Salam Sarvan

Salam Sarvan - şair, tərcüməçi

 

1966-cı ildə Cəlilabad rayonunda doğulub. 1990-cı ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad institutunun Bakı filialını bitirib.

“Sənə deyiləsi deyil sənə deyiləsi sözüm”, “Mən gələr olmadım, yolu qarşıla”, “Şir bürcü, At ili, İt günü”, “Heykəl tənhalığı” və s. şeir kitablarının müəllifidir.

Pol Valerinin, Şarl Bodlerin, Pablo Nerudanın seçilmiş əsərlərini dilimizə tərcümə edib.

 

AMMA YAŞAYA BİLMİRƏM, BİLMİRƏM...

 

Bir az iş-güc qatır başı,

bir az da yazı-pozu:

sənsiz yaşaya bilirəm,

narahat olma, “Qızım”.

 

Amma yaşaya bilmirəm, bilmirəm.

 

Bir az səndən zəhləm gedir,

bir az da özümdən.

Narahat olma, “Qızım” –

sənsiz yaşamaq mümkünmüş deyə

yavaş-yavaş düşürsən gözümdən.

 

İçirəm-kövrəlirəm, kövrəlirəm-içirəm...

Narahat olma, “Qızım” –

öldürdüyün gündən bəri yavaş-yavaş dirilirəm:

o dünyadan bu dünyaya hər gün bir az köçürəm.

 

Amma yaşaya bilmirəm, bilmirəm...

 

Hərdən züm–zümə edirəm,

hərdən də ulayıram...

Narahat olma, “Qızım” –

yavaş-yavaş sağalıram iflicdən,

məsələn, artıq səni xatırlayanda başımı bulayıram.

 

Amma yaşaya bilmirəm, bilmirəm...

 

Narahat olma, “Qızım” –

mən şəhərdə gəzəndə

insanlar bir adamlıq kənardan keçirlər,

sanki yanımda yeriyirsən deyə.

 

HƏƏ, DEMƏLİ MƏLUMDU MƏSƏLƏ…

 

Ata-anayçün, dost-tanışçün, arvad-uşaqçün,

lap elə vətənçün yaşayan insan

ömrün son illərini cənnətçün yaşar –

ata-anasız, arvad-uşaqsız, vətənsiz bir yerçün.

 

Həə, deməli məlumdu məsələ…

Məsələn, işıq sönmüş otaqda bir kibriti tapanacan

nə qədər lazımsız əşyaya toxunursan – stola, divara, televizora…

Həə, deməli yaşamaq da belədi –

bir “kibrit” axtarışında arvad-uşağa, vətənə, dost-tanışa

və sairəyə toxunmaqdı yaşamaq. 

 

YAŞAYIŞ

 

Məsələn, bir stəkan suyun

ömrü yoxdu əslində.

Donmaq və ərimək hərəkətində yaşayır su. 

 

Məsələn, qazılan quyulardan

çıxarılmış torpaq zibildi daha. 

 

Təxminən, sən də yaşamırsan.

Yalnız saçlarının və dişlərinin

yavaş-yavaş tökülməsidi həyat əlamətləri.