Elektron ədəbiyyat və sənət portalı

Morelin ixtirası

Bölmə: Dünya ədəbi prosesi 03.07.2018

1882-ci ildə Robert Luis Stivenson demişdi ki, ingilis oxucuların macəra süjetli əsərlərdən bir az zəhləsi gedir və onlar süjetsiz, yaxud kiçik süjetli roman yazılmasını daha düzgün hesab edirlər. Xose Orteqa-i-Qasset 1925-ci ildə çap etdirdiyi "İncəsənətin insansızlaşdırılması" adlı kitabının 96-cı səhifəsində "günümüzdə ali dərrakəmizə yol tapa biləcək macəra romanı yaratmaq çox çətindir", 97-ci səhifədə isə "bu, ümumiyyətlə, mümkün deyil", - deyə Robert Luis Stivensonun vurğuladığı bu məqamı əsaslandırmağa çalışır. O, demək olar, qalan bütün səhifələrdə də "psixoloji" romanın lehinə çıxış edir və macəra janrından zövq almağın mümkün olmadığını, ya da bu zövqün uşaqsayağı olduğunu qeyd edir. Şübhəsiz ki, bu fikir 1882,1925 və hətta 1940-cı ilə aid ortaq bir qənaətdir. Lakin bəzi yazıçılar (onların arasında Adolfo Bio Kasaresin adını məmnuniyyətlə çəkirəm) haqlı olaraq bu yanaşma ilə razılaşmır. Səbəblərini qısaca izah edəcəyəm.

Birincisi (bu mühakiməmin paradoksallığını vurğulamaq, ya zəiflətmək istəmirəm), macəra romanının janr olaraq ciddi struktura malik olmasıdır. Ənənəvi, "psixoloji" romanlar formasızlığa meyilli olur. Rus müəlliflər və tələbələri ürək bulandıracaq qədər əsaslandırmağa çalışırdılar ki, hər növ obraz yaratmağa icazə var: xoşbəxtlikdən intihar edənlər, mərhəmətdən adam öldürənlər, həmişəlik ayrılmağa razı olacaq qədər bir-birini sevənlər, dikbaşlığa, ya sadəliyə görə satqınlıq edənlər... Bu mütləq sərbəstlik, yekunda, qarışıqlığa gətirib çıxarır. Digər tərəfdən, "psixoloji" roman həm də "realist" roman olmağa çalışır, onun yazıçı təxəyyülünün məhsulu olduğunu unutmağımızı istəyir və hər mənasız müəyyənlikdən (ya da hər zəif qeyri-müəyyənlikdən) yeni bir gerçəklik yaratmağa cəhd göstərir. Marsel Prustun əsərlərində elə səhifələr və bölmələr var ki, onları təxəyyül məhsulu kimi qəbul etmək mümkün deyil. Biz özümüz də bilmədən onlarla, gündəlik həyatın cansıxıcı və mənasız tərəfləri ilə barışdığımız kimi barışırıq. Macəra romanı isə, əksinə, reallığın təcəssümü kimi ortaya çıxmağa cəhd göstərmir: o, təxəyyül məhsulu olub hər hansı bir bölməsinin həqiqət olmamağından əziyyət çəkmir; "Qızıl eşşək", "Sindibadın yeddi səyahəti" və ya "Don Kixot" kimi əsərlərdəki süjet xəttini təkrarlamaq qorxusu, onu öz süjetinə ciddi yanaşmağa məcbur edir.

