Aydın Yol / “XİLAS YOLUNUN YOLÇULARI”

“XİLAS YOLUNUN YOLÇULARI”

Afaq MƏSUD

 

İlk dəfə sufiliyin cazibəsinə hələ bir neçə il bundan əv­vəl – insanı ecazkar sirlər aləminə sovuran “Sufizm mü­səl­man mə­də­niyyətləri kontekstində” kitabını – alt qatı yeni tu­tumlu hə­qi­qət­lər közərən sehrli mətnləri oxumağa baş­la­yan­da düş­müş­­düm...

“Balaca adam siyahıdı[1] və böyük adamın əla­mət­lə­rin­dən biridi”.

Böyük sufi Əziz əd-din ibn Məhəmməd Nəsəfinin “Züb­­dət əl Hə­qayiq” traktatında dediyi bu “böyük adam”ın, cə­­miyyətin seçmə ada­mı olduğunu zənn etsəm də, növ­bəti cüm­lələrdə bunun yaşa­dı­ğı­mız dünya olduğunu an­la­mış, bu sər­hədsiz fikrin möh­tə­şəm­li­yin­dən hey­rətə gəl­miş­dim. Bu mət­nin ardınca gələn son­rakı cümlələri isə, nə­dən­­­sə, Əziz əd-dinin bizlərə – qələm adam­larına ün­­van­la­dı­ğı fövqə­la­də müraciəti kimi qəbul etmişdim...

“Dünya” sözünün mənasını biləndən sonra, indi bil ki, sən ki­çik adam və kiçik dünyasan. Bütün dünya isə, “bö­yük adam” və “bö­yük dünya” adlanır. Dərviş, sən kiçik dün­ya­­san, bütün dünya isə bö­yük dünyadı. Və sən hər iki dün­ya­­nın siyahısı və işarəsisən.

Bil ki, böyük dünyada nə varsa, o, kiçik dünyada da var. Özü­­nü dərk et, aşkarda və gizlində olanlara çat ki, bö­yük dünyanın əv­vəlinə və axırına çata biləsən.

Bu yoldan savayı, ayrı yol yoxdu.   

Hər şeyi olduğu kimi görməyə can atan kəs qoy özü­nü də ol­du­ğu kimi  görsün”.

Kitabı oxuduqca, Kainat havalı fəsillərlə, ənginlik son­­­suz­luq­­lu fikirlərlə tədricən bu dünyadan üzüldüyümü, iza­ha gəl­mə­yən sirli cazibələrlə, harasa, geriyə sov­rul­du­ğu­mu hiss edir, öm­rüm uzu­nu gözümün qabağında, bur­nu­mun ucunda olan sirli bir alə­mə – yeni azadlıqlar qo­xu­yan divarsız, tavansız, ecazkar boş­­­­­luqlara – Hə­qiqi Dün­ya­ya daxil olurdum...

İnsanın kamillik yolu  qədim sufilər tərəfindən, onun İla­hiyə (Uca Yaradana) can atma, Ona daxil olma yolu ki­mi baxılır. Onlar son ucu Yaradanda bitən bu sonsuz sə­ya­hətin zirvəsinə ça­tan yeganə kəsi Məhəmməd pey­ğəm­bərdə görürlər.

Sufilərə görə, bu kamillik özündə üç cəhəti birləşdirir ki, bun­la­rın hər üçü Məhəmməd peyğəmbərin simasında öz ək­sini tapıb.

 

“Qanun – mənim dediklərimdi.

Yol – əməllərim, gerçəklik – mənim halımdı (Mə­həm­məd pey­ğəmbər).”

 

Ayrı sözlə desək, qanun – bilik, yol – bu biliyin əmə­lə ke­çi­ril­məsi, gerçəklik (reallıq) – insanın iç dünyasıdır.

Qədim sufilər Məhəmməd peyğəmbəri insan ka­mil­li­yi­nin tə­cəs­sümü hesab etsələr də, onun ən ali dərəcəyə – Pey­ğəmbər Mö­hü­rü dərəcəsinə ucalmasını, ondan son­ra hələ ki qanuni peyğəmbər­lə­rin aşkar olunmamasını təs­diq etsələr də, sufilik yolunun, yəni Bö­yük Yaradana apa­ran sonsuz Yolun davam etdirilməsinə ümid ye­ri­nin qal­dığını da bildirirlər.

