Elektron ədəbiyyat və sənət portalı

“Qatil” filminin təqdimatı keçirilib

Bölmə: Beynəlxalq 23.10.2015

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov film haqqında məlumat verərək bildirib ki, rejissor Kamran Şahmərdanın Elçinin eyniadlı pyesi əsasında ekranlaşdırdığı film “Azərbaycanfilm” kinostudiyasında Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

M.Hətəmov son illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərə beynəlxalq festivallarda olan maraqdan, kino sahəsindəki islahatlardan, gələcək perspektivlərdən danışaraq vurğulayıb ki, hazırda bir neçə ölkə ilə müştərək film layihələri barədə danışıqlar aparılır.

Filmin rejissoru Kamran Şahmərdan “Qatil” pyesi əsasında hazırladığı tamaşanın Sankt-Peterburqda maraqla qarşılandığını  diqqətə çatdırıb və filmə də eyni marağın göstəriləcəyinə ümidvar olduğunu qeyd edib.

Psixoloji dram janrında çəkilən yeni ekran əsərinin ssenari müəllifi Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar.