Elektron ədəbiyyat və sənət portalı

Peşəkarlığın resepti

Bölmə: Dünya ədəbi prosesi 02.07.2018

Öz şəxsi təcrübəsinə əsaslanaraq, dünya teatr nəzəriyyəsinə qiymətli töhfələr vermiş böyük rus aktyoru Mixail Çexov həm də istedadlı rejissor və təcrübəli pedaqoq olub. Onun peşəkar aktyorluq dərsləri, oyun texnikasının sirləri, səhnə mədəniyyəti, teatr metodları və sistemləri barədə elmi mühazirələri bu gün də aktuallığını qoruyub saxlayır.

  1. Çexov hesab edirdi ki, dramatik aktyorun formalaşması üçün ən mühüm olan yaradıcı təxəyyüldür. Aktyor yazırdı: “Şübhəsiz, yaradıcı təxəyyül hər bir sənət adamı, məsələn, rəssam, heykəltəraş və şair üçün önəmlidir. Ancaq aktyor təxəyyülü başqa sənət adamları ilə müqayisədə ən yüksək zirvədə dayanmalı və peşəkarlığa nail olmaq üçün hərəkətverici qüvvəyə çevrilməlidir ”.

O, aktyora “oyuncaq”, “teatr aləti” kimi baxan rejissorları kəskin tənqid edir, teatrda aktyorun yeri barədə rejissorlar arasında formalaşmış müəyyən fikirlərə qarşı çıxırdı: “Bəzi rejissorlar hesab edirlər ki, aktyorun yaradıcı təxəyyülə ehtiyacı yoxdur. Mətni ver, əzbərləyib səhnəyə çıxsın, rejissorun göstərişlərini yerinə yetirsin, vəssalam!” M.Çexov teatrın inkişafını ləngidən belə savadsız “sənətkarlar”a tutarlı cavab verirdi: “Aktyor üçün yaradıcılıq təxəyyülü çox vacibdir. Düşünə bilməyən aktyorun səhnəyə yolu bağlı olmalıdır. Kor- koranə, yalnız rejissorun sözü ilə oturub-duran aktyor heç vaxt yaddaqalan obrazlar yarada bilməz! Üstəlik, aktyordan istedad, yaxşı zahiri görünüş, səs, yaddaş, rola uyğun bədən hərəkətləri və s. tələb olunur. O, səhnədə, gündəlik həyatda həmişə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirməli, davranışı ilə insanlara nümunə olmalıdır. Bu, hələ aktyordan tələb olunanların hamısı deyil! Bəs bunun əvəzində aktyor nə qazanır? Tamaşaçı alqışı, çiçək dəstələri, şan-şöhrət! Bu, əməyimizə verilən ən yüksək qiymətdir! ”

Mixail Çexov

M.Çexov aktyoru qurub-yaradan, daim axtarışda olan sənət adamı kimi görürdü. Səhnədə mürəkkəb obrazların mahir ifaçısı kimi daim yeniliklərə can atır, yaradıcılıq axtarışlarına ara vermirdi.

Qəribə taleli bu rus aktyoru 1891-ci ildə Peterburqda anadan olmuşdu. Dahi rus yazıçısı Anton Pavloviç Çexovun böyük qardaşı Aleksandrın oğlu idi. Gənc Mixail sənətdə ilk addımlarını Neva çayı sahillərində - Suvorov Teatrında atmışdı. O, 1912-ci ildə Stanislavskinin dəvəti ilə Moskva Akademik Bədaye Teatrında çalışmağa başlayır. “Albalı bağı ” pyesində Yepixodov, “Vanya dayı ” tamaşasında Vafli, “Müfəttiş ”də Xlestakov kimi mürəkkəb obrazları böyük ustalıqla yaradır. 1922-ci ildə Moskva Akademik Bədaye Teatrının Birinci studiyasının direktoru təyin olunur.

