Aydın Yol / MƏHƏMMƏD ƏBU HAMİD ƏL-QƏZALİ

MƏHƏMMƏD ƏBU HAMİD ƏL-QƏZALİ

 

                    MƏHƏMMƏD ƏBU HAMİD ƏL-QƏZALİ                              

(1058–1059)

 

«Biz biliyi Allaha görə axtarmağa başlamadıq. O Özü istədi ki, bunu Ondan ötrü edək».

                                                                                                           M.Ə.Qəzali

 

İslam dünyasının seçilmiş nüfuz sahibi, böyük din mütəfəkkiri, «Hiccat-ül İslam» (İslamın dəlili) ləqəbini qazanmış İmam Məhəmməd əl-Qəzalinin yaradıcı irsi bu gün də «Qəzalianə» adı altında ayrıca sahə kimi tədqiq edilməkdədir. Dünya mədəniyyəti tarixinə sufiliklə ilahiyyatçılığı qovuşduran görkəmli ilahiyyatçı-alim kimi daxil olub. Allahın dərkini insanın kamillik yolu – Allaha aparan yol üzrə tədqiq edib təsdiqə yetirmiş bu böyük din mütəfəkkiri İslam dünyasında Məhəmməd peyğəmbər­dən sonra İslamın beşinci əsrinə yenilik gətirən ikinci böyük müsəlman kimi dəyərləndirilir.

Qəzalinin həyatı barədə əldə olunan sənədli materiallarda belə bir qısa bioqrafik məlumata rast gəlinir:

 «...Xorasanın Qəzali kəndində doğulub. Müəllimi – dövrünün görkəmli ilahiyyatçısı Əl-Cüvayni olub. Gənc Qəzalinin fitri qabiliyyətləri ilk dəfə 1091-ci ildə – onu Bağdadın baş mədrəsəsində fikhdən (müsəlman hüququ fənni) dərs deməyə dəvət edən böyük Səlcuq vəziri Nizam əl-Mülk tərəfindən aşkar edilib. Lakin çox keçmədən (dörd ildən sonra) hansı səbəblər üzündənsə (bəzi mənbələrə görə psixi durumu ilə əlaqədar) tutduğu yüksək vəzifədən, qısa müddət ərzində qazandığı yüksək nüfuzdan imtina edərək, Bağdaddan gedib. Sonrakı on bir ili tənhalığa qapılaraq tərk-dünya dərviş həyatını sürüb.   

1106-cı ildə, hansısa naməlum səbəbdən, yenidən fikhdən dərs deməyə qayıdıb. Lakin bu dəfə Bağdada yox, Nişapur şəhərinə. Sonradan, çox keçmədən, yenə hər şeydən imtina edərək öz hücrəsinə – tənhalığa çəkilib və ömrünü ölən gününəcən zahidlikdə keçirib».

Digər mənbələrdə həmin dövrlər Qəzalinin baş verənlərlə bağlı belə bir yazısı nəzərə çarpır:

«...Özümü kənardan müşahidə etdikcə vəziyyətin təhlükəli olduğunu, məni gün-gündən dövrəyə alanlara – bu dünyada əldə etdiyim hər bir şeyə bağlandığımı hiss edirdim... Bir gün özümə, gördüyüm işlərə kənardan baxıb anladım ki, mənim üçün yeganə münasib iş – insanlara dərs demək, onları bilikləndirmək olsa da, bu biliklərin insan üçün nə bu dünyada, nə də o biri heç bir faydası yoxdu. Onda mən insanlara bilik vermək istəyimin gizli niyyətini təşviq etdim və anladım ki, bunu Allahın yolunda yox, özümə görə – şöhrət, ad-san qazanmaqdan ötrü edirəmmiş. Onu da anladım ki, uçurumun kənarındayam… əgər düşdüyüm bu vəziyyəti dəyişə bilməsəm, yerim Cəhənnəmdi. Odu ki, hər şeydən kənarlaşıb Bağdaddan çıxmaq qərarına gəldim…

Bu qərarım nəfsimə xoş gəlmədi, nəfsim mənə müqavimət göstərməyə başladı… və mən ipə-sapa yatmayan ehtiraslarım və xudpəsənliyimlə, O dünyadan duyduğum çağırışların arasında qaldım...»    

Həmin dövrlər dünya maddiliyi ilə incə dünyaların çağırışları arasında qalan Qəzali xəstəliyə tutulur. İş o yerə çatır ki, çörək yeməyə, ağzını açıb söz deməyə belə, taqəti çatmır…

 «Məni yoluxmağa gələnlərin qəlblərini ovutmaq xatirinə bircə günlüyə də olsa, özümdə güc tapıb ayağa qalxmağa, mədrəsəyə yollanmağa çalışdımsa da, bir şey alınmadı. Dilim söz tutmurdu… səbəbi mənə məlum olmayan, izaholunmaz həyəcan və sarsıntılardan yemək yeyə bilmirdim. Hər şey acı tamırdı... Bədənim tamamilə heydən düşmüşdü, həkimlər dərdimə əlac edə bilmirdi. Onda mən, əlacsız bəlaya düçar olmuş kəs kimi, üzümü Uca Allaha tutdum... O da, Onu çağıran hər kəsin səsinə səs verdiyi kimi, mənim də yalvarışlarımı eşitdi… qəlbimə işıq və təpər verib, məni bu şöhrət və pul azarından qurtardı. Çox keçmədi ki, halım yüngülləşdi, mən sağaldım. Dost-tanışa Məkkəyə köçdüyümü desəm də, özüm hər şeyi atıb, ailəm və özümə zəruri olanları götürüb Əş-Şam (indiki Suriya ərazisi) şəhərinə köçdüm».   

Qəzalinin bu gedişi nəticəsiz qalmır. Bu şəhərdə o, «Mötəbərlər Məclisi» deyilən icmanın rəhbəri, Nəqşbənd təriqəti silsiləsi üzrə yeddinci Şeyx – Əbu Əli əl-Fərmadi ilə tanış olur. Onun nəzarəti altında təsəvvüfün pillələri üzrə Allaha xidmət imkanını qazanır. Və beləcə o birilərdən gizlin qalanlar ona açılır... Qəzali  axır ki, «səadət» deyilən uca məqama qovuşur...

