Elektron ədəbiyyat və sənət portalı

Zakir Fəxri

Bölmə: Mərkəz 12.07.2018

Zakir Fəxri - şair, tərcüməçi.  

3 aprel 1948-ci ildə Ağdam şəhərində doğulub.

1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) nəqliyyat fakültəsini bitirib. 1985–89-cu illərdə “Ulduz” jurnalı redaksiyasında ədəbi işçi, 1989–1991-ci illərdə AYB yanında Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi sədrinin referenti, 1991–92-ci illərdə şöbə müdiri, 1992–2003-cü illərdə “Xəzər” jurnalının baş redaktor müavini vəzifələrində çalışıb.

"Xatirə çiçəyi”, “Bir ömrün tarixi”, “Qalmaz belə, qalmaz dünya”, “Yaza və yoza bilmədiyim yuxu”, “Rekviyem”, “Qaranlıqdan aydınlığa”, “Qara Məlik, Qara Qəzənfər və mən” kitablarının, “Dustaqxanadan-dustaqxanaya” romanının, həmçinin, Vilyam Bleyk, Con Kits, Henri Lonqfello, Edqar Po, Uolt Uitmen, Ro- bert Frost, Allen Ginzberq, Pol Verlen, Artur Rembo, Rober Desnos, Qarsia Lorka, Vilyam Batler, Derek Uolkott, Çeslav Miloş, Oktavio Pas, Georq Geym, Riçard Brotiqan, Vislava Simborska, Emili Dikinson, Ezra Paund və s. Kimi dünya şairlərinin əsərlərinin tərcümə müəllifidir.

2009-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülüb.

Azərbaycan Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktor müavinidir.

 

Şəxsiyyət vəsiqəsi

Yolumu sapdım, deyəsən,

Bu dünyaya azıb gəldim.

Göy üzü dərddən çatladı,

Qoşulub bir damla suya,

Mən o çatdan sızıb gəldim...

 

Gördüm qanadlanır quşlar

Bir səsə – Azan tərəfə.

Adamlar ardımca gəlir,

Gəlir mən azan tərəfə...

 

Gördüm dil açıb çöl-bayır,

Göylərdən yağış diləyir.

Bir qarı günlərin sayır,

Bir qoca ömrün ələyir.

 

Dörd bir yanı duman aldı,

Quşlar avaza gəlmədi.

Qəriblikdən sərxoş düşdüm,

Ruhum namaza gəlmədi.

 

Yolumu sapdım, deyəsən,

Bu dünyaya azıb gəldim.

Göy üzü dərddən çatladı,

Qoşulub bir damla suya,

 Mən o çatdan sızıb gəldim...

 

“QALMAZ BELӘ, QALMAZ DÜNYA”

Bığ yeri tәrlәyәn igid,

Girәvә һәrlәyәn igid,

İçindә çәrlәyәn igid,

Qalmaz belә, qalmaz dünya.

 

 Sığınar bir xәlvәt döşә,

 Qorxar baxtı bәndә düşә,

 Boynunu bükmə, bənövşə,

Qalmaz belә, qalmaz dünya.

 

Könül verməzlər şər vaxtı,

Arxanca bir qərib baxdı,

Qara qızın qara baxtı,

Qalmaz belə, qalmaz dünya.

 

Övladların çıxdı naşı,

Qəm yükünü özün daşı,

Axma, anamın göz yaşı,

Qalmaz belə, qalmaz dünya.

 

Başında xoş sevda dəmi,

Ocağında hicran qəmi.

Ağlama, "Yanıq Kərəmi"

Qalmaz belə, qalmaz dünya.

 

ÇİYNİMDƏ TABUT, GƏZİRƏM

Alışdım tək daşımağa,

Çiynimdə yük daşımağa,

Yer yox bir tük daşımağa,

Çiynimdə tabut, gəzirəm.

 

Dolaşıram dağı-daşı,

Nə zər, nə yaqut gəzirəm.

Düyün-düyün yollarımı

Aça-aça oxuyan bir

Kökdən düşmüş ud gəzirəm.

Çiynimdə tabut, gəzirəm.

 

Gəzirəm dörd bir tərəfi,

Bilmirəm yolum haradı.

Çəkir məni sirr tərəfi...

Ölümü gördüm, deyəsən,

Görəsən, olum haradı?

 

Suyuna dodaq dəyməmiş,

Köksünə ayaq dəyməmiş,

Sinəsinə ox dəyməmiş

Gözdən uzaq yurd gəzirəm,

Çiynimdə tabut, gəzirəm.

 

Dörd yana meydan sulayan,

Səsi ruhunu dalayan,

Axirət deyib ulayan

 

Yalqız qalmış Qurd gəzirəm,

Çiynimdə tabut, gəzirəm.

 

Balalar çiçək doğulur,

Gül doğulur balalar.

Balalar göyçək doğulur,

...Qul doğulur balalar.

 

Torpaqdan altun doğulur,

Daşlardan yaqut doğulur,

Nədənsə şair doğulan

Çiynində tabut doğulur.

 

Çox göynətdi ürək məni,

Dərdsiz ürəyə qurd düşər...

Silkələmə, fələk, məni,

Çiynimdəki tabut düşər!..