İlqar Rəsul

 

İlqar Rəsul - yazıçı-publisist.

1966-cı il oktyabrın 11-də Ağdam şəhərində ziyalı ailəsində doğulub.

1984-cü ildə Ağdam şəhər 3 saylı orta məktəbi əla qiymətlərlə bitirib. 1989-cu ildə Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi texnikumunun mexanika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1998-ci ildə M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə həmin fakültənin magistratura pilləsini bitirib. 1995-ci ildən başlayaraq ölkənin tanınmış mətbuat orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

2004-2012-ci illərdə Azadlıq Radiosunun (ABŞ) Azərbaycanda Parlament və Prezident Administrasiyası üzrə xüsusi müxbiri olub.

2013-2018-ci illərdə APA Holdinqin tərkibində fəaliyyət göstərən APA TV-nin baş direktorunun müşaviri vəzifəsində çalışıb. 2018-ci ilin may ayından Azərbaycan Tərcümə Mərkəzi İnformasiya Departamentinin rəhbəridir. 

1995-ci ildən mətbuatda hekayələri dərc olunur. 2011-ci ildə “Getmə” romanı işıq üzü görüb.

Ailəlidir, 1 övladı var.

 

HEKAYƏLƏR

 

ANA

Başımı Onun dizlərinə qoyanda qolumdakı saat da yatardı....

 

Buz dövrü

İnsanların yaramazlığından yer üzündə qlobal istiləşmələr o həddə çatdı ki, dünya sulanıb xarab olmağa başladı. Və Tanrı onu götürüb soyuducuya qoydu.

 

Qatar

Mənim işğal olunmuş şəhərimdəki dəmir yolunun üstündən indi ildə cəmi iki dəfə qatar keçir.

O da bir dəfə o yana, bir dəfə bu yana.

O da səssiz-səmirsiz.

O da durna qatarı...

 

Susan səs

O, cəbhədən qayıdandan sonra bir də heç vaxt ayaqqabı almadı. Saatı da sağ

qoluna bağlamalı oldu. Əslində ona saat lazım deyildi. Onsuz da vaxtı kimdənsə

soruşacaqdı. Amma hərdən soruşduğunun saatı olmayanda utandığından az qalırdı,

yerə girsin. Kimisə pərt elədiyini düşünürdü. Ona görə də səs eşidəndə elə oturduğu

yerdən - kəndin ortasındakı qoca tut ağacının altından qolunu qabağa uzadıb:

“Görün saat neçədir ?” − deyərdi. Bəzən hər ötüb-keçəndən saatı soruşardı. Hər

dəfə səs eşidən kimi qolunu qabağa uzadaraq. Nə bir tələsik işi, nə də gedəsi yeri

var idi. Yer var idi əslində, ayaqları yox idi. Gözləri kimi...

Saatı soruşmaq ona insan səsi eşitmək üçün lazım idi. İllah da qadın səsi.

Düşünürdü ki, qadın səsi bir az başqa cür olur, içində nəsə var sanki. Amma ona

qadın səsi başqa səbəbdən lazım idi. Kənddəki səsləri yaxşı tanıyırdı. Onların

arasından bir vaxtlar onu sevən qızın səsini axtarırdı. Nədənsə heç rast gəlmirdi.

Heç kimdən də soruşmurdu o qızı utandığından. Deyirdi, necəsə gec-tez rastıma

çıxacaq onun da səsi. Hərdən də təəccüb edirdi: axı bu balaca kənddə hamının səsi

var, bircə onun səsi yoxdur, bu, necə olur?!

Bircə evlərində kimdənsə saatı soruşmaq ağlına gəlmirdi. Gəlsəydi də,

soruşmazdı. Evdəkilərin səsini hər gün eşidirdi. Bircə gəlinlərinin səsindən başqa.

Qardaşının arvadı heç vaxt onun yanında danışmırdı. Heç danışmırdı. Susurdu...