Qəzalinin baş əsəri – «İnam barədə elmlərin bərpası» («İhya ülüm əd-din» – 1872) adlı  nəhəng xülasədir ki, Allahın rassional dərkinin, ali həqiqət olduğu səbəbindən qeyri-mümkünlüyü ideyası inkişaf etdirir. Qəzaliyə görə Allahın dərki, yalnız ekstatik həyəcan (vəcd) yolu ilə mümkündür ki, bunun da əsasını insan ruhunun allahabənzərli­li­yi və intuitivliyə (duyğu dərki) əsaslanması təşkil edir.

Qəzaliyə görə ruh – Allah kimi laməkandır. Dünya isə azad ilahi fəhmin törənişidir. Məşhur Nişapur alimi, ilahiyyatçı Məhəmməd ibn Yəhya demişkən: «Şüur intellektinin kamillik səviyyəsinə çatan, yaxud çatmaqda olan kəslərdən savayı, bu dünyada bir kəs İmam əl-Qəzalinin mahiyyətini və qabiliyyət imkanlarını müvafiq səviyyədə anlayıb qavramaq iqtidarında deyil».

 

                        

                                              OĞLUMA MƏKTUB

 

 

        Mərhəmətli və Rəhmdil Allahın adıyla!

        Dünyalar Yaradanı Uca Allaha eşqlə! Onun Peyğəmbəri Məhəmmədə və nəslinə xeyir-dualarla!

       

Bil ki, bir şagird öz Şeyxinə – İslam dünyasının tanınmış nüfuz sahibi imam Zeyn-əd-Dinə sədaqətlə xidmət edirdi. Həmin bu şeyx Əbu-Həmid Məhəmməd əl-Qəzali idi (Allah onun ruhunu işıqlandırsın!). Bu şagird oxuduğu elmlərin bir çox incəliklərini qavrayanacan və özünü bütün ruhi məziyyətlərlə bəzəyənəcən, sədaqətlə Şeyxinə şagirdlik edirdi.

Günlərin bir günü şagird dünya, həyat, onun sonu barədə düşünüb-daşınandan sonra özü-özünə deyir: «Mən elmlərin müxtəlif növlərinə yiyələndim, ömrümün ən yaxşı illərini bu bilikləri toplayıb mənimsəməyə sərf etdim. İndi bilməliyəm ki, bu öyrəndiklərimin hansı biri mənə sabahkı günümdə kömək olacaq, qəbir mənzilimdə keçirəcəyim dövrü yüngülləşdirə biləcək? Bu məsələlərdə mənə fayda gətirməyəcək biliyi bir kənara qoyacağam. Allahın rəsulu (Allahın xeyir-duası ondan əskik olmasın!) demişkən: Ay Allah! Mən Sənə tərəf, heç bir fayda götürmədiyim biliklərimdən qaçıram...»

Bu fikir şagirdə rahatlıq vermir və o, hörmətli şeyxinə – İslam dünyasının nüfuzlu siması Məhəmməd əl-Qəzaliyə (Allah ona rəhmət eləsin!) məktub yazıb, ona bu barədə məsləhət verməsini, göndərdiyi bir neçə sualı cavablandırmasını və dualar öyrətməsini xahiş edir. «...Baxmayaraq ki, möhtərəm Şeyxin «İhya» («Dirilmə») və digər əsərlərində bu suallarıma cavablar var, istərdim ki, Şeyx mənə lazım olanları – ömrüm uzunu çətin məqamlarda mənə kömək olacaq məsləhətlərini bir neçə səhifədə yazsın ki, Allahın köməyi ilə, həyatım boyu  onları yerinə yetirim».

Və Şeyx, Allahdan nə gizlin, cavab olaraq, şagirdinə aşağıdakı məktubu yazır.     

«Əziz və sevimli oğlum. Allah sənin Ona sitayişdə keçən ömrünü uzatsın və səni Öz sevdiklərinin yolu ilə aparsın.

  Bil ki, hər bir nəsihət, məsləhət Yazıda (Quran) var və əgər sənə, Ondan nə isə çatıbsa, mənim deyəcəklərim sənə nə verəcək? Yox, əgər çatmayıbsa, onda mənə de ki, yola saldığın illər ərzində sən nə əldə etmisən?

Oğul, Allahın rəsulunun (Allah onu şad eləsin!) öz icmasına verdiyi məsləhət­lər­dən tək bu sözlər alimlərə kifayət edər:

«Allahın öz bəndəsindən imtina ediyinin sübutu – bəndənin Onun (Allah) üçün əhəmiyyətsiz olan işlərlə məşğul olmasıdır. Və həqiqətən də, bircə saatını belə, sitayişdə keçirməyən insan (halbuki o bu dünyaya bundan ötrü gəlib) ömrünü kədər və iztirab içində keçirməyə layiqdir. Və o kəs ki qırx yaşına çatıb və yaxşı əməlləri pis əməllərini üstələməyib, qoy Cəhənnəmə hazır olsun».

Oğul, məsləhət vermək asandı, çətini – onları yerinə yetirməkdi. O səbəbdən ki, məsələhət – öz tamah və arzularının köləsinə çevrilənlərə, qəlbləri qadağa edilmişləri sevənlərə acı gələr. Bu, ələlxüsus dərin biliklərə can atsalar da, öz nəfslərinin qanesi naminə bu dünyanın yolları ilə gedənlərə aiddi. Onlar hesab edirlər ki, bu dünyada qazandıqları biliklərlə Cəhənnəm əzabından xilas olacaqlar və ayrı nə isə eləməyə ehtiyac yoxdu.

Bu, əsasən fəlsəfə ilə məşğul olanların gəldiyi qənaətdi. Qüdrətli Allaha eşq olsun! Bu xudpəsəndlər anlamırlar ki, bilik qazansalar da (əgər qazanılan onlara müvafiq deyilsə), o bilik Axirətdə onlara qarşı ən kəskin dəlilə çevriləcək. Allahın rəsulu (Allah onu şad eləsin!) demişkən:

«Qiyamət günü ən ağır iztirabı, Allahın verdiyi bilikdən istifadə etməyən alim çəkəcək...»

