Elektron ədəbiyyat və sənət portalı

Otellonun monoloqu

Bölmə: Monoloqlar 29.06.2018

Uilyam Şekspir
"Otello" 
Otellonun monoloqu



Dayanın bir anlığa, izin verin, ağalar,

Getməmişdən sizlərə deyiləcək sözüm var.

Mən öz körpə yaşımdan alışaraq xidmətə – 

Senata qulluq etdim, bu bəllidir dövlətə.

Lakin, bunlar bir yana... Nə çıxar bu sözlərdən?

Sizdən son xahişim var: Rica edirəm ki, mən

Bu qanlı macəranı yazarkən məktubda siz

Heç nə artırmayınız, heç nə əskiltməyiniz.

Yazınız: Çox bərk sevdim, möhkəm sevdim mən onu,

Bilmədim məhəbbətin həddini-hüdudunu.

Yazınız: Qısqanmadım o dilbəri sevəli,

Ancaq bir yol qısqanıb dəli oldum mən, dəli!

Vicdanımın, qəlbimin, ruhumun sevincini,

Bütün bu kainatdan müqəddəs bir incini – 

Axmaq bir hindu kimi dənizlərə fırlatdım,

Dəryaların dibinə öz əllərimlə atdım.

Yazın: Ağlamaq nədir? –  bilməzdim ömrümdə mən,

İndi Ərəbistandakı ağaclardan tökülən,

Qətrələrtək ağlaram…Artırın sonra; bir gün,

Hələbdə gəzişərkən ağ çalmalı bir türkün

Gördüm venetsiyalını hiddətlə döydüyünü,

Venetsiya senatını nifrətlə söydüyünü.

Mən türkün boğazından tutub bu əllərimlə,

O köpəyi bir anda parçaladım, bax belə!