Uilyam Şekspir
"Romeo və Cülyetta"
Cülyettanın monoloqu
Kapulettinin bağı. Cülyetta daxil olur.
Cülyetta.
Siz ey ayaqları od saçan atlar,
Qərbə – günbatana çapın dördnala
Febin oğlu Faston sürsəydi sizi,
Qızıl arabanı aparmışdınız,
Aləmi qaranlıq tutmuşdu çoxdan.
Gəl, gəl aşiqlərin sirdaşı gecə,
Gəl, çək hər tərəfə qara pərdəni.
Kənar gözdən uzaq, yad dildən uzaq
Romeo gizlicə gəlsin yanıma.
Dünyanı aydınca görür aşiklər,
Dünyaya nur saçır onların hüsnü.
Əgər məhəbbətin korsa gözləri,
Onun ən sevimli dostu gecədir.
Ey ədəbli gecə, ey qara donlu,
Zabitəli gözəl, gəl, gəl sən mənə
İki təmiz qəlbin saf oyununda
Uduzaraq qalib gəlməyi öyrət.
Utancaq, pak eşqim cürətlənincə
Qara örpəyinlə yanaqlarımda
Həyadan alışan qanımı gizlət.
Gəl, gecə, bir tələs! Tez ol, Romeo,
Gəl, zülmət gecədə nurlu gündüzüm,
Uç, gəl sən gecənin qanadlarında,
Qarğanın belinə yenicə yağmış
Qardan sən şəfəqli, sən ağ olarsan.
Gəl, sevimli gecə, ey qaraqaşlım,
Mənim Romeomu sən gətir mənə.
O öləndə onu götür özünlə,
Kəs, doğra balaca ulduzlar kimi.
Bundan göylər elə gözəlləşər ki,
Mat qalar gecəyə bütün yer üzü,
Pərəstiş eyləməz Günəşə heç vaxt.
Bir sevgi sarayı satın aldım mən,
Fəqət o saraya sahib deyiləm.
Mənim özümü də satın aldılar,
Fəqət nə yiyəm var, nə sahibim var.
Ah, necə əzablı, qəmlidir bu gün,
Təzə paltarımı geyə bilməyən
Səbirsiz uşağın bayramqabağı
Keçirdiyi qəmli bir gecə kimi!
Ah, ah, dayəm gəlir, xəbər gətirir.
Romeo adını deyən hər bir dil
Göylərtək gözəldir, heyrətamizdir.