Və Cüneyd barədə (Allah onun qəbrini nurlandırsın!) danışırlar ki, ölmündən sonra bir nəfər onu yuxuda görüb soruşanda ki: «Nə var, nə yox, Əbül Qasim?», o belə cavab verib:

– ...ifadələri itirmişəm... bütün işarələr yox olub... təkcə gecə yarısı qıldığımız namazların bir neçə rükətindən savayı, heç nə karımıza gəlmədi...

Odur ki, oğul, xeyirxah əməllərdən, getdiyin yoldan məhrum olmaqdan çəkin və bil ki, qazandığın biliklər özləri özbaşına köməyinə gəlməyəcək. Buna misal bu ola bilər ki, üstündə on ədəd qılınc və digər silahlar daşıyan bir adam səhralıqla gedir. Bu adam – cəsur əsgərdir. Lakin əgər bu səhrada onun qarşısına nəhəng şir çıxarsa, səncə, o neyləməlidi?.. Əgər o, üstündəki silahlardan istifadə etməsə, onları hərəkətə gətirib şirə həmlələr endirməsə, bu silahlar onun nəyinə gərəkdi?

Məlum məsələdi ki, silahlar o halda işə yarayır ki, onları tərpədib hərəkətə gətirirsən. Beləcə insan da – əgər minlərlə elmi mətləbi anlayıb mənimsəyərsə, onları lap əzbərləyərsə belə, həyatda tətbiq etməsə, əmələ çevirməsə, bu biliklər ona nə fayda gətirəcək?

Bunu sarılıq xəstəliyinə tutulmuş qızdırmalı adamın müalicəsi ilə də müqayisə eləmək olar. Bu xəstəliyi sirkədə turşudulmuş bal və digər dərmanlarla müalicə etməsən, iş aşmaz. Sən də, əgər sən yüz il bilik əldə etsən, minlərlə kitab oxusan belə, xeyirxah əməllərin olmasa, Allahın Rəhmi nəsibin olmayacaq.

«Bircə ruh belə, o biri ruhun yükünü çəkməyəcək. Hər bir ruh öz yükünü çəkəcək». (Quran 55:38).

«Kim ki öz Allahıyla görüşmək niyyətindədi, qoy xeyirxah işlərlə məşğul olsun və Allahı qarşısında əydiyi başı bir kəsə əyməsin». (Quran 18:110)

Buna nə deyirsən?

Bildiyin kimi, «İslam beş sütuna əsaslanır: Allahdan savayı allah yoxdur, Məhəmməd Allahın Rəsuludur, dualar oxunmasına davam edilməsi, zəkatların verilməsi, Ramazan vaxtı oruca əməl olunması və uzaq yolu başa vura bilənlər üçün Həcc ziyarəti.

İman (inam) – dildə deyilən sözdür, onun (deyilənin) təsdiqi – qəlb və ətraf əzələlərlə əmələ yetirilənlərdir. Bu dediklərimin sübutları saya-hesaba gəlməz və bil ki Cənnətə aparan yol – Allahın Rəhmi, Onun Səxavəti ilə, Ona tabe olub itaətə gələnlərə açılar. «Allahın Rəhmi xeyirxah əməl sahiblərinə yaxın məsafələrdədi» (Quran 7:66).

Və kim soruşarsa ki: «Bu rəhmi, tək bir inam yolu ilə qazanmaq olar?», biz cavab verərik ki, «bəli, olar». Lakin o yolun sonuna nə vaxt çatılacaq?.. Və sona çatanacan nə qədər keçilməz maneələri adlamaq lazım gələcək?

Bu maneələrdən birincisi – inam məsələsidir. Onu yolun sonunacan qoruyub saxlaya biləcəkmi o kəs?.. Yaxud yolun sonuna çatılacaqsa, uğursuzluğa düçar olub «heç nə» ilə qalmayacaq ki?

Müqəddəs imam Həsən əl-Bəsiri demişkən:

«Allah  Qiyamət günü öz bəndələrinə deyəcək: «Buyurun, Mənim bəndələrim, Mənim Mərhəmətimlə Cənnətə daxil olun və Onu öz aranızda öz əməllərinizə görə bölüşdürün».

Odur ki, oğul, əgər sən xeyirxahlıq etməsən, mükafatın verilməyəcək.

Deyirlər İsrail qəbiləsindən olan bir adam həyatının yetmiş ilini Uca Allaha itaətdə keçiribmiş. Uca Allah onu mələklərə təqdim etmək istəyi ilə yanına öz elçisini – mələk göndəribmiş onu xəbərdar etsin ki, bütün itaətlərinə baxmayaraq o, Cənnətə daxil olmağa layiq deyil.

Bu xəbəri alan adam elçiyə: «Biz itaət üçün yaranmışıq və buna əməl etməliyik» – deyə cavab verib.

Mələk geriyə qayıdandan sonra Allaha: «Allahım, Sən məndən yaxşı bilirsən o nə dedi» – deyib. Və Uca Allah deyib:

«Əgər o, Bizə itaətdən imtina etməyibsə, Biz də, bütün Rəhmimizlə ondan imtina etməyəcəyik. Mələklər şahid olsun ki, onun günahlarından keçdim».

Və Allahın rəsulu (Allah onu şad eləsin!) belə deyib:

«Sizi sorğu-suala tutmazdan əvvəl özünüz-özünüzdən hesabat istəyin. Əməlləri­niz ölçülüb-biçilməmişdən əvvəl özünüz ölçüb-biçin».

Və Əli (Allah ondan razı olsun!) deyib: «Kim ki, düşünür ki, bu yolda çalışmadan, səy göstərmədən Cənnətə çatacaq, o kəs boş xülyalarla yaşayır. O kəs ki, düşünür, Cənnətə çəkdiyi əzablar və səylərlə çatacaq, onun heç nəyə ehtiyacı yoxdu».

Əl-Həsən isə1 (Uca Allahın ona rəhmi gəlsin) deyib: «Cənnətə əziyyətsiz can atan kəs günahının birini də artırır». Və deyib: «İnsanın düzgün yolla getməsinin birinci əlaməti – onun dünya işlərinə baş qoşmaması yox, bu işlərə əhəmiyyət verməməsidir». Və Allahın rəsulu (Allah onu şad eləsin!) deyib: «Uzaqgörən o kəsdir ki, özünü ölümdən sonrakı halına borc verir. Axmaq o kəsdir ki, öz həzlərinin quluna çevrilir və Allahdan arzuladığını gözləyir».

