Elektron ədəbiyyat və sənət portalı

Çe Gevara

Bölmə: Dünya ədəbi prosesi 03.07.2018

"Taym" jurnalınm XX əsrin simvollarından biri adlandırdığı Ernesto Gevara de la Serna 14 iyun 1928-ci ildə Argentinanın Rosario şəhərində anadan olub. O, Buenos-Ayresdəki Tibb İnstitutunda təhsil alarkən və eləcə də təhsilini bitirəndən sonra Latin Amerikası ölkələrinə bir neçə dəfə səfərə çıxıb. Bu səfərlərdən ən məşhuru, köhnə "Norton" motosiklində Alberto Qranadonun yoldaşlığı ilə keçən və "Motosikletçinin gündəliyi"ndə təsvir edilən 1952-ci ildə baş tutmuş səfər idi.

1954-cü ildə Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) dəstəyi ilə Qvatemalada çevriliş baş verir və Xakobo Arbensin demokratik yolla seçilmiş hökumət istefaya gedir. Bu vaxt Qvatemalada yaşayan və fəal surətdə siyasətlə məşğul olan, həddən artiq radikal çıxışlar edən Gevara Meksikaya qaçır. O, Mexikoda Qvatemalada yaratdığı əlaqələrdən istifadə edərək sürgündə olan bir qrup kubalı inqilabçı ilə tanış olur və Fidel Kastro ilə görüşdən sonra, 1955-ci ilin iyulunda Fulxensio Batsta rejimini devirmək üçün Kubaya yollanmaq qərarına gələn üsyançılar qrupuna qoşulur.

Artiq 1956-cı il noyabrın 26-da Gevaranın başının üzərində "Qranma" yaxtasının bayrağı dalğalanır; o, Kubaya Syerra-Maestra dağlarında inqilabi mübarizəyə başlayan ilk dəstələrdən birinin hərbi həkimi kimi yollanır. Amma bir neçə aydan sonra Fidelin şəxsi əmri ilə Birinci üsyançı ordunun komandanı təyin olunur. Bununla belə Çe hakimliyini də unutmur və yaralı yoldaşlarına, eləcə də Batistanın əsir alınmış əsgərlərinə tibbi yardım göstərməyə davam edir.

1958-ci ilin sentyabrında Batista ordusunun darmadağın edilməsində həlledici rol oynayır; üsyançıların ordusu onun və Kamilo Syenfueqosun başçılıq etdikləri iki dəstə şəklində Syerra-Maestranın qərb yamaclarından enib düşmənə sarsıdıcı zərbə endirir (bu əməliyyat Çe Gevaranın "Kuba inqilab müharibəsi haqqında xatirələr" kitabında ətraflı təsvir olunub).

Batista 1959-cu il yanvarın 1-də ölkədən qaçır. Gevara yeni inqilab hökumətində ən əsas simalardan birinə çevrilir! O, əvvəlcə Dövlət Sənaye İslahatları İnstitutunda sənayeləşdirmə şöbəsinə, sonra isə Kuba Dövlət Bankına rəhbərlik edir. 1961-ci ilin fevralında ağır sənaye naziri vəzifəsini tutur. O, bütün bu illər ərzində 1965-ci ildə Kuba Kommunist Partiyasına çevriləcək siyasi təşkilatın əsas istiqamətvericilərindən biri olmaqda davam edir.

Ölkədaxili işlərinin çox olmasına baxmayaraq, Gevara beynəlxalq arenada da fəal çalışır; Kuba inqilab hökumətini təmsil edir, müxtəlif nümayəndə heyətlərinə rəhbərliyi həyata keçirir, BMT-də, Asiya, Afrika, Latın Amerikası və sosialist bloku ölkələrində keçirilən millətlərarası forumlarda məruzələrlə çıxış edir. O, get-gedə üçüncü dünya ölkələrinin arzularını dilə gətirən xarizmatik natiq şöhrəti qazanır. Onun bu şöhrəti 1961-ci ildə Uruqvaydakı Punta-del-Estedə keçirilən konfransda ABŞ prezidenti Kennedinin "Tərəqqi naminə birlik" yaratmaq təşəbbüsünü alt-üst edən məşhur nitqindən sonra daha da artır.

Çe Gevara hələ özü üçün Kuba inqilabçılarının sıralarına qoşulmazdan əvvəl müəyyənləşdirdiyi məqsədlərə xəyanət etmir. 1965-ci ilin aprelində o, Konqodakı üsyanı dəstəkləmək məqsədilə həyata keçirilən partizan hərəkatına rəhbərlik etmək üçün Kubadan ayrılır. Gizli şəkildə Kubaya qayıdandan sonra həmin ilin dekabrında, bu dəfə Boliviya üçün nəzərdə tutulan yeni inqilab ixracının hazırlıqları ilə məşğul olur. 1966-cı ildə Boliviyaya gələrkən onun məqsədi hərbi diktaturanı devirmək və sonda

bütün Latin Amerikası qitəsini bürüyəcək inqilab yanğını alovlandırmaq idi. 1967-ci il oktyabrın 8-də amerikalı təlimatçıların rəhbərlik etdikləri Boliviya cəza dəstəsi ilə döyüşdə Gevara yaralanır və əsir düşür. Səhərisi gün onu güllələyib cəsədini gizləyirlər.

Çe Gevaranın sümükləri 1997-ci ildə aşkar olunur və Kubaya gətirilir.

Rəhbərlik etdiyi Kuba üsyançı ordusunun həlledici qələbələrindən birini qazandığı Santa-Klarada onun xatirəsinə memorial ucaldılır.

Bu kitab Çe Gevaranın Boliviyada apardığı qeydləri özündə cəmləyən gündəliyidir.