Elektron ədəbiyyat və sənət portalı

Knut Hamsunun seçilmiş əsərlərində tərcümə və üslub qüsurları

Bölmə: Qüsurlu tərcümələr 18.06.2018

Knut Hamsun – SEÇİLMİŞ ƏSƏRLƏRİ

(tərcümə edəni: Nadir Qocabəyli)

“TORPAĞIN BƏRƏKƏTİ” və “ACLIQ” romanlarında tərcümə və üslub qüsurları var. Məsələn:

“TORPAĞIN BƏRƏKƏTİ

24-cü səhifə, 2-ci abzas: “...Axı o özü də qüsursuz deyildi. Saqqallı və qeyri-adi dərəcədə tösmərək”. (?)

25-ci səhifə, 1-ci sətir: “Heyvanatın sayı sürətlə çoxalırdı, təmiz iş və möcüzə”. (?)

33-cü səh, aşağıdan 3-cü abzas: “– Hı, öləcəm ha! – İsaak ölümdən o qədər uzaqdı ki, cibindən neft dolu bir aptek kisəsi çıxarıb İngerə verdi və tapşırdı ki, mütləq qəbul edib sağalsın” (?)

 

118-ci səhifə, 1-ci abzas: “Bu işi tez bitirib lomla (?) sahələrdəki buzu qırır və hər gün səbirsizliklə torpağın donunun açılmasını gözləyirdi”.

 

122-ci səhifə, aşağıdan 6-cı abzas: “İsaak etiraz etdi və uşağı qucağında aparmaqda davam etdi”. (?)

 

213-cü səhifə, aşağıdan 4-cü abzas: “Axı insanlar heyvanlardan vacibdi (?) – Brede dedi.”

 

226-cı səhifə, 1-ci abzas  “Haqq-ədalət gec də olsa, onu mükafatlandırdı, yəqin ki. uşaqlarını saxlamaq üçün dilənçilik etdiyinə, bəlkə də, onlarçün oğurluq etdiyinə görə, bütün hallarda onları qoruduğuna görə”. (?)

 

ACLIQ

 

402-ci səhifə, axırdan 1-ci abzas: “Ərzaqları alıb, qoca və gonbul satıcıya ehtiramla baş əyərək cəld parkın yerləşdiyi təpəyə doğru addımladım. Orada bir skamya tapıb acgözlüklə yeməyə girişdim”. (?)

 

446-cı səhifə, yuxarıdan 3-cü abzas: “Ah, heç olmasa bir tikə çörək olsaydı! Elə küçədə gedə-gedə gəmirməyə bir parça gözəl ətirli qara çörək!” (?)

 

 

Qeyd: İşarə olunmuş bu qüsurların hər biri haqda ayrıca danışmaq da olardı.  Amma təkrarçılığa yol verməmək üçün qısaca onu bildirmək istərdim ki, həm “Torpağın bərəkəti”, həm də “Aclıq” romanlarında bu sayaq səhvlər istənilən qədərdi. Rus variantından qaynaqlanan və dilimizə cümlələrin şəkli kimi köçürülən mətnlər quru, sxalastik təsir bağışlayır, yuxarıda göstərilən səhvlər də əsasən bundan irəli gəlir.

 

Rabindranat Taqor – SEÇİLMİŞ ƏSƏRLƏRİ

(tərc: Beydulla Musayev, Əli Səbri, Mikayıl Rzaquluzadə, Mehdi Mirkişiyev)

 

R.Taqorun “EV VƏ DÜNYA” romanında (tərc. Beydulla Musayev) tərcümə və redaktə qüsurlarının bəzi örnəkləri:

 

20-ci səh. II abzas  – Sənin baxışın səhər günəşinin şüası kimi mənim şüurumun ilk qığılcımlarını işıqlandırdı, məni həyata sövq etdi.

