyyatı, 2016, 288 səh., 1000 nüsxə.

Vaqif Rəhmanov. Müdrik sözlər. Bakı, “Qanun” nəşriyyatı, 2017, 288 səh., 300 nüsxə.

İbrahim Saryal. Bakı rüzgarı. Sənədli roman. Bakı, “Xan” nəşriyyatı, 384 səh., 500 nüsxə.

Tomas Vulf. Dünyanın hörümçək toru. Romanlar və hekayələr. (A.Məsudla birgə). ATM, 2018, 356 səh., 500 nüsxə.

Lourens Lokkart. Nadir Şah (Monoqrafiya). Bakı, “Qanun” nəşriyyatı, 2018, 456 səh., 1000 nüsxə.

Qurban Səid. Qızılbuynuzdan olan qız (roman). Bakı, “Qanun” nəşriyyatı, 2018, 288 səh., 1000 nüsxə.

Virciniya Vulf. Mayaka doğru (roman). Bakı,"Qanun" nəşriyyatı, 2018, 192 səh., 1000 nüsxə.

Gürcü ədəbiyyatı antologiyası (Tərtib edənlərdən və tərcüməçilərdən biri). Azərbaycan Tərcümə Mərkəzi. Bakı, “Təhsil” nəşriyyatı, 2018, 400səh., 500 nüsxə.

 

Ssenarisi əsasında çəkilən sənədli və bədii filmlər

“Haray” (qısametrajlı, rej. R.Rzayev), 1989.

“Sərhəd” (qısametrajlı, rej. N.Abbas), 1990.

“Ağ-qara dünya” (qısametrajlı, rej. Ş Nəcəfzadə) 1991.

“Miras” (qısametrajlı, rej. N. Rzayev), 1992.

“General Rəsulbəyov” (qısametrajlı, rej. C.Quliyev), 1995.

“Şeytanbazar” (qısametrajlı, rej. N. Abbas), 1997.

“Əzablı yollarla” (3 seriyalı, N.Nəsibzadə və Y.Tunalla birgə, rej. Z.Məhərrəmov), 1993.

“Qara Volqa” (bədii, rej. E.Məmmdov), 1993.

"Adam" (film, 2010)

 

 

 

YARIMÇIQ GÜN

(hekayə)

...Hər şey gözlədiyindən də yaxşı başa çatıb...

Cəmi iki saatdan sonra ailə-iş qayğılarından, şəhərin basırığından canını qurtarıb əziyyət-filan çəkmədən şəhərətrafı qəsəbədəki sanatoriyaya gəlib çıxmısan, qeydiyyatçı xanımın umacaqlı gözlərinin içinə baxa-baxa, elə o cür də umacaqlı olan təbəssümünü “qiymətləndirib” təkadamlıq otaq almısan, hər şeyi yerbəyer eləyib arxayınlaşmamış sarımtıl, yumşaq kağız dəstini, bir də qələmi masanın üstünə qoyub pərdəsi yarıçəkilmiş pəncərədən bayıra baxırsan. Düzdü, dəniz görünmür, amma qış da olsa, gözlərinin qarşısında həmişəyaşıl ağacların ruha dinclik gətirən sıraları uzanıb gedir. Hava bir az küləklidi, səhər sən avtobusa minəndə xırda-xırda yağan yağış artıq sulu qara çevrilib, göydən çəpəki enən qar dənəcikləri binanın ətrafındakı daş döşəməyə çatan kimi əriyir. Əlbəttə, bu cür yağmaqla çətin ki, yerdə nəsə qala. Belə çıxır, bu il də qar görməyəcəksən.

Qapını döyürlər, gedib açırsan: xadimə qadındı, yatağın mələfələrini, dəsmal və məhrəba gətirib. Görünür, onun da oynaqları ağrıyır, sanatoriyada işləyə-işləyə bu xəstəlikdən əziyyət çəkməsi də sənə qəribə gəlir. Qadın yanlarını basa-basa, asta yerişlə gəlib mələfələri, yastıqüzünü dəyişir, dəsmal və məhrəbanı çarpayının başına qoyur, xoş istirahət arzulayıb, nəzərlərini döşəmədən çəkmədən əlavə eləyir ki, bir şeyə ehtiyacınız olsa, deyərsiniz. Qaydanı bilirsən, bu məqamda sol çiynin yuxarı qalxır, sağ əlin cibinə gedir, xırda əskinaslardan birini çıxarıb qadının zəhmətini qiymətləndirirsən.