Nəsəfiyə görə də, Uca Yaradana aparan kamillik yolunun axı­rı, sonu  yoxdur:

 

“Əgər insan min il də yaşaya bilsəydi və bütün o min ili özü­nü­dərklə, zahidlik və zikrlə məşğul olsaydı, o, öz bi­li­yi­nin və dərk həd­dinin müqabilində hər gün, hər dəqiqə nə isə dərk edəcək, nə isə an­layacaqdı. O sə­bəb­dən ki, Al­la­hın Biliyinin və Müdrikliyinin sonu, həd­­di yox­du.

İnsan məhz bu səbəbdən kamilliyin son həddinə ye­tə bil­mir. O, kamilliyin hansı dərəcəsinə çatsa belə, yenə ona ve­rilən qa­bi­liy­yət­ləri müqabilində, Allahın Bili­yi və Müd­rikliyi ilə mü­qa­yi­sədə tam ka­mil ol­ma­ya­caq.

Odu ki kamilliyə çatdığını düşünən kəs bu kamilliyin nis­bi ol­du­ğunu anlamalıdı.

Müqəddəs Qanuna görə isə, tam kamillik möv­cud­du”.

“Son məqsəd – Mənbəyə (Allaha) qayıdışdı. Mən­­bəyə qa­yı­dan – öz məqsədinə yetəndi.

Kəndli taxılı torpağa səpib onu becərir. Taxıl bitməyə baş­la­yır və bar verir, yenidən toxuma dönüb öz əvvəlki vəziy­yə­tini alır. Dai­rə qapanır.

Mövcudluq dairəsinin qapanması – azadlıqdı...”

 

 

 

İmam Həsən Bəsri

Bu dünyanı hər kəsin görə bilmədiyi, çılpaq qiyafətdə gö­rüb, tanıyıb, öm­rünü qorxular və sarsıntılar içində ba­şa vurmuş, erkən za­hid­lik (tərki-dünyalıq) ənənə­si­nin davamçısı İmam Hə­sən Bəsri bütün ömrünü Allaha aparan Mü­qəddəs Yolun cazibəsində yaşadı.

 

Erkən islamçılığın nümayəndəsi, sufi məktəbinin ya­ra­dı­­cılarından olan müqəddəs İmam Həsən Bəsri haqda söy­­­lənənlər:

* * *

Həsən dünyaya gələndə atası Dinar qul idi. Lakin köləlikdə doğulmuş Malik Dinar hər iki dün­ya­dan azad idi.

Geniş qəlb sahibi, Bilik və Əməl Kəbəsi, imtina və dinməzlik yolunun öndəri, Allahın Qüdrətindən daim qor­xu duyub, daim Ona can atan Həsən Bəsri Məhəm­məd Peyğəmbərin himayəsində böyümüşdü.

* * *

Həsənin anası Ümm Sələmənin[2] yaxınlarından idi.

De­yi­lənə görə körpə ikən anasının başı işə qarışan za­man Həsən ağlayır. Bu vaxt Ümm Sələmə (Allah Öz Mərhəmətini ondan əsirgəməsin!) uşağı qucağına alır, ovutmaqdan ötrü ona öz döşünü verir. Körpə döşü əm­dikcə, döşün gilə­sin­dən bir neçə damla süd axır. Deyilənə görə Allahın say­sız-hesabsız xeyir-duaları Həsən Bəsriyə Ümm Sələmənin hə­min o bir neçə damla sü­dünün ardınca verilir.

 

* * *

Deyilənə görə uşaqlıq illəri Ümm Sələmənin evində ke­çən Həsən peyğəmbərin kuzəsindən bir qurtum su içib­miş.

Bunu bilən peyğəmbər:

– İçdiyi suyu ona halal elədim, – deyibmiş.

Sonralar İmam Həsən:

– Məndə olan bütün biliklər peyğəmbərin içdiyi suyla qaza­nı­lıb, – deyirmiş.

 

* * *

Deyilənə görə Həsən uşaq vaxtı hər hansı bir gü­nah iş tutanda, elədiyini tikişlə təzə köynəyinin yaxasına yazdırar, sonra hər gün oxuyar, ürəyi gedənəcən ağ­la­yar­mış...

