"QONKUR" MÜKAFATI

Fransanın ədəbiyyat sahəsində ən yaxşı roman üçün nəzərdə tutulan bu önəmli mükafat Qonkur qardaşlarının şərəfinə “Qonkur mükafatı” (fr. Prix Goncourt) adlanır. Mükafat Qonkur Akademiyası üzvlərinin səsverməsi nəticəsində, Parisin Druan (Drouant) restoranında təşkil olunan xüsusi şam yeməyi zamanı təqdim olunur. 1903-cü ildən etibarən bu mükafat hər il təqdim edilir.

Mükafatın pul vəsaiti simvolikdir (hazırda 10 avro), lakin bir qayda olaraq, bu uğur qalib romanın satışını artırır və onun müəllifinin adını fransız ədəbiyyatının öncülləri sırasına yüksəldir.

Qonkur Akademiyasının münsiflər heyətində hər il simvolik olaraq 60 frank məbləğində əmək haqqı alan Fransanın 10 nüfuzlu ədəbiyyatşünası təmsil olunur. Akademiyanın hər bir üzvü yalnız bir səsə malikdir və səsini yalnız bir əsərə verə bilər. Seçimin bərabərliyi şəraitində mükafat Prezidentin səs verdiyi əsərə verilir. Müxtəlif dövrlərdə Qonkur Akademiyasının üzvləri sırasında A.Dode, J.Renar, F.Eria, E.Bazen, Lui Araqon kimi məşhur yazarlar olub.

“Qonkur” mükafatının nizamnaməsinə əsasən mükafat hər müəllifə yalnız bir dəfə verilə bilər.