Elektron ədəbiyyat və sənət portalı

Əlisəmid Kür

Bölmə: Mərkəz 12.07.2018

 

Əlisəmid Kür – şair, tərcüməçi.

1954-cü ilin 8 fevral tarixində doğulub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

“Rəngli kölgələr”, “Kentavr”, “Çaylar məcrasından çıxanda”, “Sonuncu dua” kitablarının müəllifidir.

Şeirləri bir sıra dillərə tərcümə olunub, bir sıra beynəlxalq poeziya festivallarında Azərbaycanı təmsil edib.

“Qızıl çələng” poeziya ödülünə (Antalya, 1992), “Vektor” Elmi Mərkəzinin poeziya mükafatına (2003), Rəsul Rza adına Beynəlxalq mükafata (2004), “Türk ədəbiyyatına xidmətlərinə görə” ədəbiyyat ödülünə (Ankara, 2014) layiq görülüb.

Görkəmli rus şairləri A.Voznesenski, Y.Yevtuşenko, İ.Pavlyukun, eləcə də dünya ədəbiyyatı korifeyləri R.Pombo, X.Silva, P.Yakob, L.Qreiff, F.Lara, A.Arturo, M.Delmar, C.Kesserin əsərlərini dilimizə çevirib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalında redaktor vəzifəsində çalışır.

           

MƏN  BÜLLUR  KÜLQABIYAM

 

         Mən büllur külqabıyam,

         Hərracda satılacam

                                      bir azdan.

        

         Taleyi çat atmış

         büllur bir şairin,

         çat atmış büllur külqabısı

         satılacaq hərracda.

 

         O nakam şairin

         nəyi var – bölünüb,

         nəyi var – satılıb;

                            bir az aşağı,

                            bir az yuxarı,

         Ömrün payızında

         onu satdı arvad-uşağı.

 

         Mən büllur külqabıyam –

         Məni satan qazanacaq,

         məni alan sevinəcək…

 

         Mən – şahidəm.

         Əldən salsalar məni

         çilik-çilik olacam.

 

         Mən – şəhidəm!

         Kül acıyam.

         Yanmış əlyazmaların

         kül qoxusu var canımda.

 

         Mən büllur külqabıyam.

         Məni ortaya qoyub

                   satacaqlar hərracda.

         Bir mən satılacam,

         bir də satılacaq

         qəm çəkmiş şairin

         toz basmış,

         nəm çəkmış əlyazmaları.

 

 

        

 

TAXTA QAPI, DƏMİR QAPI

 

Dərd döydü taxta qapımı

tez durub qapını açdım.

Salam verdim, əl tutmadım,

yaxşıca bir süfrə açdım.

 

– Gec gəlmisən, dərd qardaşım,

gəl sənin payından yeyək.

Qol-boyun olaq səninlə,

lap oxuyaq, mahnı deyək.

 

İçməyə bir şey tapılar

keç otur yuxarı başda.

Ömrün baharı tez keçdi

gəlib çıxmısan bu qışda.

 

Geymisən dəmir çarığı,

minmisən dəmir atını.

Dərd, sənə dərd göstərəcəm,

döyəcəm dəmir qapını.

 

 

 

                   ***

Necə ki fələk qarğıyır,

hökm edir zalım olmağa,

Yüz əliqılınclı hazır

bir bənövşə boynu vurmağa.

 

Neçə ki canından bezir

hər aşiq haqdan keçməyə;

Min əliçıraqlı gəzir

eşq yolunda qurban getməyə.

 

Neçə ki söz meydanı dar

umud qalır and içməyə;

Milyon əliyalın qul var

min yol ölümdən keçməyə.

 

Yüz əliqılınclı hazır...

Min əliçıraqlı gəzir...

Milyon əliyalın qul var.

Neçə ki, Tanrı da dözür.