 

* * *

İmam Həsən həftədə bir dəfə moizə oxuyurdu. Moizə zamanı adamların arasında Rəbiyyəni[3] görməyən­də sözü­nü yarımçıq kəsib minbərdən enir, evinə yollanırdı. 

Günlərin bir günü onun bu hərəkətindən qeyzlənən camaat Həsəndən soruşur:

– Ay Hacı, niyə bu boyda camaatı, bu qədər adamı, hacıları bir başı çadralı qarıya görə pərt eləyirsən?

İmam Həsən:

– Mən fil üçün hazırlanan şərbəti qarışqaların mədəsinə tökə bilmərəm, – deyə cavab verir.

 

* * *

Deyilənə görə, insanlar İmam Həsənin ecazkar, məst­­edici moizələrindən vəcdə gəlib ağladığı məqamlar o, üzünü Rə­biyyəyə tutaraq:

– Ey bakirə qız! Bütün bu dediklərim sənin közərən qəlbinin sönmüş kömürləridir! Seyyida! Bütün bu alov, bu qız­mar od, sənin qəlbinin xırda kömürcüyünün isti­sin­dən­dir!..– deyirmiş.

 

* * *

Yığıncaqlardan birində bir nəfər ayağa qalxıb:

– Bu Həsənin nəyi bizdən artıqdı axı? – deyəndə, orada iştirak edən bir müdrik:

– Onun bizlərdən üstünlüyü – bu dünyada hamının onun biliyinə ehtiyaclı olması, onunsa heç kimə ehtiyaclı olmamasıdır. Bütün möminlərin onun sözünə ehtiyacı var. O isə bu dünyada hər şeydən və hamıdan azaddır. Bununla da bizlərdən ucadadır.

 

* * *

İmam Həsəndən soruşublar:

– Müsəlmanlıq nədir və müsəlmanlar kimdi?

O deyib:

– Müsəlmanlıq kitablarda, müsəlmanlarsa, qəbirlər­də­dir.

* * *

İmam Həsəndən soruşublar:

– Dinin əsası nədir?

O deyib:

– Qənaətcillik.

Soruşublar:

 – Onu məhv edən nədi?

İmam Həsən:

– Tamah, – deyə cavab verib.

 

* * *

İmam Həsəndən soruşublar:

– Şeyx, bizim qəlblərimiz sanki yuxudadı. Sənin sözlərin də onları oyada bilmir. İndi biz nə edək?

O cavab verib:

– Yatsaydı, nə vardı ki? Yatana toxunanda, o oyanır. Sizin qəlbləriniz ölüdü, nə qədər tərpətsən də, oyan­maz­lar.

 

* * *

İmam Həsən deyib:

– Mən məni içkiyə çağıranı, bu dünyanın işlərinə çağırandan üstün tuturam.

  

* * *

Deyilənə görə, Mürtəza[4] (Allah onu şad eləsin!) Bəsrəyə təşrif buyurur və şəhərin işləri ilə tanış olmağa baş­la­yır. Üç gün keçməmiş minbərləri sökdürməyi əmr edir, namaz qılmağı qadağan edir.

Həmin günlərin birində təsadüfən o, İmam Həsən Bəsrinin moizəsində iştirak edir. Onu axıra qədər din­lə­di­k­dən sonra:

– Sən tələbəsən, yoxsa müəllim? – deyə ondan so­ru­şur.

İmam Həsən:

– Nə oyam, nə də bu. Mən peyğəmbərin de­dik­lə­rin­dən agah olan bir kəsəm. Onun dediklərini təkrar edirəm,– deyə cavab verir.

Mürtəza:

 – Allah ona rəhmət eləsin. Bu cavan söz deməyə layiqdi,– deyib, Həsənin çıxışlarına qadağanı götürür və məclisi tərk edir.

O gedəndən sonra Həsən bu adamın kim oldu­ğun­dan duyuq düşür, minbərdən yerə enib onun ardınca qa­çır, Mürtəzanı haqlayıb qarşısında diz çökür, ətəyinə toxunub:

– Allah xatirinə, mənə dəstəmaz almağı öyrət, – de­yir.

Bab-ət-teşt adlı bir yer var. Mürtəza Həsəni həmin o yerə aparır, teşt gətizdirib, Həsənə dəstəmaz almağın qayda-qanununu öyrədir və şəhəri tərk edir.