M.Çexov 1918-ci ildə Moskvadakı evində fərdi yaradıcılıq studiyası açıb peşəkar aktyorluq dərsləri keçməyə başlayır. 1919-cu ildə isə “Qom ” jurnalında “Stanislavski sistemi haqqında’’ və “Aktyor öz üzərində necə işləməlidir’’ adlı elmi araşdırmaları dərc olunur. 1920-ci ildən Politkultun studiyasında, eyni zamanda Şalyapin adına Teatr Məktəbində mühazirələr oxumağa başlayır. V.Şekspirin “On ikinci gecə” əsərində Malvolio, “Hamlet”də Hamlet, A.Strindberqin “XIV Erik ” tamaşasında Erik obrazlarını böyük ustalıqla ifa edərək səhnə tarixinə qızıl səhifələr yazır. 1924-cü ildə “Əməkdar artist ” fəxri adına layiq görülür.

1928-ci ildə Sovet Rusiyasını tərk edərək Almaniyaya gedir. Burada bir neçə filmə çəkilir və Maks Reynhardın teatrında çalışır. 1930-cu ildə Çexiyada şəxsi teatrını yaratmaq istəsə də, maliyyə çətinlikləri ilə üzləşir. Parisdə məşhur teatrların səhnəsində müxtəlif obrazlar yaradır.

Başçılıq etdiyi “Çexov teatrı ” ilə birlikdə 1932-ci ildə Riqaya, 1935-ci ildə isə Nyu-Yorka qastrol səfəri edir. Artıq o dövrlər Avropada müharibə kabusu dolaşdığından teatr ABŞ-ın Riçfıld şəhərində məskunlaşır. 1939-cu ildə A.Hiçkokun “Ovsunlanmışlar” filmindəki roluna görə M.Çexovun adı “Oskar” mükafatına namizədlər siyahısına salınır: O, “Aktyor emalatxanası ” yaradıb peşəkar aktyorluq dərsləri keçir və tezliklə “Aktyor texnikası haqqında ” adlı kitabı dərc olunur.

Aktyor 1955-ci ildə Kaliforniya ştatının Beverli-Hillz şəhərində vəfat edir.

Müasirləri yazır ki, M.Çexovun parlaq istedadı janr çərçivəsinə sığmırdı. O, obrazın psixoloji məziyyətləri ilə kifayətlənmir, bura fərdi tapıntılarını əlavə edir, oyunu ilə qəlbləri riqqətə gətirirdi. Aktyor rolun daxili psixologiyasını açıb göstərməyə, onu müxtəlif üsullarla tamaşaçıya çatdırmağa üstünlük verirdi. Çexov bu qənaətdədir ki, aktyorda hər şey - hərəkət, nitq, səs, baxışlar gözəl olmalı, səhnə oyunu həyatın reallığı ilə qovuşmalıdır.

  1. Çexov danışan jestlərin nəyə qadir olduğunu yaxşı bilir və onları peşəkarlığın sirli açarı sayırdı. O bildirirdi ki, jest və hisslərin harmoniyası aktyora obrazın bütün məziyyətlərini açıb göstərməyə, ona yeni, bənzərsiz çalarlar əlavə etməyə imkan verir.

Oxucuya təqdim olunan “Peşəkar aktyorluq dərsləri ’’ kitabı müəllifin ABŞ-da yaradıcılıq studiyasında oxuduğu mühazirələrin əsasında hazırlanıb. M. Çexov aktyor peşəkarlığının heç bir növü üzrə hazır reseptlər təqdim etmir, sadəcə bu çətin peşə sahiblərinə sənətin zirvələrinə aparan yolları göstərir, dəyərli məsləhətlər verir, gənc aktyorlara incəlikləri başa salır. Aktyor peşəkarlığa necə yiyələnməlidir? M. Çexov mühazirələrində bu mürəkkəb suala cavab axtarır.

Fərhad Abdullayev