İndi bax, oğul, gör bir neçə gecələrlə yatmadın, oxuyub öyrənə-öyrənə yuxuna haram qatdın? Bilmirəm buna səni nə vadar elədi? Əgər bütün bunlar bu dünyanın naz-nemətini, şad-xürrəmliyini əldə etməkdən, yüksək nüfuz sahibi olub, özünə oxşayan yaşıdlarının arasında lovğalanmaqdan ötrü idisə, səni bəlalar gözləyir. Böyük bəlalar!

Yox əgər bununla sən Peyğəmbərin (Allah onu şad eləsin!) qoyduğu qanunları bərpa etmək, özünü tərbiyələndirmək, pisliklər törədən nəfsinə qalib gəlmək istəyirdinsə, səni mükafat gözləyir. Böyük mükafat! Və Allaha ünvanlanan bu beyt haqq deyir: «Əgər bu gözlər Səndən savayı, ayrı bir kəslə yuxulayırsa, bu itkidi. Və əgər bu gözlər Səndən savayı, ayrı  nədən ötrüsə ağlayırsa, bu, günahdı».

Oğlum, necə istəyirsən, elə yaşa, onsuz da ölüsən. Nəyi, ya kimi istəyirsən sev, ondan ayrılacaqsan. Ürəyin istəyəni elə. Həqiqətən, elədiyinin əvəzini görəcəksən.

Oğul, əgər sən İlahidən qüdrətli yaranmamısansa, illahiyyatı, onun fikir ayrılıqlarını, tibbi, şeir kitablarını, şeir yazmağı, ulduzları, ya qafiyələri öyrənmək sənə nə verəcək?..

Həqiqəti İsanın İncilində də gördüm: Mərhum qəbrə qoyulanadək və qəbrə  qoyulandan sonra Allah öz Qüdrəti ilə ona qırx sual verir. Bunun birincisi budur: «Ey Mənim bəndəm! Uzun illərdi, sən insanların gözündə yaxşı görünməyə çalışırsan… Bəs bircə dəfə düşünmüsənmi, Mənim gözümdə yaxşı olasan»?

Allah hər gün sənin qəlbinə nəzər salır və deyir: «Mənim nemətlərimdən bəhrələnir, o birilər üçün çalışırsan. Sən karsan, heç nə eşitmirsən...»

Oğul, əməlsiz bilik – səfehlikdi. Biliksiz əməl – heçlik.

Bil: o bilik ki, bu gün səni pis əməllərdən çəkindirib itaətə səsləmir, sabah o səni Kaftar odundan uzaqlaşdırmaq gücündə deyil. Və əgər bu gün biliyini əmələ çevirib ötüb-keçənlərin əvəzini verməsən, sabah: «bizləri geriyə qaytar, xeyirxah işlər görək!» – deyib yalvaracaqsan. Onda sənə: «səfeh, sən ki, indicə oradan gəlirsən...» – deyəcəklər. 

Oğul, bütün qüvvəni ruhuna yönəlt, nəfsinə zərbə vur və unutma ki, bədən ölümlüdü… Sən əvvəl-axır məzara enəcəksən.

Məzar sakinləri  isə daim yolunu gözləyir ki, nə vaxt onların yanına gələcəksən? Onların yanına ehtiyatsız getməkdən çəkin. Ədalətli Əbu Bəkr (Allah ondan razı olsun!) deyib: «Bu bədənlər, quşların misalında – qəfəs, heyvanların misalında – xəzdir».

Odur ki, fikirləş, bunların hansı birinə aid olduğunu özün üçün ayırd et. Və bil: əgər sən uca göylərdə süzən quşlardansansa, o halda zirvələrin yüksəyinə – Cənnətə çatanacan qalxa biləcəksən. Allahın rəsulunun (Allah onu şad eləsin!) dediyi kimi: «Allahına qayıt!..» çağırışını eşidən Səd ibn Muəzanın1 ölümündən Mərhəmətlinin dərgahı lərzəyə gəldi».

Allah bizləri heyvan qismində yaradılanlardan qorusun. Uca Allah demişkən: «Onlar heyvana bənzərlər, lakin heyvanlardan betər azmışlardır onlar...» (Quran 7–179). Və düşünmə ki, öz evinin küncündən Kaftarın uçurumuna (Cəhənnəm) düşmək mümkün deyil.

Danışırlar ki, Həsən əl-Bəsriyə (Allahın ona rəhmi gəlsin!) içməkdən ötrü bir qurtum su verirlər. O, stəkanı əlinə alır və huşunu itirib, əlindən yerə salır. Ayılanda ondan soruşurlar ki: «sənə nə oldu, Əbu Səid?».

O belə cavab verir: «Suyu içmək istəyəndə, Cəhənnəm əhlinin Cənnət əhlinə: «üstümüzə su tökün… ya da Allahın sizlərə bəxş etdiyindən tökün – dediyini, bunu deyərkən qəlblərindəki istəyin şiddətini duydum...» (Quran 16:50).

Oğul, əgər oxuyub öyrəndiyin elmlər öz-özlüyündə kifayət olsaydı və sənin bundan savayı, xeyirxah işlər görməyə ehtiyacın olmasaydı, o halda: «Diləyən varmı? Günahlarının yuyulması üçün yalvaran varmı? Peşman olub tövbə eləyən varmı?» – müraciətləri mənasız və faydasız olardı.

Danışırlar ki, mücahidlərindən biri Allahın rəsulunun (Allah onu şad eləsin!) hüzurunda Abdulla ibn Öməri yad edib. Bu zaman o (Allahın rəsulu) deyib: «Əgər o, duasını oxusaydı, insanların ən yaxşısı olardı». Və bunu da deyib: «Gecələr çox yatmamalısan. Gecə saatlarının çoxunu yuxuda keçirmək ona gətirib çıxarır ki, insan Qiyamət günündə əliboş qalır».