 

* * *

Bir dəfə Bəsrəyə quraqlıq düşür. İki yüz min adam məscidə axışıb İmam Həsəndən minbərə çıxmağı, yağışın yağması üçün dua etməyi xahiş edir.

Həsən minbərə qalxıb:

– Ay camaat! İstəyirsiz yağış yağsın? – deyir.

Adamlar bir ağızdan:

– Əlbəttə, istəyirik! Bura elə bundan ötrü yığışmışıq! – deyirlər.

Həsən:

– Onda Həsəni Bəsrədən qovun! – deyir.

 

* * *

Deyilənə görə İmam Həsən hələ uşaqlıq illərindən canında gəzdirdiyi anlaşılmaz, səbəbsiz qorxudan əziyyət çəkirmiş. İçində elə bir möhtəşəm qorxu varmış ki, tez-tez oturduğu yerdə:

– Elə bil cəlladın hüzurunda otururam,– deyirmiş.

Deyilənə görə onun üzündə bircə dəfə belə olsun, təbəssüm görən olmayıbmış. Möminlər bunun səbəbini İmamın canında gəzdirdiyi həmin böyük, izaholunmaz qorxu ilə bağlayırlarmış.

 

* * *

İmam Həsənin yaxınlarından biri belə bir əhvalat da­nı­şıb:

– Bir axşam Həsən mənim evimdə oturub ağlayırdı. Mən ona dedim ki, sən ki, bu boyda biliyin, bu qabilliyətlərin sahibisən, niyə bu qədər ağlayıb ah-vay edirsən?

O cavabında:

– Çünki təkcə mənə – Həsənə, bilmədiyim işin yapışmaq, ya Allahdan nə isə diləmək qadağandı. O dəqiqə Həsənə: “itil! – deyiləcək, – bundan sonra bir quruşluq dəyərin yoxdu!”

 

* * *

Deyirlər, bir dəfə kimsə İmam Həsənin evinin kandarında oturub onu gözləyirmiş. Həmin vaxt Hə­sən evin damında namaz qılır, hönkür-hönkür ağ­­la­yırmış.

Həsənin göz yaşının bir damlası kandarda oturanın üzünə sıçrayır. O, ayağa qalxıb damda namaz qılan Hə­sən­dən, üstünə sıçrayan suyun pak, yoxsa murdar olduğunu soruşanda İmam Həsən:

– Üstünə sıçrayan göz yaşıdı, – deyir, – sənə bu murdar sudan yuyunub təmizlənməyi məsləhət görürəm. Çünki bu, namaz vaxtı itaətə gəlməyən, yaşını axıdıb günaha batan gözlərimin suyudu.

 

 

* * *

Deyirlər bir dəfə İmam Həsən ölüyə yaxınlaşır. Meyiti qəbrə endirib üstünü torpaqlayanda, torpağın üstə oturub o qədər ağlayır ki, torpaq islanır. Ağlayıb doyan­dan sonra Həsən üzünü adamlara tutaraq:

– Ay camaat! Baxın! Bizim əvvəlimiz də, sonumuz da bu qəbir xəndəyidi, – deyir. – Bu dünyanın axırı da bu xəndəkdi, o biri dünyanın əvvəli də. Axırı bu darısqal qəbir xəndəyi olan bir dünyanın nəyindən fərəhlənirsiz? Əvvəli bu qəbir olan o dünyanın nəyindən qorxursunuz?..

 

* * *

Həsən deyirmiş:

– Hamıdan Uca Yaradan müqəddəs Quranda buyu­rur: “Sənin bütün günahlarından keçərəm, tək bir Məni düşünsən əgər…”

 

* * *

Bir gün Səbət Bönnəni[5] İmam Həsənə belə bir mək­tub yazır:  

“Eşitmişəm ziyarətə hazırlaşırsan. Sənə yoldaş ol­maq istəyirəm”.

İmam Həsən cavabında ona yazır:

“Gəl hər ikimiz Allahın kölgəsi altında öz yolumuzu gedək. Birlikdə olmaq hər ikimizin gizli eyiblərini açacaq və bizi bir-birimizin gözündən salacaq”.

 

* * *

Bir dəfə İmam Həsəndən:

– Bu dünyanın əzabı nədi? – soruşurlar.

O:

– Ruhun məhvi,– deyə cavab verir.

– Ruhun məhvi nə deməkdi? – soruşanda, o:

– Bu dünyaya olan sevgi,– deyə cavab verir.

