Elektron ədəbiyyat və sənət portalı

İspan ədəbiyyatının sonuncu klassiki

Bölmə: Dünya ədəbi prosesi 04.07.2018

Migel Delibes (1920-2010) vətəndaş müharibəsindən sonrakı ispan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Yazıçının romanlarında kasıb ispan kəndləri, az qala həyat nişanəsi olmayan balaca şəhərlər, öz tənhalığının içində vurnuxan insanlar təsvir olunur. "Alçaldılmış və təhqir olunmuşların" aləmində yaşayan, əbəs yerə nəyəsə ümid bağlayan qəhrəmanlarını - bu sadə insanları yazıçı sevə-sevə, həm də ürək ağrısıyla qələmə alır.

İspan xalqı, demək olar, qırx il faşist diktaturasının əsarəti altında yaşayıb. Frankoçular yalnız totalitar dövlət yaratmamışdılar, həmçinin mədəniyyəti də ideologiyaya tabe etdirməyə çalışmışdılar. Ancaq bu təşəbbüs baş tutmadı; frankoçular vətəndaş müharibəsini udsalar da, mədəniyyət uğrunda mübarizədə uğursuzluğa düçar oldular. Çünki bədii yaradıcılığın öz obyektiv qanunları var, o, həmişə insanı əzən siyasi sistemlərə müxalifətdə olur.

Diktatorun hakimiyyətə gəlişindən heç üç il keçmədi ki, Kamilo Xose Selanın "Paskual Duartenin ailəsi", 1944-cü ildə isə Karmen Laforetin “Heç nə" romanları işıq üzü gördü. Bu romanlar oxuculara dəhşətli gerçəkliyi açıb göstərdi. Acınacaqlı güzəran, zorakılıq, əzab-əziyyət adi insanı miskin bir varlığa, bəzən də yırtıcıya çevirmişdi. Bu əsərlər ədəbiyyatda yeni cərəyanın - "dəhşətli və qorxunc" mənasını verən "tremendizm"in əsasını qoydu. Ancaq ümidsizlik, çıxılmazlıq, baş alıb gedən zorakılıq ispan xalqının həyatını heç də tam əks etdirmirdi. Ədalətsizliklə barışmayan, tarixin kədərli təcrübəsindən nəticə çıxaran gənc nəsil yetişməkdəydi. Əllinci illərdə "obyektiv nəsr", ya "obyektiv roman" adlanan yeni ədəbi cərəyanın əsası qoyuldu. Son- ralar ispan ədəbiyyatına şöhrət qazandıran bu cərəyanın yaradıcıları arasında Xuan və Luis Qoytisolo, Ana Mariya Matu- te, Alfonso Qrosso, Xuan Qarsiya Ortelano, Antonio Ferres və s. yazıçılar vardı. Tremendistlərdən fərqli olaraq, yeni cərəyanın nümayəndələri həyatı bütün rəngarəngliyilə təsvir eləməyə, rəsmi təbliğatın vətəndaş müharibəsi haqqında yaratdığı mifi darmadağın etməyə çalışırdılar.

Ancaq həmin illərdə ədəbi proses "tremendizm" və "obyektiv nəsr"lə məhdudlaşmırdı; öz yaradıcılığında klassik ispan ədəbiyyatı ənənələrinə söykənən yazıçılar da vardı. Onlardan biri də görkəmli ispan yazıçısı Migel Delibesdir.

Delibes ədəbi yaradıcılığa başladığı dömdə tremendizmin təsiri çağdaş ispan ədəbiyyatında hələ çox güclü idi və bu təsir gənc yazıçıdan da yan ötmədi. Onun "Sərv ağacının uzun kölgəsi" (1947) adlı ilk romanı ağrılı-acılı həyatdan, ölümdən bəhs eləyirdi və gözləmədiyi halda yazıçıya böyük uğur gətirərək - Nadal adına ədəbiyyat mükafatına layiq görüldü. Sonralar Delibes yazırdı: "Mənə mükafat verdilər, mən də romançı olmağı özümə borc bildim". Yalnız üçüncü romanında ("Yol") Delibes öz mövzusunu və öz qəhrəmanlarını tapa bildi: ispan kəndi onun 50-60-cı illərdə qələmə aldığı əsərlərin aparıcı mövzusuna çevrildi. Yazıçı öz mövqeyini belə izah edirdi: "Heç vaxt dəyərini itirməyən nələrisə ömürboyu axtarmışam... və indiyə qədər təbiətdən ayrısını tapmamışam. Ona görə adi, sadə insanlara sevgimi şıltaqlıq saymayın. Mənim üçün roman, hər şeydən əvvəl, insan obrazıdır. Öz təbiiliyini, saflığını itirməyən insanı isə ancaq sadə xalqın içində tapmaq olar". "Xalq" deyəndə yazıçı kəndə, torpağa bağlı insanı nəzərdə tuturdu, onu öz kökündən, yüzillərin adət-ənənəsindən ayıran şəhər həyatına isə qorxu ilə yanaşırdı. Epistolyar janrda yazılmış "Altmış yaşlı həyat aşiqinin məktubları" əsərində də bu mövzuya toxunulur.

Ancaq Delibesin mövzu dairəsi tədricən genişlənib, həyatın yeni-yeni qatlarını əhatə eləyir; yazıçı sivilizasiyanın birbaşa tənqidindən fərqli olaraq, onun daşıyıcılarının sosial faciəsini araşdırmağa başlayır: hər şeyə tənqidi yanaşan, özgə dərdinə biganə qalmayan, xalq qarşısında öz məsuliyyətini hiss eləyən müasir ispan ziyalısının obrazı önə çıxır. Yaradıcılığının bu mərhələsində sosial və əxlaqi problemlər də yazıçının diqqətindən kənarda qalmır ("Beş saat Mario ilə birlikdə”, "Atalarımızın müharibəsi", "Taxtdan salınmış şahzadə").

XX əsr ispan ədəbiyyatının sonuncu klassiki adlandırılan Migel Delibes müxtəlif dillərə tərcümə olunan 50 kitabın müəllifidir. Yazıçı bir çox ədəbi ödüllərə, o cümlədən, ispandilli ədəbiyyatın ən nüfuzlu mükafatı sayılan Servantes mükafatına (1993) layiq görülüb. 1998-ci ildə çap edilən "Kafir" romanına görə isə Nobel mükafatına namizəd göstərilib.

 

Saday Budaqlı