Oğul, «gecənin bir hissəsini ayıq qalıb, əlavə namazlar vaxtı namaz duasını oxu» (Quran 17:70) – bu, əmrdir. «Sübhdən əvvəl isə onlar günahlarının yuyulması barədə yalvararlar» (Quran 51:18) – bu, minnətdarlıqdır.  «Sübh çağı da günahlarının yuyulmasını xahiş edərlər» (Quran 3:17) – bu, zikrdir. O (behiştlik olsun!), həmçinin deyib: «Sübh çağı üç səda Uca Allaha xoş gələr: «xoruzun banı, Quran oxuyanın avazı, bir də günahlarının yuyulmasını sübhdən əvvəl yalvaranların səsi».

Sufiyan Əs-Səuri (Allah ona rəhmət eləsin!) deyib: «O (Qüdrətli və Böyük Allah), küləyi – sübhdən əvvəl əsib zikr və istiqfarı toplamaq və Qüdrətli Allaha çatdırmaqdan ötrü yaratdı». Bunu da deyib: «Gecə düşərkən, iman əhlinə müraciət olunur: «İtaət edənlər ayağa qalxsın»! Onda qəlblərində Allah sevgisi olanlar yuxudan oyanıb, Allaha dua edərlər. Sonra həmin səs gecənin ortasında bir də çağırır: «Allaha inananlar ayağa qalxsın»! Onda Allaha sidq-ürəkdən tapınanlar yuxudan ayılar və sübhəcən dua edərlər. Gecənin sonu çatanda yenə müraciət olunar: «Günahlarının yuyulmasını istəyənlər ayağa qalxsın»! O kəslər yuxudan oyanar və Allahdan günahlarının yuyulmasını diləyərlər. Günəş doğanda isə belə müraciət olunar: «Kef əhli ayağa qalxsın»! Onlar yataqlarından – qəbirdən qalxan ölülərtək qalxarlar.

Deyilənə görə Müdrik Loğman öz vəsiyyətlərinin birində deyib: «Oğul, imkan vermə xoruz səni qabaqlasın. O banlayıb gecənin başa çatmasını xəbər verəndə, sən niyə yuxuda olmalısan»?

Oğul, bil ki, əsl bilik, ilk növbədə, itaətin və ibadətin nə olduğunu dərk etməkdir. Və bil ki, itaət də, ibadət də, şəriətin sözdə və əməldə buyurduqlarına və qadağa qoyduqlarına riayət etməkdir. Bu, o deməkdi ki, sənin dediklərin də, eləyib-eləmədiklərin də şəriət yoluna zidd olmamalıdı. Məsələn, əgər sən orucu təşriq1 günləri tutsan, bununla qanunu pozmuş olacaqsan. Yaxud duanı ayrı bir adamın geyimində oxusan, zahirən bu ibadət olsa da, cəzalanacaqsan.

Oğul, sənin sözlərin də, əməllərin də, o səbəbdən şəriətə uyğun olmalıdı ki, ona əməl edilmədən qazanılan biliklərin və görülən işlərin hamısı yanlışlıq olacaq. Bu mənada, sufi məclislərinə, bu məclislərdə baş tutan bihuşluq məqamlarına da uyma.

Bunu da bil ki, bu yol, məhz yuxarıda dediyim səbəbdən cihad tələb edir. Nəfsi boşboğazlıq və uydurmaçılıqla yox, sərt tərbiyə qılıncıyla kəsmək gərəkdi. Onu da bil ki, göndərdiyin bəzi suallara nə yazıyla, nə də sözlə cavab vermək mümkün deyil. Əgər sənə həmin o vəziyyətə düşmək müyəssər olarsa, sən ONUN nə olduğunu özün anlayacaqsan. Əgər yox, bu barədə heç bir zaman heç nə bilməyəcəksən. O səbəbdən ki, ONU yalnız duyub anlamaq mümkündü və bütün bunları, şirin olanın şirinliyi, acı olanın acılığı dadılmasa bilinməyəntək, sözlə ifadə etmək başa gələn iş deyil.

Deyirlər, bir zəif adam dostuna məktub yazıb soruşur: «Mənə izdivac vaxtı duyulan həzz barədə yaz ki, bu necə olur?» Dostu ona belə cavab yazır: «Mən elə bilirdim, sən sadəcə zəif adamsan, sən demə, üstəlik səfehsənmiş. Dediyin o həzzi, yalnız duymaq olar. Qismətində varsa, bunun nə olduğunu biləcəksən, yoxsa, bunu nə söz, nə yazıyla ifadə etmək mümkün olmaz».

Oğul, sənin bəzi sualların da buna bənzəyir. Bəzilərinə isə cavab vermək mümkündü.

Yadında saxla: Yolçuya (Allaha aparan yol) dörd əmələ riayət etmək mütləq vacibdi:

birincisi: mükəmməl inam (hər hansı əllaməsiz);

ikincisi: sidq-ürəkdən gəlinən tövbə – o tövbə ki, buraxılacaq səhvlərə yolu bağlayır;

üçüncüsü: sənə dost olmayanların könüllərinin alınması – belə ki, heç kimə borclu qalmayasan;

dördüncüsü: şəriət biliyinin, Allahın buyurduqlarına əməl etmək imkanı verən səviyyədə əldə olunması, daha sonra, xilasa aparan qalan biliklərin əldə olunması.

Deyilənə görə Əş-Şibli (Allah ona rəhmət eləsin!), hansı ki, dörd min «müəllimin» xidmətində dururdu, deyib: «Mən dörd min hədis oxudum. Onların içindən, yalnız birini seçib, o biriləri bir kənara qoydum və seçdiyimin ardınca getdim. O səbəbdən ki, onu ruhum və canımla qavradım. Və anladım ki, xilasım da, qurtuluşum da ondadır. Bu hədis – birincilərin və sonuncuların bildikləridir. Onunla da kifayətləndim».

Bu isə, Allahın rəsulunun (Allah onu şad eləsin!) öz ardıcıllarından birinə dediyidir: «Bu dünya həyatında, orada qaldığın müddət üçün çalış. Və nə qədər ki, oradasan, O dünyadakı gələcək həyatın üçün də çalış. Allah naminə, Ona olan ehtiyacının qədərində çalış. Cəhənnəmdən qurtulmaqdan ötrü, Ona tab gətirəcəyin müqabilində çalış».