Xərçəng və qırmızı tramvay

Axşam saat doqquza on beş dəqiqə qalmış tramvay relsinin kəsdiyi küçədə

ağır yol qəzası baş verdi. Tramvay qəfil yoluna çıxan qara rəngli “Pejo”nu xıncım-

xıncım eləmişdi. Xoşbəxtlikdən maşında cəmi bir nəfər var imiş. Bədbəxtlikdən

həmin o bir nəfər elə sükanın arxasındaca...

Gecə xəbərlərində ilkin mülahizə kimi günahın “Pejo”nun sürücüsündə

olduğunu dedilər...

***

Pasienti müayinə edəndən sonra həkim dedi:

− Siz xəstəsiniz.

Xəstə:

− Bilirəm, elə ona görə də teatra getməyib, xəstəxanaya gəlmişəm.

Həkim:

− Siz çox ciddi xəstəsiniz.

Xəstə:

− Mən sağlam vaxtı da çox ciddiyəm.

Həkim:

− Demək istəyirəm ki, vəziyyətiniz ağırdır.

Xəstə:

− İndi hamının vəziyyəti ağırdır.

Həkim:

− Sizinki ümidsizdir!

Xəstə:

− Ümidsiz heç nə olmur.

Həkim:

− Xərçəngsiniz. Uzağı altı ay ömrünüz qalıb!

Xəstə gülümsünərək:

− Bəs yaxını?

Həkim:

− Dörd ay.

Xəstə:

− Siz buna əminsiniz?

Həkim:

− Bəli.

Xəstə:

− İnandırıcı səslənmir. Ancaq əgər bu dörd ay məsələsi dəqiqdirsə, deməli, mənim

vəziyyətim sizinkindən xeyli yaxşıdır.

Həkim:

− Nəyə görə?

Xəstə:

− Ona görə ki heç kim daha nə qədər yaşayacağını bilmir. Adamlar var ki, bir saat

sonra öləcəklər. Lap elə bu dəqiqənin özündə də ölənlər var. Elələri də var ki, bir

həftə ömürləri qalıb. Mənsə, sizə inansaq, hələ dörd ay ölməyəcəm. Əgər buna sizin

diaqnozunuzun səhv çıxa biləcəyini də əlavə etsək, bir igidin ömrü olur.

Həkim:

− Maraqlı danışırsınız.

Xəstə:

− Həqiqət həm də maraqlı olduğu üçün hörmətə layiqdir.

Həkim:

− Çətin ki, dörd aydan sonra mənim həqiqətimə hörmət edə biləsiniz.

Xəstə:

− Mənim hər dəqiqə baş verə biləcək həqiqətimə nə qədər tez hörmətlə yanaşsanız,

o qədər yaxşıdır.

Həkim:

− Yaxşı o olar ki, özümüzə hörmət edib bir-birimizin vaxtını almayaq.

Xəstə:

− Onda mən getdim.

Həkim:

− Əgər piyadasınızsa, metroya qədər sizi öz maşınımla apara bilərəm.

Xəstə:

− Nə rəngdədir?

Həkim:

− Nə?

Xəstə:

− Maşın.

Həkim:

− Qara “Pejo”dur.

Xəstə:

− Yox, mən qırmızı tramvayla gedirəm.

Həkim:

− Deyəsən, qırmızı rəngdən xoşunuz gəlir.

Xəstə:

− Yox, bu, haradan ağlınıza gəldi?

Həkim:

− Bəs onda niyə qırmızı tramvayla gedirsiniz?

Xəstə:

− Evimizin qabağından keçdiyinə görə...

Həkim kabinetinin qapısını bağlayıb klinikadan çıxdı. Hava qaralmışdı.

“Pejo”suna oturub, binadan aralandı. Maşını sürərkən maraqlı xəstəni görmək

ümidi ilə ətrafa baxırdı. Tramvay relsinin üstündən keçəndə axşam saat doqquza on

beş dəqiqə qalmışdı...