Qadın dil-ağız eləyib çıxandan sonra dönüb kiçik masanın üstündəki qələm-kağıza baxırsan. Beynindən keçirirsən ki, düzdü, gəlmisən, amma xəstəliyin-filan boş şeydi, sənin canındakılar cürbəcür proseduralarla çıxan deyil; bu gün bazar günüdü, səhər tezdən həkimin qəbulunda olacaqsan, səni müayinə eləyəcək, yazıb-pozacaq, prosedurları müəyyənləşdirəcək, məsləhətlər verəcək, sən də cıdır atı kimi dəstədə öz yerini tutacaq, tibb bacılarının arxasınca qaçacaq, növbələrdə gözləyəcək, hər kəslə dil tapmağa çalışa-çalışa, prosedur kabinələrində çoxu rayonlu olan, yad qadın mehri üçün burunlarının ucu göynəyən kişilərin yetik atmacalarını, tibb bacılarının umacaqlı zarafatlarını, təsadüfi tanışlardın danışdıqları boyat əhvalatları dinləyəcək, tər və çirkli paltar qoxusuna tab gətirməyə çalışacaq, dadsız-duzsuz yeməklərdən yeyib çarpayında uzanacaq, ya da eyni dərdli olduqlarına görə tez dil tapan xəstələrdən birilə gap eləyə-eləyə həyətdə gəzişəcək, uzaqbaşı qəsəbənin küçələrində işsiz-gücsüz adam kimi veyillənəcəksən. Arabir dost-tanışlardan bir neçəsi canı yandığına, bir neçəsi sonra səninlə üz-üzə gələndə başını dik tutmaq üçün, bir neçəsi də elə-belə, bekar olduqlarına görə baş çəkəcək, cürbəcür söhbətlərlə başını ağrıdandan sonra ölçülü-biçili, ütülü sözləri qabırğana göşəyib gedəcəklər, sən yenə öz fikirlərinlə təkbətək qalacaq, müalicə prosedurları vaxtı bədəninə elektrik cərəyanı verilə-verilə, masajçının əlləri bədənində oynaya-oynaya, vannada uzana-uzana təəssüfqarışıq ağrı duyacaq, o ağrının səbəbini çək-çevir eləyə-eləyə fikirlərin dolaşığında itib-batacaqsan.

Əşyalarını hələ yerbəyer eləməyə tələsmirsən, nəyi gözlədiyini heç özün də bilmirsən. Nə müddətdi arzuladığın təkliyə, rahatlığa çatmısan, ən azı daxili yüngüllük, rahatlıq duymalısan. Yolüstü meyvə almışdın, sellofan topbadan alma götürüb həmişə olduğu kimi, əlinlə silir, dişləmək istəyirsən, amma dişlərinin daha o iqtidarda olmadığını beynindən keçirib yol sumkasının cibindən qatlama bıçağı çıxarırsan. Bıçağın tiyəsi almanı ülgüc təki doğrayır, həmin məqamda da sol əlinin çeçələ barmağında kəskin ağrı duyursan: tiyə qabıqdan keçib barmağın ucuna sancılıb, xırdaca kəsikdən qan gəlir. Qeyri-iradi əlini silkələyirsən, bir damcı kağızın üstünə düşür, sən də yavaş-yavaş kağıza hopan ləkəyə baxa-baxabir anlığa barmağının ağrısını unudursan. Ləkə O hərfini xatırladır, amma yanında xırdaca nöqtə var: O. Yəni, O, vəssalam. “Əlbəttə, O, - beynindən keçirirsən, - İlahi Qüvvə. Gəlməyinin səbəbi də O-du, getməyinin səbəbi də O olacaq. Hesab eləmə ki, gəlib bura çıxmısan, hər şey olub-bitib. Bir andan, bir dəqiqədən, bir saatdan sonra nə baş verəcəyini O-ndan başqa kim bilir?”

İfrat dindar-filan deyilsən, heç kəlmeyi-şəhadətini də düz-əməlli bilmirsən, namaz qılmırsan, oruc tutmursan, məscidə ancaq yas mərasimlərində gedirsən, amma O-na şəkk eləmirsən, bunun düzgün olub-olmadığı barədə də heç fikirləşməmisən, inanırsan ki, Aləmin fövqündə olan İlahi Qüvvə var, yoxsa bu qədər mükəmməl həyat nizamı hardan yaranardı?