Oğul, tək bir bu deyilənin mənasını, olduğu qədərində dərk etsən, sənə elə də çox bilik lazım olmayacaq.

Diqqətli ol və digər əhvalatları da dinlə.

Deyilənə görə Hətim Əl-Əsamm Əş-Şakiq Əl-Bəlahiyyi ilə (Allah hər ikisinə rəhmət eləsin!) dostluq edirmiş. Bir dəfə Əssamm o birinə belə bir sual verib ki: «Sən otuz ildi mənimlə yol gedirsən. Bu vaxt ərzində nə isə  əldə edə bilibsənmi»? O biri cavabında deyib: «Bu yolda səkkiz ibrətamiz mətləb anlamışam ki, onların mənə verdiyi bilik kifayətimdi. Ümidvaram xilasım da, qurtuluşum da onlardadı».

 Şakiq əl-Bəlahiyyi ondan soruşanda ki: «Dediyin o səkkiz mətləb nədir?», Hətim Əl-Əsamm onları bir-bir sadalamağa başlayıb:

«Birincisi, mən yarananları tədqiq etdim və gördüm ki, onların hər birinin vurulub sevdiyi sevgililəri var. Sonra baxıb gördüm ki, bu sevgililərdən bəziləri insanı ölümünəcən müşayiət edir, bəziləri məzarının kandarınacan və heç biri onunla bir qəbir evinə daxil olmur, dəfn mərasimi bitib-başa çatandan sonra hamısı geriyə qayıdıb, onu orada tək qoyur.

Mən bu barədə çox düşündüm və öz-özümə dedim: «insanın sevdiklərindən ən yaxşısı, onunla bir qəbir evinə daxil olub, tənhalığını bölüşəndi». Sonra çox düşünüb-daşındım və bunun, xeyirxah əməllərdən, haqq işlərindən savayı, ayrı bir şey olmadığını anladım. Onları özümə sevgili seçdim ki, mən qəbir evinə yollananda hər biri çırağım olsun, oranın zülmət qaranlığını işıqlandırıb məni tək qoymasınlar.

İkincisi, gördüm ki, insanlar öz istək və arzularının quluna çevrilirlər, nəfslərini, nəyin bahasına olur-olsun, doyurmağa çalışırlar. Onda mən Uca Allahın: «O kəs ki öz Allahının hüzurunda durmağın qorxusundan agahdı, özünü tamah və ehtiraslardan qoruya bilib, yeri Cənnət olacaq…» (Quran 79:49–41) kəlamını xatırladım və Quranın haqq olduğunu bir daha anladım. Uca Allaha (Ona eşq olsun!) itaətə gəlib, Onun yolçusu olanacan nəfsimlə mübarizəyə girişdim, ona, istədiklərini vermədim.

Üçüncüsü, gördüm ki, hər bir insan bu dünyanın fani nemətlərindən, bacardıqca çox yığır, sonra o yığdıqlarını ovuclarında möhkəm-möhkəm saxlamağa çalışır. Onda mən Uca Allahın: «Sizdə olan əriyib gedəcək, Allahın olan əbədi qalacaq» (Quran 16:96) kəlamını əzbərlədim və bütün qazandığımı Onun adıyla kasıb-kusuba payladım ki, Uca Allahın hüzurunda dayananda, heç olmasa bu əməlim dadıma çatsın».

Dördüncüsü, gördüm ki, bəzi adamlar belə hesab edirlər ki, onların qəbiləsi, yaxud nəsli adlarına şərəf gətirir və bununla çox qürurlanırlar. Digərləri düşünür ki, bu şərəfi onlara mal-dövlətləri və övlad bolluğu gətirir, bununla fəxr edirlər. Bəziləri hesab edir ki, alicənab və şərəfli olmağın yolu – insanların olan-qalanını əlindən almaq, onlarla ədalətsiz rəftar etmək, qan tökməkdi. Digərləri düşünür ki, insana, var-dövlətini xərcləyib yelə vermək şərəf gətirir və sair və ilaxır. Onda mən Uca Yaradanın: «Aranızda ən şərəflisi – Allahdan qorxandır...» (Quran 49:13) kəlamını yadımda saxladım və  Allahdan qorxu yolunu seçdim. Qalan bütün ehtimal və qənaətlərinsə, puç əfsanədən savayı, ayrı bir şey olmadığını dərk etdim».

Beşincisi, gördüm ki, insanlar bir-birinin ardınca danışıb, qeybət edir və anladım ki, onlar bir-birlərinə var-dövlət, nüfuz və biliyə görə paxıllıq edirlər. Odur ki, Uca Yaradanın: «Onların bu dünyada mövcudluq halını Biz müəyyənləşdirdik» (Quran 43:32) kəlamını bir də, diqqətlə oxudum və anladım ki, Uca Allah hər bir şeyi, hələ bizlər mövcud olmayanda – Sonsuz Əbədilikdə ruhlar yaradanacan müəyyənləşdirib. Uca Allahın mənim üçün müəyyənləşdirdiyindən məmnun olub heç kimə paxıllıq eləmədim.

Altıncısı, gördüm ki, insanlar bir-biriləriylə hansı səbəblər üzündənsə, ya nəyinsə üstündə mübarizə aparırlar və Uca Allahın: «Həqiqətən, sizə düşmən olan kəs varsa, o da İblisdi. Tək bir onu özünüzə düşmən bilin…» (Quran 35:6) kəlamını diqqətlə oxudum və anladım ki, İblisdən savayı, kimsəylə düşmən olmaq olmaz.

Yeddincisi, gördüm ki, hər kəs yaşamaqdan ötrü lazım oldu-olmadı, nə isə əldə eləməyə çalışır və bu yolda, əvvəl-axır xoşagəlməz, haram əməl tələsinə düşür, özünü biabır edir, ləyaqətini alçaldır. Onda mən Böyük Haqqın bu kəlamını diqqətlə oxudum: «Yer üzündə elə bir canlı yoxdur ki, Allah onu qida ilə təmin etməsin». (Quran 11:6) və anladım ki, məni yedirdən Allahdı, bu məsuliyyəti O Öz üzərinə götürüb. Odur ki, tək bir Ona sitayiş eləməyə başladım və Ondan savayı kiməsə, nəyəsə arxalanmağı, nə isə arzulamağı tərgitdim.

Səkkizincisi, gördüm ki, bütün insanlar insanlar tərəfindən düzəldilmiş nələrəsə arxalanırlar: bəziləri dinarla dirhəmə, bəziləri mal-dövlətinə, əmlakına, kimsə işinə, sənətinə, kimsə özü kimi bir varlığa… Onda mən Böyük Haqqın bu kəlamını diqqətlə oxudum: «Allaha arxalanana tək bir O bəsdi; Allah Öz İşini axıracan aparır; O hər kəs üçün onun öz ölçüsünü müəyyənləşdirib» (Quran 65:3) və tək bir Allaha arxalanmağa başladım. Tək bir O mənə kifayət oldu. Bu Uca Hami necə qüdrətlidi?!.»

Dostunu sonacan dinləyəndən sonra Şakiq dedi: «Allah köməyin olsun. Həqiqətən, mən Tövratı, İncili və Quranı oxumuşam. Bu dörd kitab həmin bu səkkiz nemətə əsaslanır. Və kim ki bu səkkiz nemətə uyğun hərəkət edir, bu dörd kitabda deyilənləri yerinə yetirir».

İndi oğul, bu iki əhvalatdan aydın olan budur ki, sənin elə də çox biliyə ehtiyacın yoxdu. İzah edim, haqq yolu ilə gedənə nə lazımdı. 

Bil ki, yolçunun, ilk növbədə, onu tərbiyyələndirib pis xasiyyətlərindən uzaqlaşdıracaq, əvəzinə müsbət keyfiyyətlər əldə etməyə sövq edəcək mürşidə – Şeyxə ehtiyacı var. Bu tərbiyəni məna və əhəmiyyətinə görə, əkilən ağacı, yan-yörəsini bürüyən alaqdan, kol-kosdan təmizləyib onun sağlam böyüməsinə, çiçəklənməsinə səy göstərən əkinçi əməyinə bənzətmək olar. Yolçunun Şeyxə ehtiyacı budur ki, onu tərbiyələndirib Uca Tanrının Yolu ilə aparsın. Uca Allah Haqq yolunu göstərməkdən ötrü, bəndəsinə öz rəsulunu göndərdi. Rəsul (Allah onu şad eləsin!) bu dünyadan gedəndə, Uca Allaha aparan Yolu göstərmək üçün öz yerində Canişinini qoydu. Allahın rəsulunu əvəz edən həmin Canişin (Şeyx), ilk növbədə, ilahi bilik sahibi olmalıdı. Lakin hər alimin də Canişin olmağa qüdrəti yetmir.

İndi mən sənə Şeyx ola biləcək kəsin bir neçə əlamətini sadalayacağam ki, onu düzgün seçə biləsən və hər kəs də özünü mürşid hesab etməsin.

Biz deyirik: bu, ilk növbədə, o kəsdi ki bu dünyaya bağlılığını, rahat həyatını bir kərana qoyub, Bilənin – biliyi silsilə ardıcıllığı ilə ötürülmüş Şeyxinin ardınca gedir. Bu ardıcıllıq (ruhi bağlılıq) cənab Rəsuldan (Allah onu şad eləsin!) baş alaraq, davam etdirilir.

O kəs daim öz üzərində çalışır, yemək, yuxu və danışığın azaldılması, dua, fitrə və orucun artırılması üzərində işləyir. Və dediyim həmin həqiqi Şeyxinin ardınca gedərək, səbir, şükranlıq, azla qanelik, ümid, möhkəm bilik, zahidlik, ruh dincliyi, xeyirxahlıq, ölçü həddi və sair bu kimi keyfiyyətlər əldə edir. Və əgər o kəs Rəsulun (Allah onu şad eləsin!) nuruyla nurlanıbsa, bu halda onun ardınca getmək olar. Lakin belə insanlar nadirdir. Bu dünyada onlara, qırmızı kükürddən az rast gəlinir. Və o kəsə ki bu xoşbəxtlik üz verib, o həmin o Şeyxi tapıb, ömrünün sonunacan ona həm zahirən, həm də daxilən dərin ehtiram bəsləməlidi. Zahirən ehtiram bəsləmək o deməkdi ki, əgər o kəs hətta dəqiq bilsə də ki, Şeyxi hansı məsələdəsə səhvə yol verir, onunla mübahisə etməməlidi, öz xəlçəsini (namaz vaxtından savayı) onun qarşısında sərməməli, namazını bitirən kimi xəlçəsini tez yığışdırmalı və bilməlidi ki, Şeyxinin yanında artıq hərəkətə yol vermək olmaz. O kəs öz qüvvəsi və imkanı daxilində Şeyxinin dediklərinə əməl etməlidi.

Daxili ehtiram isə o deməkdi ki, o kəs Şeyxdən eşidib öyrəndiklərini nə qəlbində, nə hərəkətlərində, nə də sözlərində şübhə altına almamalı, inkar etməməlidi. Əks halda ikiüzlülük kimi, pis keyfiyyət qazanacaq. Əgər bunu edə bilmirsə, yaxşısı budur, Şeyxindən uzaqlaşana qədər daxilini davranışı ilə uyğunlaşdırsın. O kəs, həmçinin pis adamlarla ünsiyyətdə olmaqdan çəkinməlidi ki, qəlblərinə iblis və cinlərin hakim kəsildiyi bu insanların təsirindən uzaq olsun, şeytanın hökmünü zəiflədib, iblisin çirkabından təmizlənib, kasıblığı var-dövlətdən üstün tuta bilsin.

 Bunu da bil ki, təsəvvüf (sufilik) iki hissədən ibarətdir: bunun birinicisi – Uca Allahla düzgün təmas və Haqq yolunda istiqamə1, ikincisi – dözüm və insanlarla səbirli davranışdır.

O kəs ki Allahın Nəzərində (O Qüdrətli və Böyükdür!) özünü düzgün aparır, insanlarla düzgün rəftar edir, onlara xeyirxahlıqla yanaşır, sufidir. «İstiqamə» dediyim isə, Uca Allahın buyruğunun öz maraqlarından üstün tutulması deməkdi. İnsanlarla yaxşı rəftar isə, o deməkdi ki, onları öz şəxsi maraqların, nəfs və arzuların naminə nələrəsə məcbur etməyəsən, əksinə, onlarla həlim davranıb, şəriətə zidd olmayan istəklərinə uyğun hərəkət edəsən.

