Elektron ədəbiyyat və sənət portalı

Sözün səhnə ömrü

Bölmə: Dünya ədəbi prosesi 03.07.2018

Bəşəriyyətin təxminən son yüz əlli ilini sürət dövrü adlandırırlar. Və bu sürət elm, texnikadan tutmuş, insanın gündəlik həyatında baş verən ən xırda məqamlaracan hər yerdə və hər şeydə özünü göstərir. Bir halda ki, söhbət insan həyatından gedir, demək, bu sürət məfhumu, missiyası məhz insanın yaşantılarını zamanın yaddaşına köçürmək olan incəsənətə də təsirsiz ötüşə bilməzdi. O cümlədən teatr səhnəsi də həyatın bu mənzərəsi ilə ayaqlaşmalı oldu. Bu mənada dünya dramaturgiyası və ümumilikdə teatr son yüz əlli ildə daha çox yeni cərəyanlar, yeni yanaşmalar, yeni yozumlar, eksperimentlərlə əlamətdardır. Belə ki, tələbat dəyişmişdi və dramaturqlar artıq "hər dəqiqəsi qızıl olan" tamaşaçını teatra cəlb etmək üçün yeni yollar axtarışındaydılar. Əgər XIX əsrin ortalarında ənənəvi teatr hələ də öz mövqeyini qorumaq iqtidarındaydısa, artıq əsrin sonlarında buna cəhd belə etmirdi. Hətta ənənəvi pyeslər özləri belə, tamaşaçıya artıq yenidən işlənilərək tamamilə başqa yozumlarda təqdim olunurdu. Çünki, necə deyərlər, səhnənin yaşaması üçün tamaşaçının teatrın "ayağına gəldiyi" kimi, teatr da tamaşaçının "ayağına getməli" İdi-

Bu cildi tərtib edərkən də məhz pyeslərin mövzu, süjet, cərəyan, üslub və s. baxımdan rəngarəng olmasını nəzərə aldıq...

Görkəmli Norveç dramaturqu, yeni Avropa dramının banilərindən olan Henrik İbsen 1828-ci ildə Norveçin Şien şəhərində anadan olub. Skandinaviya folkloru əsasında yazılan və yerli teatrda tamaşaya qoyulan "Sulxauqda ziyafət" (1856) pyesi onu bütün ölkədə tanıdıb.

Yeni bədii formalar axtarışı ilə yazıçı 1864-cü ildə vətənini tərk edib əvvəlcə Romada, sonra Drezden və Münhendə iyirmi beş il yaşayıb. "Brand" (1866) və fəlsəfi-simvolik "Per-Qunt" (1867) dramı onu Avropada məşhurlaşdırıb.

"Cəmiyyətin əsasları" (1877), "Oyuncaq ev" (1879), "Kabus" (1881), "Vəhşi ördək" (1884) pyesləri Henrik İbseni bir dramaturq kimi bütün dünyaya tanıdıb. Bu pyeslərdə həyatın kəskin sosial gerçəklikləri əks olunub. Ancaq 1880-ci illərdən sonra onun əsərlərində simvolik və psixoloji çalarlar üstünlük təşkil etməyə başlayıb.

Henrik İbsen 1906-cı ildə vəfat edib.

