Ramiz Rövşən

 

Ramiz Rövşən – şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi.

1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində doğulub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964–1969), Moskva Ali Ssenari Kurslarını (1976–1978) bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992) işləyib. 1992–2004-cü illər Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru vəzifələrində çalışıb. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Polşa, Bolqarıstan, Türkiyə və İranda çap olunub.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.

 

Kitabları:


Bir yağışlı nəğmə
Göy üzü daş saxlamaz
Kəpənək qanadları
Gedək biz olmayan yerə
Nəfəs - kitablar kitabı
Yağışlı nəğmə
Sevgi məktubu kimi
Yağış yuyur, gün qurudur

 

 

 

Ayrılıq

Yənə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
Xəbərimiz yox.
 
Aradan nə qədər il keçib görən,
Tanıya bilmədim, səni bağışla
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,məni bağışla.
 
"Ölmədim” deyirəm, Nə bilim axı,
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz
ölmüşəm elə.
 
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim, nə sən indiki,
Ayrıldıq, şeytanı güldürdük onda,
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
Məni də, səni də öldürdük onda.
 
Sağımız-solumuz  adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz, ömründə min yol
Özünü öldürən adamlar keçir.
 
Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.......
Hamı günahkardı dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdu.
 
Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada
15 il yox,
Min il bundan qabaq ayrılmışıq biz.
 
Halal yolumuz dəyişib, nəsə
Çaşmışıq, biz özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Min illik bir səhvə qurban getmişik.
 
Dəyişib yerini bəlkə qış – bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində
ögey analar
Ögey balaları gəzdirir indi.
 
Ömrüm başdan- başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız
anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.
 
Bu yalan ömrümdə
görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim?
Anamsan,
bacımsan,
nənəmsən, nəsən?
Bircə allah bilir, nəyimsən mənim.
 
Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza
nə yol, nə körpü.
Ölüsən,
dirisən,
hər nəsən, dayan!
Dayan, heç olmasa, əlindən öpüm......
 
Deyirsən: " Ölüyəm, ölünü öpmə.......””
Əlimin içində
soyuyar əlin.
Deyirsən:” Sən Allah, əlimi öpmə,
Əlimdən, deyəsən, qan iyi gəlir......”
 

 

Qara paltarlı qadın

Kişilər bir olmur atam balası 
Qorxağı var, igidi var, 
Amma hər kişinin öləndən sonra 
Qəbri üstdə ağlamağa 
Bir qara paltarlı gözəl bir qadına ümidi var 

Sən öləndə kim olacaq gözlərini bağlayan? 
Qardaşmı olacaq, yadmı olacaq? 
Bu dunyada bəlkə sənə ən çox ağlayan, 
Ən çox ağlatdığın qadın olacaq?! 

Göz yaşları yuduqca baş daşını 
Qəbrində qurcalanıb,deyəcəksən: ilahi 
İllər boyu ağlatdığım bu qadın 
Görən necə saxlayıbdır bu qədər göz yaşını?! 

Bircə kərə nə saçını oxşamışam, 
Nə gözünü silmişəm. 
Gözlərimə batır indi saçlarının hər dəni, 
İllər boyu bu qadına mən axı dərd vermişəm 
İndi görən niyə çəkir dərdimi? 

Bu qadın baş daşımı öpüb sığallamaqdansa, 
Yumruğuyla döysə-döysə yaxşıdı. 
Qəbrimin üstündə ağlamaqdansa, 
Məni söysə yaxşıdı. 

Yeri-yeri,qara paltarlı qadın, 
Kiri-kiri,qara paltarlı qadın. 
Bu qəbir də min qəbirdən biridir. 
Baş daşımı bəsdir basdın bağrına, 
Bütün mənə ağlayanlar kiridi, 
Sən də kiri, qəbrim damır, ağlama...

 

 

Mən küsüb gedirəm

Mən küsüb gedirəm...
Qoy hamı qalsın,
 
Mən küsüb gedirəm bu yer üzündən.
Oğulam – qoy dərdim anama qalsın,
Atayam – qoy balam küssün özündən.
  
Dünya ucuz saydı, ya baha bildi?!
Nə satan tapıldı, nə alan məni.
Nə Allah dünyaya bağlaya bildi,
Nə atam, nə anam, nə balam məni.
 
İlahi, səndən də sındı ürəyim,
Məni küsdürənin yekəsi sənsən.

Dünyanın ən uzaq… ələ gəlməyən,
Boğazdan keçməyən tikəsi sənsən.
 
Mən sənin yanına uça bilərdim.
Uçmuram, beləcə küsüb gedirəm.
Mən sənin sirrini aça bilərdim,
Açmıram, beləcə susub gedirəm.
 
Yandırıb gedirəm bu varağı da,
Bu şeirin külünü kim oxuyacaq?
Söndürüb gedirəm bu çırağı da,
Məni qaranlıqda itirmə ancaq.
 
İlahi, küssəm də səninəm yenə,
Gözün axıracan üstümdə olsun.
Bu sonsuz dünyanın son nöqtəsinə,
Gedib çıxanacan üstümdə olsun...
 
Orda, bu dünyanın lap qırağında,
Bir nəhəng boşluğun lap qabağında.
Oturub dincimi alaram bir az,
Boşluğa salaram ayaqlarımı.
Uşaqtək yellərəm ayaqlarımı,
Uşaqtək sevincək olaram bir az.
 
Bir ölüm işığı gəzər üstümdə,
Boşluqdan səs gələr: “Yubanma tez gəl!...
Sənə çoxdandır ki, bu yer üzündə
Hər şey maraqsızdı ölümdən özğə”.
 
İlahi, gəlirəm, eşit səsimi,
Kimsəyə ümid yox, sən ovut məni...
Bu nəhəng boşluğa atdım özümü,
Sənə arxayınam, özün tut məni!

 

İçindən yıxılır adam

Təkcə gücsüzlüyündən
yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
İllər boyu neçə dərdə
dözüb dayanır,
Qəfil sevincindən yıxılır adam.

Dünya qaçır ayağının altından – 
yıxılmır,
Bu dünyanın ən dəlisov atından
yıxılmır,
Amma bir kəpənəyin qanadından,
bir otun ucundan yıxılır adam.

…Gülmə hər yıxılana,
atam balası, gülmə, –
Elə bilmə
bu dünyada təkcə gücsüzlüyündən
ya da ki, acından yıxılır adam…