Dünyanın ən nüfuzlu ödülü kimi qəbul edilən Nobel mükafatı milyonçu Alfred Nobelin 30 dekabr 1896-cı il tarixli vəsiyyətnaməsi ilə yaradılan qurumun ali mükafatıdır.

1900-cü ildə Alfred Bernard Nobelin vəfatından sonra Nobel mükafatının qaliblərini müəyyənləşdirmək və maliyyə işlərinə nəzarət etmək üçün müstəqil qeyri-hökumət təşkilatı yaradılıb.

İlk Nobel mükafatları 1901-ci ildə verilib. Hər bir Nobel mükafatı 10 milyon isveç kronu (təqribən 1 milyon avro) civarındadır. Nobel komitəsi tərəfindən il boyu namizəd siyahısı üzərində iş aparılır. Müxtəlif ölkələrin alimləri, elmi təşkilat nümayəndələri, Nobel mükafatı laureatları namizədlərin seçilməsi üçün dəvət olunur. Fevraldan oktyabra qədər nominasiyalar, siyahının tərtib edilməsi və səsvermə yolu ilə namizədlərin seçilməsi üzərində iş aparılır.

Qaliblərin yekun seçimi İsveç Kral Elm Akademiyası, İsveç Akademiyası, Karolina İnstitutunun Nobel Assambleyası və Norveç Nobel Komitəsi tərəfindən həyata keçirilir. Ənənə üzrə qaliblərin adları oktyabr ayında elan edilir. 10 dekabrda – mükafatın yaradıcısının vəfatının ildönümü günündə İsveçdə təşkil olunan mərasimdə laureatlara mükafatı İsveç kralı özü şəxsən təqdim edir. Laureatlar Nobel nitqi söyləməlidir. Həmin çıxış sonradan Nobel Fondu tərəfindən xüsusi cilddə nəşr edilir.

Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən aşağıdakı beş sahə üzrə verilir:

  1. Kimya üzrə Nobel mükafatı
  2. Fizika üzrə Nobel mükafatı
  3. Fiziologiya və tibb üzrə Nobel mükafatı
  4. Ədəbiyyat üzrə Nobel mükafatı
  5. Nobel Sülh mükafatı

6-cı olan İqtisadiyyat üzrə əlavə Nobel mükafatı isə 1969-cu ildən başlayaraq İsveç Bankının təşəbbüsü ilə verilir.

Qaydalara əsasən, Nobel mükafatı yalnız konkret bir şəxsə verilə bilər. Yalnız sülh üzrə mükafatın qalibi hansısa qurum ola bilər. Mükafat bir şəxsə yalnız bir dəfə verilə bilər. Lakin tarixdə 4 nəfər iki dəfə bu mükafatı qazana bilib:

  1. Mariya Skladovskaya Küri (fizika və kimya üzrə)
  2. Layuns Polinq (kimya üzrə və sülh mükafatı)
  3. Con Bardin (2 dəfə fizika üzrə)
  4. Frederik Senqer (iki dəfə kimya üzrə)

Qırmızı Xaç Komitəsi Nobel sülh mükafatına üç, BMT-nin Qaçqınlar üzrə Ali Komissiyası iki dəfə layiq görülüb.

Nobel tarixində mükafatın ən gənc qalibi Laurens Braggdır. Atası ilə birlikdə fizika üzrə Nobel mükafatı alarkən onun cəmi 25 yaşı olub və bu, 1915-ci ildə baş verib. Dünyanın ən yaşlı nobelçisi isə Leonid Hurvikzdir. 90 yaşlı alim 2007-ci ildə iqtisadiyyat üzrə mükafata layiq görülüb.

Dünya tarixində iki qalib bu mükafatdan imtina edib. Onlardan biri Jan  Pol Sartrdır. J.Sartr 1964-cü ildə ona təqdim edilən Nobel ədəbiyyat mükafatından imtina edərək, səbəb kimi bütün rəsmi təltifləri qəbul etmədiyini bildirib. Digər şəxs Le Duc Thodur. O, 1973-cü ildə Nobel sülh mükafatına layiq görülsə də, Vyetnamda mövcud olan müharibə vəziyyətinə görə ondan imtina edib.

Nobel mükafatını bu illər ərzində 822 kişi, 49 qadın alıb. 

Nobel sülh mükafatını qazanan ən gənc qadın isə Malala Yusifzaydır. O, 2014-cü ildə, 17 yaşında bu mükafata layiq görülüb.