Elektron ədəbiyyat və sənət portalı

“İMPAC” Dublin Ədəbi Mükafatı

Beynəlxalq “İMPAC” Dublin Ədəbi Mükafatı (İr. Duais Liteartha İdirnaisiunta Bhaile Atha Chliath) Dublin şəhəri, İrlandiya Respublikası və “İMPAC” kompaniyasının birgə maliyyələşdirdiyi beynəlxalq ədəbi mükafatdır. Dünyanın ən nüfuzlu ədəbi mükafatlarından biri olan “İMPAC”ın mükafat fondu 100 min avrodur. Namizədlər bütün dünyanın ictimai kitabxanaları tərəfindən təqdim edilə bilərlər.

Mükafat Dublin Şəhər Şurası və ABŞ investisiya fondu olan İMPAC kompaniyasının birgə təşəbbüsü nəticəsində yaradılıb. Mükafatlandırma mərasimi Dublində keçirilsə də, kompaniyanın mənzil-qərargahı ABŞ-ın Florida ştatında yerləşir. Mükafatın proqram məqsədlərindən biri də – Dublinin şöhrətini “Ədəbiyyatın Məkkəsi” kimi yenidən bərpa etməkdir. 

Bu, eyni zamanda ən demokratik mükafatdır. Belə ki, istənilən ölkədən və millətdən olan yazıçı bu mükafata romanını təqdim edə bilər. Yeganə tələb namizədliyi irəli sürülən kitabın mütləq ingilis dilində nəşr olunmasıdır. Əgər əsər əvvəl başqa dildə nəşr olunubsa, vəsaitin 26 faizini tərcüməçi alır. Əldə olunan məlumata görə, namizədlərin irəli sürülməsi hüququndan hələ ki 51 ölkənin 185 kitabxanası istifadə edir. Beynəlxalq jüri “qısa siyahı”nı tərtib edir və qalib məhz həmin şəxslər içərisindən seçilir. Namizədlərin ümumi siyahısı hər ilin oktyabr və noyabr aylarında elan edilir, qısa siyahı isə mart və aprel aylarında açıqlanır. Ümumi və qısa siyahı hər il dəyişilən beynəlxalq münsiflər heyəti tərəfindən seçilir. Qalibin adı hər il iyun ayında elan olunur.