Bu dediyim, intellektual səpkili bir səbəb idi; başqa səbəblər də var ki, empirik xarakter daşıyır. Hamımız gileylənirik ki, bizim əsr maraqlı intriqalar yaratmağa qadir deyil, lakin heç kəs cürətə gəlib sübut eləmir ki, əgər yaşadığımız əsrin öncəkilərdən bir üstünlüyü varsa, o da elə maraqlı intriqa yaratmaq bacarığıdır. Stivenson, Qilbert Kit Çestertondan da ehtiraslı, daha rəngarəng, daha parlaqdır və bəlkə də, bizim dostluğumuza daha çox layiqdir, amma onun yaratdığı süjetlər heç də uğurlu alınmır. De Kinsey dəhşət dolu gecələrdə dərin labirintlər yaratmış, lakin yaratdığı süjetlərdə tərifəgəlməz və öz-özünü təkrar edən sonsuzluqlar duyğusunu Kafkada olduğu kimi əks etdirə bilməmişdi. Orteqa Qasset haqlı olaraq qeyd edirdi ki, Balzak "psixologiyası" bizi məmnun etmir, lakin eyni cəhəti onun öz süjetlərinə də aid etmək olar. Şekspir və Servantes təzadlı bir ideyadan ilham alırdılar: bir qız öz gözəlliyini gizlətmədən, özünü kişi kimi qələmə verə bilməyə nail olur; belə bir süjet xətti bizə təsir etmir. Mən müasirliyə münasibətdə kor-koranə qibtədən uzağam; keçmişin indiki zamandan xeyli fərqli olduğu, yaxud gələcəyin bugünümüzdən kəskin fərqlənəcəyi xülyalarına da qapılmıram, lakin hesab edirəm ki, heç bir ədəbi dövrdə "Vint burulması", "Məhkəmə", "Yer üzündə səyyah" və Adolfo Bio Kasaresin Buenos-Ayresdə yaratdığı bu əsərdə olduğu kimi parlaq süjetlərə malik romanlar meydana gəlməmişdir.

intriqa yarada bilməyən, əsrimizə xas tipik janrlardan biri olan detektiv xarakterli romanlar müəmmalı başlayıb, sonradan məntiqi əsası və izahını tapan hadisələri nəql edir. Adolfo Bio Kasares öz romanında ədəbiyyatın, demək olar, ən çətin məsələsini ustalıqla həll edir. O, qarşımızda yalnız qarabasma, yaxud simvolik eyhamlar kimi görünə biləcək bir möcüzələr dünyası yaradır və sonra bu möcüzələri fantastik, lakin fövqəltəbii olmayan müddəalarla tamamilə açıqlayır. Romanın məzmununu vaxtından əvvəl üzə çıxarmaqdan çəkindiyim üçün, onun süjetinin təhlilinə və yazılış ustalığına toxuna bilmirəm. Yalnız onu deməklə kifayətlənirəm ki, Bio bu əsərində San Aqustinin və Origenesin təkzib etdiyi, Luis Auquste Blankinin əsaslandırdığı və Dante Qabriel Rossettinin məşhur şeiri (XIX əsr ingilis rəssamı və şairi Dante Qabriel Rossettinin "Sudden Light" - "Qəfil işıq") ilə dilə gətirdiyi bir ideyanı yenidən dirildir:

I have been here before,

But when or how, I cannot teli:

I knowthe grass beyond the door,

The sweet keen smell,

The sighing sourıd, the lights around the shore.

 

Tərcüməsi:

 

Əvvəllər olmuşam burada,

Nə vaxt, necə, deyə bilmərəm:

Tanışdır mənə qapının arxasındakı ot,

O doğma, kəskin ətir,

Köks ötürmələr və sahilboyu işıqlar.

 

İspandilli ədəbiyyatda əsaslandırılmış təxəyyül məhsulu olan əsərlərə gec-gec, hətta çox nadir hallarda rast gəlinir. Klassik yazıçılarımız istiarə, satirik mübaliğə kimi vasitələrə müraciət etmiş, bəzən isə, sadəcə ahəngsiz söz yığınından istifadə etmişlər. "Qəribə qüvvələr" toplusundan bir hekayə və haqsız olaraq unudulmuş Santyaqo Dabovenin bir hekayəsini çıxmaq şərti ilə son dövrlərə aid belə bir nümunə xatırlamıram. "Morelin ixtirası" (əsərin adı digər bir adada ixtiraçı olan Moreaunu1 xatırladır) yaşadığımız torpaqlara və ədəbiyyatımıza yeni bir janr qazandırır.

Romanı müəllifi ilə müzakirə edib, sonra təkrarən oxumuşam; mən onu heç bir mübaliğəyə yol vermədən mükəmməl əsər adlandırıram.

XORXE LUİS BORXES

Buenos-Ayres, 2 noyabr 1940-cı il 9