Əlbəttə, alma yemək həvəsin qaçır, çeçələ barmağının qanını salfetlə kəsməyə çalışa-çalışa əvvəlcə kağızın üstündəki qan ləkəsinə, sonra bayıra – daha da güclənən sulu qara baxırsan. “Nə quruyub qalmısan, - öz-özünü töhmətləyirsən, - istəyin bu deyildimi, nə vaxtdı belə bir şəraitin həsrətini çəkmirdinmi? İndi otur, yaz, canının ağrısından da betər olan ruhi ağrılarını sözlə ovutmağa çalış, bəlkə bir az sakitləşəsən, rahatlıq tapasan?” Hə, bu dəfə nədən yazacaqdın? Gənclik sevgindən, daha doğrusu, öz içində gizlətdiyin, O Qızın çox-çox sonralar, artıq Qadın olub, ömür yarıdan ötüb, hər şey başqa cür olandan sonra xəbər tutub heyrətləndiyi hisslərindən. Yaş ötdükcə, can əyildikcə o yaşantıları kağıza köçürməyi daha çox arzulayırsan. Əlbəttə, adını çəkməyəcəksən, yerini-yurdunu bəlli eləməyəcəksən, ancaq özünə məhrəm saydığın O Qadın barədə yazacaqsan; yəqin, nə vaxtsa oxusa, olub-keçəndən xəbər tutacaq, çünki başa düşməyə bilməz, o yazacaqlarında elə çalarlar var ki, ona tanış gəlməyə, üstünü illərin külü örtmüş xatirələri oyatmaya bilməz.

“Oyatmalıdı... Amma oyadacaqmı?!” Bunu masanın üstündəki hələ bıçağı çıxarmadığın almaya, sonra qələm-kağıza, daha doğrusu, kağızın üstündəki bir iri, bir də xırdaca qan ləkəsinə baxa-baxa beynindən keçirirsən. Artıq ləkələr tamam kağıza hopub, qırmızı yox, boz-qara rəngə çalır. Barmağının qanı da dayanmır, baş barmağınla salfetin üstündən nə qədər bərk basırsan, qan o qədər də çox yayılır. “Bayırda külək, sulu qar, içəridə kiçik masanın üstündəki kağız-qələm, rəngi bozarıb-tündləşmiş qan ləkələri... – fikirləşirsən, - bütün bunlar sənə nəsə deməlidi axı; ən azı yazmağa təhrik eləməlidi... Can atdığın bu deyildimi, di, otur yaz...”

Amma nədən yazacaqsan? Bəlkə də bu binanın bir neçə yüz addımlığında yaşayan O Qadınla səni indi solğun, odu-alovu öləzimiş, bir azca ağrısı qalmış xatirələrdən başqa nə bağlayır? Bəlkə elə xəstəliyin bəhanədi, bu sanatoriyaya göndəriş vərəqini də heç ağlına gətirmədən, altıncı duyğunu təsirilə bu məsafə yaxınlığı üzündən almısan? Əlbəttə, o vaxt bu barədə fikirləşməmişdin, ancaq avtobus şəhərətrafı qəsəbəyə çatanda yadına düşdü ki, ilin əksər aylarını, bayram və istirahət günlərini şəhərdən qaçıb burdakı bağ evində keçirdiyini bir neçə il əvvəl sosial şəbəkədə təsadüfən tapışanda özü yazmışdı. Amma sənin bu ötəri mehrdən nəsə gözləməyin səfehlikdən başqa bir şey deyil. Bu yaşa çatmısan, hələ dərk eləməmisən ki, ruhi yaxınlıq olmayan yerdə məsafənin azlığının-çoxluğunun elə bir fərqi yoxdu. Ən azı onun öz həyatı, öz qayğıları, öz istəkləri var, az qala otuz il əvvəl olub-keçənlər, olsa-olsa, izzəti-nəfsini oxşaya, gəncliyilə bağlı xatirələrinə çalar qata, xatırlayacaqlarını bir qədər dada-tama gətirə bilər. Təbii ki, lap yaxınlıqda olduğunu bilsə belə, özünü sındıra, durub sənə baş çəkməyə gələ bilməz, sadəcə hərdən bir vaxtlar onunla bağlı olan hisslərini qəlbinin dərin guşələrindən çıxarıb yarıtəəssüf-yarıkədərlə baxacağı xatirə şəkli kimi saxlayar, vəssalam.

