Elektron ədəbiyyat və sənət portalı

Müasir İtaliya ədəbiyyatının ən çox oxunan yazıçısı

Bölmə: Dünya ədəbi prosesi 02.07.2018

XX əsr İtaliya ədəbiyyatı yalnız təmsil etdiyi ölkədə deyil, eləcə də dünyada baş verən mürəkkəb tarixi və siyasi proseslərin ümumi ahəngini özündə əks etdirir. Əsrin əvvəllərində meydana çıxan faşist ideologiyası, İkinci Dünya müharibəsinin tarixi təcrübəsi və Müqavimət hərəkatı ictimai şüurda, cəmiyyətin bütün təbəqələrinin dünyagörüşündə böyük dəyişikliklərə səbəb oldu. Bütün bunlar sənət aləmində, o cümlədən italyan ədəbiyyatında yeni meyillərin yaranmasına (müharibə və Müqavimət hərəkatının, ölkədə baş verən dramatik hadisələrin işıqlandırılması və s.) gətirib çıxardı. Beləliklə də, incəsənət, ədəbiyyat və kinoda möhkəmlənən neorealizm cərəyanı ümumavropa mədəni prosesində olduğu kimi, italyan ədəbiyyatında da əhəmiyyətli rol oynamağa başladı. Sözügedən cərəyanı təmsil edən mətnlər gerçəkliyi olduğu kimi, real cizgilərlə təsvir etməyə çalışırdı. Bu proseslər yeni bədii təsvir vasitələrinin, üslubi keyfiyyətlərin, sadə və anlaşıqlı bədii təhkiyənin meydana çıxması ilə müşayiət olunurdu.

Həmin dövrə aid ədəbi mətnlərin səciyyəvi xüsusiyyətlərindən biri insanın məsuliyyət hissinin daha qabarıq şəkildə gündəmə gətirilməsi idi. A.Moravia da öz roman, hekayə və novellalarında bu məsələni ön plana çəkməklə bərabər, həm də real həyatı anlamağa, dərk etməyə çalışır və nəticə etibarilə, mükəmməl sənət əsərləri yaradırdı. İtaliyanın mədəni həyatında xüsusi yeri olan Moravia həmişə fərqli düşünür, öz mövqeyini əsaslandırmağı və müdafiə etməyi bacarırdı. Onun yaradıcılığı 60-cı illər İtaliya ədəbiyyatı üçün özünəməxsus simvol və istinad nöqtəsi rolunu oynayırdı. Elə buna görə də Moravianm vətəndaş mövqeyi ilə hesablaşır, hətta bəzən mübahisəli görünən prinsiplərinə də hörmətlə yanaşırdılar.

Alberto Moravia öz əsərlərində bir-birindən fərqlənən çoxsaylı bədii formalardan istifadə edirdi ki, onlar da sürrealizmdən tutmuş, neorealizmə qədər dəyişilə bilirdi. Məhz bu xüsusiy-

yətlərinə görə onun “Biveclər” və “Çoçara” kimi romanları XX əsrin ən parlaq ədəbi nümunələrindən hesab olunur. Bundan başqa o, “Maskarad”, “Aqostino”, “Nifrət”, “Mən və o”, “Romaya səyahət» və s. kimi məşhur romanların, “Roma hekayələri”, “Tənbəl yuxular”, “Başqa həyat”, “Milyard il əvvəl..,” və s. kimi bütün dünyada sevilə-sevilə oxunan hekayə toplularının müəllifidir. Yazıçının əsərləri əsasında iyirmiyə yaxın film çəkilib, saysız-hesabsız teatr tamaşaları səhnəyə qoyulub. Moravianm, demək olar, bütün əsərlərində birbaşa və ya dolayısıyla ədəbiyyatla, incəsənətlə bağlı mövzular da əks olunur.

Alberto Moravia öz ölkəsinin hüdudlanndan kənarda ən çox oxunan müasir İtaliya yazıçısı hesab olunur. Onun yaradıcılığı həmişə qeyri-adi təsir bağışlayır: burada tənqidi realizm, sosial- psixoloji realizm, neorealizm və esseistika elementləri qəribə bir vəhdət təşkil edir.

Ümid edirik ki, oxuculara təqdim edilən “Çoçara” romam və “Roma hekayələri” yazıçının bədii irsinin Azərbaycanda daha yaxından tanıdılması işinə əhəmiyyətli töhfə olacaq.

Etimad Başkeçid