Burada "...qığılcımlarını işıqlandırdı" yox, "qığılcımlarını alovlandırdı" olmalıdı. Eləcə də, "...məni həyata sövq etdi" əvəzinə "məni həyata həvəsləndirdi" daha düzgün ifadədi.

 

20-21-ci səhifələrdə 20 dəfə “mən” sözü işlənib. Bunlardan 10-u cümlənin əvvəlində gəlir.

Bu daha çox redaktə qüsurudu. Tərcüməçi əsəri, sözsüz ki, rus mətnindən çevirib.  Rus dilinin qanunauyğunluqlarına cavab verən "mən"lər də ordan gəlmədir və bizim dildə daha çox pafos yaradır. Kitabda konkret örnək kimi göstərilən bu tipli qüsurlar çoxdu.

 

32-ci səh. –  “– Məni dərk etmək üçün, bəlkə də sənə bir şey mane olur (?), ancaq mən  bunu duymuram” ––   “Çox gözəl, elə tutaq ki, mənə bir şey mane olur, bəs onda bunu aradan qaldırmaq üçün sən niyə mənə kömək etməyəsən?”

Bu dialoqun tərcüməsi haqda danışmağa dəyməz. Həm tərcümənin, həm də redaktənin tam bərbad vəziyyətdə olduğu göz önündədi. Dialoq aşağıdakı kimi getsəydi daha düzgün olardı:   "– Məni dərk etmək üçün, bəlkə də sənə nəsə mane olur, ancaq bunu duymuram". –  "Çox gözəl, elə tutaq ki, mənə nəsə mane olur, bəs onda bunu aradan qaldırmaq üçün niyə köməyini əsirgəyirsən?"

 

33-cü səh. I abzas – Ərimin nənəsi hələ sağ idi. Onun razılığı olmadan ərim evi XX əsrin şeyləri (?) ilə doldurmuşdu, o da buna dözürdü.

"...XX əsrin şeyləri"  yerinə düşməyən ifadədi, sırf tərcümə qüsurudu. Heç "XX əsrin əşyaları" kimi getsəydi də düzgün olmazdı. Bəlkə də burada "...ərim evi XX əsrə aid əşyalarla doldurmuşdu" ifadəsi yerinə düşərdi.

 

34-cü səh. I abzas – Xoşbəxtlik onun üzünə gülməmişdi. Tale bir-birinin ardınca sinəsinə dağ çəkmişdi, lakin hər zərbədən sonra o daha əbədi olmuşdu (?).

Göründüyü kimi cümləni "...o daha əbədi olmuşdu" kimi bitirmək fikri dolğun ifadə etmir, anlaşılmazlıq yaradır, daha doğrusu, sətri tərcümə təsiri bağışlayır. Burada tərcüməçiylə yanaşı redaktorun da səthi yanaşması üzə çıxır.

 

69-cu səh. I abzas – "Nə isə olur." –  Kitabın 69-cu səhifəsindəki "Şondipin qeydləri" bölümü bu cümləylə başlayır. Burada tərcüməçi yanlışlığa yol verib. "Nə isə olur"u "Nəsə baş verir" kimi işlətsəydi daha düzgün olardı.

 

“FƏLAKƏT” romanı (tərc. Əli Səbri)

279-cu səh. – Okxoyun səsi o qədər güclü deyildi, lakin o, kamançanı özü çalıb, özü oxuyanda yalnız ən sərt, ən amansız tənqidçi kimi bir şey də oxumasını xahiş etməzdi. (?)

Cümlə anlaşılmır. Buradakı qüsur həm tərcüməçinin, həm də redakorun səhvi ucbatından kitaba yol tapıb.

 

283-cü səh. "Romeşin pozuq səslər toxuşdurmaqda (?) fövqəladə bacarığı qıza çox ləzzət verirdi".

Bəlkə də bu söz toqquşdurmaqda kimi işlədilməlidi.