Qandan ağırlaşmış salfeti zibilqabına atıb yaranı cib dəsmalınla bağlayır, sol əlini gödəkçənin cibinə soxur, sonra bu sıxıntıdan qurtulmaq, bir az vaxt öldürmək üçün bayıra çıxırsan. Mərtəbələrdə eyni kanala köklənmiş televizorlarla üzbəüz stullara çökmüş beş-üç nəfər adam görürsən. Külək giriş qapısını üzünə çırpır, soyuq boyun-boğazını yalayır, kepkanı başında bərkidib odladığın siqareti sümürə-sümürə nəzərlərini daş döşəmədə əriyən qara zilləyirsən. “Əlbəttə, yazmaq istəyin olmasaydı, qışın bu vaxtında dincəlməyə, lap elə müalicəyə gəlmək axmaqlıqdı, - beynindən keçirirsən. – Əvvəla, sənin dərdin nə dava-dərmanlıq, nə prosedur-filanlıqdı. Ola bilsin, bütün bunlar cismani ağrılarını azaltmağa kömək elədi, bəs ruhundakı təlatümləri neyləyəcəksən? O təlatümlərdən heç özün baş açmırsan, binəva həkim nə əlac eləsin? Pəhriz, vanna, əl-ayaq hərəkətləri, masaj... ancaq cismindən ötrüdü, nə ruhunun ağrıyan yerinə çatar, nə bir faydası olar...”

Üzbəüz korpusdan üç kişi çıxır, gödəkçələrinin, paltolarının boyunluğunu qaldırıb, papaqlarını rahlayıb asta-asta yeməkxanaya doğru gedirlər. Yadına düşdü, növbətçi tibb bacısı demişdi ki, göndəriş vərəqinizi göstərib günorta və axşam yemək yeyə bilərsiniz, onsuz da bugündən qeydiyyata alınacaqsınız. Səhər arvad-uşağı oyatmamaq üçün ehtiyatla hərəkət eləyə-eləyə mətbəxdə bir stəkan şirin çayla ikicə dilim çörək yesən də, iştahın yoxdu, üstəlik, haqqın ola-ola kağız göstərib yemək istəməyi də özünə ar bilirsən. Bəlkə elə bu duyğu səni içəri qayıtmağa, mənzərəsi dəyişməmiş mərtəbələri qalxıb otağına dönməyə vadar eləyir. Nə qədər üşüdüyünü də yalnız isti otağa girəndə duyursan.

Oturmadan masanın üstündəki hələ bıçaq tiyəsini çıxarmadığın almaya, sonra qələmə, axırda kağızdakı “O.” ləkəsinə baxırsan. Əlbəttə, gördüyünü dairə hesab eləyə, bu cür mənalandıra bilərdin: “Dairə qapandı. Vəssalam.” Əgər beləydisə, yenə qaçılmaz, amansız məntiqə gəlib çıxırsan: yol basa-basa bura ağrılarını ovutmağa gəlməyin səfehlikdən başqa bir şey deyil; guya yazmaqla təskinlik tapacağın da, olsa-olsa, özünü müvəqqəti aldatmaqdı; O Qadınla bağlı xəyal qurmağınsa nə indiki abırlı ailə başçısı statusuna uyğundu, nə də həyatına məna gətirər; buna görə də bu şəhərətrafı qəsəbədə özünə üç həftə əzab verməklə günah iş tutmuş olarsan. Uzaqbaşı göndəriş vərəqini iş yoldaşlarından kiməsə verərsən, düzüb-qoşar, ömrünə dua eləyə-eləyə dincələr. Sənsə yenə əvvəlki kimi, fiziki ağrılardan çox mənəvi ağrılardan qovrula-qovrula yaşayarsan. Şair demişkən, sonrası... sonrası nə ola-ola...”

Bıçağı almadan çıxarıb yol sumkasının, qələmisə gödəkçənin cibinə qoyur, üstündə qan ləkəsi olan vərəqi kənara sürüşdürüb kağız dəstəsini zibilqabına atırsan.

Sumkanı götürüb qapıdan çıxanda beynindən keçir ki, hər halda kağızın üstündəki ləkə indi ağlına gəlməyən daha bir mənanı da ifadə eləyir.

Çeçələ barmağı zoqquldayan col əlini unutmağa çalışa-çalışa binadan çıxanda otağın açarını verdiyin növbətçi tibb bacısının təəccübdən qapı ağzında sual işarəsinə döndüyünü görmürsən.

Dayanacağa sarı gedə-gedə fikirləşirsən ki, yəqin indi şəhər əməlli-başlı qara bürünüb. Həmin məqamda dümağ, tərtəmiz qarı gözdolusu görməyi arzulayırsan...

 

Yanvar 2016