Fransanın Ruan şəhərində anadan olan Arman Salakru (1899- 1989) müəyyən müddət jurnalist kimi fəaliyyət göstərdikdən sonra teatrlarla əməkdaşlığa başlayıb. Onun "Dünyaya səyahət", "Avropa körpüsü" və digər pyesləri o dövrdə incəsənətə hakim kəsilmiş sür- realizm janrında qələmə alınaraq, daha çox məhdud çevrələrdə uğur qazana bildi. Yalnız öz pyeslərinin dilini "əlavə yüklərdən" azad etdikdən, təmizlədikdən, necə deyərlər, xalq dilinə yaxınlaşdırdıqdan sonra dramaturq tamaşaçı rəğbəti qazandı. Salakrunun səhnə yaradıcılığı birxətli deyil, müxtəlifistiqamətlidir. O, dəfələrlə vodevil, yüngül komediya və hətta komediya-balet janrlarına müraciət edib. 1950-ci ildə isə teatr tənqidçilərinin qənaətinə görə, ən güclü əsərini - kəskin sosial satira olan "Lenuar arxipelaqı"nı qələmə alıb. Onun məhz bu pyesi Komedi Fransezin repertuarına daxil edilib. Burjua cəmiyyətinin bütün çılpaqlığıyla təsvir olunduğu bu səhnə əsəri bu gün də böyük maraqla qarşılanır. Odur ki, uzun illər Qonkur Akademiyasının üzvü olmuş Arman Salakrunun bu pyesi ən çox səhnələşdirilən əsərlərdəndir.

55 pyes müəllifi olan dünyaca məşhur dramaturq-komedioqraf Eduardo de Filippo (1900-1984) İtaliyanın Neapol şəhərində doğulub. O, böyük Neapolitan aktyoru Eduardo Skarpettanın oğludur.

Eduardo de Filppo yaradıcılığının çiçəklənmə dövrü Birinci Dünya müharibəsindən sonraya təsadüf edir. Eləmin illərdə o, bir-birinin ardınca ona dünya şöhrəti gətirən pyeslərini yazır.

De Filipponun qəhrəmanları mövqeyindən, imkanından asılı olmayaraq, adətən, sadə, adi, tanış insanlardır. Amma bununla yanaşı, onlar hamısı fərdi xarakterə malikdir.

"Neapol - milyonçular şəhəri" komediyasının baş qəhrəmanı ailəsi ilə birlikdə müharibə illərində ağır günlər keçirən tramvay sürücüsü Cennaro Yovinedir. Onun arvadı alverlə məşğuldur, oğlu oğru olmağın biraddımlığındadır, qızına təcavüz edib atıblar. Cennaro öz doğma ailəsində özünü yad, unudulmuş hiss edir. Tale onu daha bir sınağa çəkir. O, alman əsirliyinə düşür və oradan güclə xilas olur. Əsirlikdə yaşadığı iztirablar Cennaronu dəyişir. O, mənən saflaşır və artıq özündə arvadını bağışlamağa güc tapır, qızına ürək yanğısıyla yanaşır, oğlunu pis yoldan çəkindirir. Komediyada sosial dram elementləri qabarıq görünür. Bəli, insan müharibə şəraitində mənliyini itirir, amma müharibənin özüylə gətirdiyi fəlakətləri görüb dərk etdikcə ona qarşı çıxmaq üçün daha da güclü olur.

Dünya şöhrətli yazıçı-dramaturq Vitold Qombroviç (1904-1969) Polşanın Opatuv bölgəsinin Maloşiçe kəndində doğularaq, ən kiçiyi olduğu dörd övladdan ibarət imkanlı ailədə boya-başa çatıb. 1911-ci ildə ailə Varşavaya köçüb. Gimnaziyanı bitirdikdən sonra o, Varşavada hüquqşünaslıq, Parisdə isə fəlsəfə və iqtisadiyyat sahələri üzrə təhsil alıb.

1933-cü ildə dərc etdirdiyi "Yetkinlik dövrünün memuarları" adlı hekayələr toplusu tənqidçilər tərəfindən soyuq qarşılanıb. Ardınca işıq üzü görən "Ferdidurka" povesti isə kifayət qədər əks-sədaya səbəb olub. O, faşist ordusunun Polşaya girməsindən bir neçə gün əvvəl Argentinaya yollanaraq Buenos-Ayresin banklarından birində çalışıb.

İkinci Dünya müharibəsindən sonra sosialist Polşasına qayıtmamaq qərarına gəlib. 1950-ci illərin ortalarına qədər vətənində əsərlərinin çapı qadağan olunub. 1953-cü ildə polyak dilində qısa esselər yazmağa başlayıb və sonralar bu qeydlər "Gündəlik" adlı üçcildlikdə toplanıb. "Gündəlik" Polşada yalnız 1986-cı ildə işıq üzü görüb. 1960-cı illərdə əsərlərinin xarici dillərə tərcümə olunması və pyeslərinin səhnələşdirilməsi müəllifə dünya şöhrəti gətirib.