 

* * *

Günlərin bir günü küçədə İmam Həsənə rast gələn bir adam ondan:

– Necəsən, Həsən? – soruşur.

İmam Həsən:

 – Gəmisi qəzaya uğrayan, özü, suyun üzünə çıxan taxta parçalarından yapışan kimi,– deyə cavab verir.

 

* * *

Deyirlər İmam Həsən məclislərdə danışıb-gülən adam­­­ları görəndə:

 – Bu adamlara məəttəl qalıram, – deyirmiş, – bun­la­rın, deyəsən, öz hallarından xəbərləri yoxdu...

 

* * *

Deyilənə görə, imam Həsən, yalnız ölüm yatağında – ölümünə sayılmış dəqiqələr qalanda gülməyə başlayıbmış. Dünyasını gülə-gülə:

– Günaha bir bax... sən bir günaha bax... – deyə-deyə dəyişibmiş.

Həsənin üzündə təbəssüm əlaməti görməyənlər bundan heyrətə gəliblərmiş.

 

* * *

Deyirlər, bir dəfə İmam Həsənə yaxınlaşan bədəvi ərəb ondan səbir barədə fikir bildirməsini xahiş edir.

 Həsən:

– İnsan səbrinin qüvvəsi var. Kim ki öz taleyi ilə barışar, onun səbri Haqqa xidmət edər,  – deyə cavab verir.

Və deyir: “kamillik – özündə kin və ədavətin zər­rə­si­ni belə duymadığın andan başlanır”;

və deyir: “əbədi Cənnət – bu dünyada gördüyün xırım-xırda işlərlə yox, ürəyində daşıdığın xeyirxah niy­yətlərlə qazanılır”;

və deyir: “qəlb əhli susmağı üstün tutar. Onların əv­vəl qəlbi dilə gələr, sonra dili”;

və deyir: “qənaətcilliyin kiçicik zərrəsi namaz və oru­cun min-min misqalından dəyərlidir”;

və deyir: “müdrikliyin ən uca zirvəsi – düşünmək və hər bir şeydən ehtiyat etməkdir”;

və deyir: “bilsəydim ki ikiüzlü deyiləm, özümü bu dün­yanın ən varlı adamı hesab edərdim”;

və deyir: “üzdə və arxada, dildə və ürəkdə olanlar arasındakı ziddiyyətlər ikiüzlülükdən yaranır”;

və deyir: “əsl mömin – narahat adam deyil, odu­nu­nu, ala-qaranlıq düşər-düşməz, gizlicə yığan, əlindən gə­lə­ni edən, ağzına gələni danışan deyil”;

və deyir: “Böyük və Qüdrətli Allah bu dünyanın borc verildiyini, yalnız bəzilərinə anladır. Məhz o kəslər borc­la­rını qaytarıb, bu dünyadan rahatca köçürlər”;

və deyir: “Allahı tanıyan Onu sevər. Dünyanı tanıyan onu özünə düşmən bilər”;

və deyir: “dostlar – bizə əziz olanlar, Allahın Gön­dər­dik­ləridir. Ailə və uşaqlar bu dünyanın dostları, bizlərin rəqibləridir”;

və deyir: “qəlbsiz qılınan hər namaz insanı əzablara yaxınlaşdırar”;

və deyir: kim ki insanlardan uzaq qaçar, özünü tən­ha­lıqla qoruyar. Kim hisslərinin əsarətindən çıxar, azadlıq qa­zanar;  

və deyir: müdrik olan kəs bu dünyanın özülünü dağıdıb, yerində ayrı – əbədi dünyanın qalasını ucaldandır;

və deyir: axmaq ətraf (yoldaş) Haqqı axtaranı yolundan azdırar;

və deyir: “Allahı tanıyan – bu dünyanı özünə düşmən bilər. Bu dünyanı sevən – Allahın düşməninə çevrilər”.

 

[1] Siyahı – Burada nüsxə mənasını daşıyır.

[2] Ümm Sələmə  –  Məhəmməd peyğəmbərin qadınlarından biri

[3] Rəbiyyə – Rəbiyyə əl-Ədəviyyə; tanınmış sufi moizəçi

[4] Mürtəza – “Seçilmiş” deməkdir; Xəlifə Əlinin titullarından biridir.

[5] Səbət Bönnəni – ilahiyyatçı-moizəçi