 

570-ci səh. Sonuncu abzas. –  Məsələn, “Bağban” mənsur şeirində (tərc. Mikayıl Rzaquluzadə) bu abzasda redaktə qüsurları var. Dolduracam, bəzəyəcəm, boyayacam əvəzinə dolduracağam, bəzəyəcəyəm, boyayacağam kimi gedib.

Tərcümənin uzun illər öncə edildiyini və belə deyimlərin bu cür işlədilməsinin daha çox o dövrə xas olduğunu  nəzərə alsaq, burada tərcüməçini qınamağa dəyməz. Bu, daha çox redaktə səhvidi. Belə ifadələr kitabda kifayət qədər çox işlədilib.

 

686-cı səh.  “Köçəri quşlar” mənsur şeirlər silsiləsindən bir örnəyə baxaq:  (tərc. Mikayıl Rzaquluzadə) – “Mən xırdaca şeylərimi əzizlərim üçün saxlayıram, böyük şeylər isə hamının malıdır”. (?)

Bu şeirin elə bircə misradan ibarət olduğunu nəzərə alsaq, mətnin oxucuya hansı səviyyədə təqdim olunduğunu izah etməyə ehtiyac qalmaz. Təəssüf doğuran bir haldı.

 

692-ci səh. Həmin silsilədən (tərc. Mikayıl Rzaquluzadə) daha bir örnək: "Həyatın hərəkəti öz musiqisini dinləməklə dincəlir". (?) .

Burada da eyni vəziyyətlə rastlaşırıq. Məna anlaşılmır. Nəzərdən qaçmış kifayət qədər ciddi qüsurdu.

 

693-cü səh. Mənsur şeir (tərc. Mikayıl Rzaquluzadə): "Həyat dənizdə bir səyahətdir ki, biz burada eyni kiçik bir gəmidə rastlaşırıq. Ölməklə biz sahilə çatır və başqa-başqa aləmlərə yönəlib bir-birindən ayrılırıq".

Şeirin sonuncu misrasında bir-birindən əvəzinə bir-birimizdən olmalıdı.

 

697-ci səh. Mənsur şeir (tərc. Mikayıl Rzaquluzadə): "Mən gedəndən sonra qoy nəğmələrim qürubun sakit ulduzlar aləminin kənarlarında sayrışan əks-ziyası (?) kimi gəlib sənə çatsın".

"... qürubun sakit ulduzlar aləminin kənarları..." – anlaşılmaz ifadədi.   Əks-ziya deyimi isə, dilimizə yaddı.

 

Mehdi Mirkişiyevin tərcümələri qənaətbəxşdi. (HEKAYƏLƏR) Amma bununla belə, bəzi qüsurlar da var. Məsələn, 736-cı səhifədə, “Miras” hekayəsinin II hissəsinin sonuncu abzası belə bir cümləylə başlayır: “Uşaq etiraz eləmədi, o, qocanın evində çəkinib-eləmədən elə rahatlandı ki, elə bil, yolun kənarındakı ağacın altına düşmüşdü”.

Cümlənin sonluğu fikri açıqlamır.

“Qurtuluş” hekayəsinin V hissəsində – 758-ci səhifədə aşağıdan altıncı abzasdakı cümləyə baxaq: “Ancaq fikirləşdi ki, küçədə gözə sataşan kimi hamı köpək sürüsü tək dalınca düşəcək, ona görə bu qərara gəldi ki, otaqda qalıb dözməlidir.”

Bu cümlədə ki bağlayıcısının təkrarçılığına yol verilib.

 

812-ci səhifədə yuxarıdan dördüncü abzasa diqqət yetirək: “Elə düşünürdü ki, bütün dünya onunla birlikdə intiqam alır, onun eləyə bilmədiyi, gücü çatmayan işi onun əvəzinə təbiət görür – yeri göyü bir-birinə qarışdırır”.

Təbii ki, burda diqqətsizlik edilib, təkrara yol verilib.