Yazıçı, həyatının son illərini Parisdə yaşayıb və 1969-cu ildə astma xəstəliyindən vəfat edib. Yazıçının "Pornoqrafiya", "Kosmos" romanları dünyanın əksər dillərinə tərcümə olunub.

Kitabda təqdim etdiyimiz "Burqundiya şahzadəsi lvonna" pyesi də dəfələrlə dünyanın müxtəlif şəhərlərində səhnəyə qoyulub. Qeyd edək ki, bu pyesə Inqmar Berqman, Alf Şyöberq, Xorxe Lavelli kimi böyük rejissorlar müraciət ediblər.

Almandilli ədəbiyyatın görkəmli nümayəndələrindən sayılan Maks Friş (1911-1991) İsveçrənin Sürix şəhərində anadan olub. Gənclik illərində doğulduğu şəhərdə memarlıq təhsili alaraq bir neçə il memar kimi fəaliyyət göstərib. "Ştiller" romanının böyük uğurundan sonra isə seçimini ədəbiyyat üzərində qətiləşdirib və özünü yazıçılığa həsr edib.

Frişin ədəbi karyerası o qədər də hamar olmayıb, yazıçı öz imzasının təsdiqini keçdiyi uzun və ağır yaradıcılıq prosesi müqabilində qazanıb. Yazıçıya dünya şöhrəti gətirən əsərlər sırasında isə "Ştil- ler'Tə yanaşı, "Homo Faber" və "Adımı Flantenbayn qoyacağam"romanlarını qeyd etmək olar. Maks Friş həm də on bir pyes müəllifidir. Onun pyesləri dünyanın, demək olar ki, bütün səhnələrində oynanılıb. Bu kitabda təqdim etdiyimiz "Don Juan və həndəsəyə vurğunluq" pyesi müəllifin ən məşhur pyesi hesab olunur. Bu əsərdə psixologizm, irrasionalizm və absurd vəhdət təşkil edir. Don Juan heç də mənəviyyatsız, hissiyyatsız insan deyil, amma özünəqapalıdır, o qədər qapalıdır ki, ilk baxışdan göründüyü kimi, əslində, vəziyyəti və insanları o, idarə etmir, əksinə, vəziyyət və insanlar onu idarə edir. Və hər şey Tolstoyun əsərlərində olduğu kimi, həyatın prozasıyla yekunlaşır. Yəni həyat nə qədər absurd olsa belə, yenə öz axarına düşür.

1945-ci ildə ABŞ-ın Texas ştatında doğulan və 1968-ci ildən ata vətəni Kanadada yaşayan Con Marrellə 1977-ci ildə qələmə aldığı "Paradın intizarında" pyesi dünya şöhrəti gətirib. Bu pyesdə ərlərinin İkinci Dünya müharibəsindən qayıtmasını gözləyən beş qadının həyat tarixçəsindən bəhs olunur. Marrellin elə həmin il yazdığı, dahi fransız aktrisası Sara Bernarın son günlərini təsvir edən "Lanqustun gülüşü" pyesi on beş dilə tərcümə olunaraq, dünyanın iyirmi ölkəsində səhnə- ləşdirilib.

Müasir Ukrayna dramaturgiyasının tanınmış nümayəndələrindən olan Aleksandr Mardanın pyesləri öz vətənində, Rusiyada, İsraildə və digər ölkələrdə dəfələrlə səhnələşdirilib. Kitabda oxuculara təqdim olunan modern elementlərlə zəngin "Müqəddəs Valentin gecəsi" pyesi dramaturqun teatrlar tərəfindən ən çox müraciət olu- n an əsərlərin dən dir...

Bəli, həqiqətən də, dünya bir səhnədir.

Yaşar