Elektron ədəbiyyat və sənət portalı

"BÖYÜK KİTAB" MÜKAFATI

Rusiyanın “Böyük kitab” milli ədəbiyyat mükafatı Rusiya və MDB ölkələri arasında pul vəsaitinə görə ən böyük (bütün xüsusi mükafatlarla birlikdə – 170 min manat) ədəbi mükafatdır.

Müsabiqəyə memuarlar, avtoportretlər də daxil olmaqla, nəsrin bütün janrlarında yazılmış əsərlər qəbul edilir.

Müsabiqədə həm nəşr edilmiş, həm də əlyazma şəklində olan əsərlər iştirak edə bilər. Nəşriyyatlar, Ədəbiyyat Akademiyasının üzvləri (münsiflər heyəti), KİV, yaradıcı birliklər, eləcə də hökumət orqanları (federal və regional səviyyədə) müsabiqəyə əsər və ya əlyazmalar təqdim edə bilərlər. Nəşr olunmuş əsər müəllif tərəfindən də fərdi şəkildə irəli sürülə bilər. Əsər ya təqdimatdan əvvəlki ildə, ya da 28 fevrala – müsabiqə üçün əsərlərin təqdim olunmasının son tarixinə qədər nəşr olunmalıdır.

Ekspert Şurası daxil olan əsərlərin “uzun siyahısını” (əsərlərə say məhdudiyyəti qoyulmur) tərtib edir. Hər namizədliyi irəli sürülən əsər, sayı iki nəfərdən az olmayan ekspertlər tərəfindən qiymətləndirilir və məsləhət görülür (ya da müsabiqədən çıxarılır). Ümumi siyahının tərtibi 30 aprel tarixinədək yekunlaşır və Ekspertlər Şurasının sədri tərəfindən oxunduqdan sonra mükafatın elektron səhifəsində elan edilir. 

Yekun siyahıya (finalçıların siyahısı) “uzun siyahı”dan 8-15 əsər daxil edilir. Hər əsərlə bağlı kollegial qərar qəbul olunur. Belə ki, əsərin seçilməsi üçün ekspertlərin əksər hissəsi səs verməlidir. 31 may tarixinədək siyahı Eksperetlər Şurasının sədri tərəfindən elan edilməli və müsabiqənin internet səhifəsində yerləşdirilməlidir.

Ədəbiyyat Akademiyası 100-dən çox şəxsdən – peşəkar ədəbiyyatşünas və naşirlər, mədəniyyət və incəsənət xadimləri, elmi işçilər, ictimai və dövlət xadimləri, jurnalist və sahibkarlardan təşkil olunub.

Ədəbiyyat Akademiyasının üzvləri finalçıların siyahısı ilə tanış olub səs verirlər. Verilən ballara əsasən birinci, ikinci və üçüncü yerlərin sahibləri müəyyənləşir. Münsiflər heyəti zəruri olduğu halda Ədəbiyyat Akademiyasının əyani iclasını çağırıb bir və ya bir neçə (əlavə mükafatlar da daxil olmaqla)  mükafatın verilib-verilməməsi məsələsini müzakirə edə bilər.

“Finalçıların siyahısı” elan olunduqdan sonra oxucu səsverməsi açıq elan edilir. Oxucuların ən çox səsini toplamış ilk 3 əsər mükafatlandırılır. 2008-ci ildən etibarən  müsabiqəyə təqdim olunmuş əsərlərin mətni ilə də tanış olmaq olar.