Sonra sən məndən pərəstiş barədə soruşdun. O da özündə üç mərhələni cəmləyir. Bunun birincisi, şəriətin buyurduğuna əməl etməkdi, ikincisi, Uca Allahın dəyişilməz əmri ilə qane olmaq, üçüncüsü, Allah naminə öz şəxsi məmnunluğundan imtina etməkdi.

Sən məndən mərhəmət barədə soruşursan. Mərhəmət – sənin, Uca Allahın hökmüylə alnına yazılanların mütləq şəkildə baş verəcəyinə inamındı. Yer üzünün bütün insanları bir yerə yığışıb, hamılıqla buna mane olmaq istəsələr belə. Və o şey ki alnına yazılmayıb, o heç vaxt baş verməyəcək. Bütün dünya bir araya gəlib çalışsa belə ki, o baş versin.

Sən məndən səmimiyyət barədə soruşdun. Bu, o deməkdi ki, sən elədiyin hər bir işi sidq-ürəkdən, Uca Allahın  adıyla edirsən və qəlbin insanlar  tərəfindən sevinmir, nə onların tərifinə, nə tənqidinə əhəmiyyət vermir. Və bil ki, lovğalıq, qürur insanı bütləşdirməkdən, ona hədsiz yüksək qiymət verməkdən irəli gəlir. Bu axmaq keyfiyyətdən, yalnız bir yolla xilas ola bilərsən – bütün insanlara, Allahın iradəsinə tabe olan, sıravi bəndələr kimi yanaşmaqla. Belədə sən onların, nə sevincin, nə kədərin səbəbi ola bilməyəcək cisim olduğunu dərk edəcəksən və bu səni onların qarşısında öyünüb, özünü göstərmək azarından xilas edəcək. Yox, əgər sən düşünürsən ki, insanlar müstəqil və qüdrətlidirlər, onda bu öyünmə azarından qurtula bilməyəcəksən.

Oğul, sənin digər suallarına əsərlərimdə cavab vermişəm, cavabları orada axtar. Bəzi suallarına cavab vermək isə, günahdır. Hələ ki, anladıqlarına əməl elə, onda həmin o məlum olmayanları anlayacaqsan.

Oğul, məndən, anlamadıqlarının cavabını yalnız qəlbinin dili ilə soruş. Axı Hamıdan Uca: «Əgər onlar sənin aşkar olmağını gözləyib səbir etsəydilər, özləri üçün yaxşı olardı» (Quran 49:5) – deyib. Və Əl-Hizrin (Allah ona rəhmət eləsin!) bu vəsiyyətindən özün üçün nəticə çıxar: «Məndən heç nə haqda soruşma, vaxt yetişəndə Özüm agah edəcəyəm» (Quran 18:70) Odur ki, Onun agah olunacağı vaxt özü gəlib çatmayınca, tələsmə. Vaxt yetişəndə, O Özü sənə açılacaq və Sən Onu görəcəksən. «Sizlərə  Öz əlamətlərimi göstərəcəyəm. Tələsməyin» (Quran 21:37). Odur ki, vaxtı çatmayanı məndən soruşma. Bil ki, o sualların cavabını yalnız dayanmadan öz üzərində işləməklə tapacaqsan. Uca Yaradan: «Məgər onlar Yer üzüylə səyahət etməyiblərmi və görməyiblərmi?» (Quran 35:44) – deyib.

Oğul, Allahın adıyla səndən xahiş edirəm: səyahət elə və sən çox möcüzələr  görəcəksən. Ruhunu qurban ver və Zünnum Əl-Misri (Allah ona rəhmət eləsin!) şagirdlərindən birinə demişkən: «Əgər sən ruhunu qurban vermək halındasansa buyur, gəl, əgər yox, bu dəryaya baş vurma».

Oğul, sənə səkkiz vacib əməli məsləhət görürəm. Onları məndən qəbul et ki, bu dünyada qazandığın biliklər Qiyamət Günü düşməninə çevrilməsin. Onlardan vacib olan dördünə mütləq əməl et, qalan dördünü isə bir kənara qoya da bilərsən.

Kənara qoya biləcəklərin: birinci – imkan daxilində heç kimlə heç nəyə görə mübahisə eləmə. O səbəbdən ki, bir çox bəlaların kökü, məhz mübahisələrdən yaranır və bunun cəzası, faydasından böyükdü. Bir çox qüsurların – lovğalıq, paxıllıq, bədgümanlıq, ədavət, kidurət və sair bu kimi mənfi insan keyfiyyətləri də bundan yaranır. Yox, əgər sənin kiminləsə, olsun ki, lap bir dəstə adamla mübahisən yaranıbsa və əgər sən haqqın zəfər çalmağını, puça çıxarılmamağını istəyirsənsə, mübahisə etmək olar, lakin bu istəyin də öz əlamətləri var. Birincisi budur ki, sən mübahisənin adam arasında yox, təklikdə baş tutmasına üstünlük verməlisən.

Qulaq as, sənə bir faydalı məsləhət də verim: bil ki, mübahisəni yaradan səbəb – qəlb xəstəliyidir, ona verilən cavab isə müalicənin başlanğıcıdır. Və bil ki, qanmaz adamların qəlbi xəstəliklərdən zədəlidi. Alimlər, həkimlər onların bu xəstəliyini müalicə edə bilmirlər. Və hətta biliyi kifayət qədər olan ən bilikli alim də bu xəstəlikləri sağaltmaqda acizdi. Ən bilikli alim də, müalicəyə gələni, düzələ biləni müalicə edə bilir, lakin xəstəlik hədsiz dərinə işləyibsə, o halda həkimin ustalığı – xəstəyə, tutulduğu azarın əlacsız olduğunu, ondan qurtulmaq səylərinin mənasız vaxtöldürmə olduğunu deyə bilməsidi.

Bunu da bil ki, cahillik xəstəliyi dörd cür olur və onlardan, yalnız birini sağaltmaq mümkündü, qalanını yox. Müalicəsi olmayanlardan biri budur ki, insan suallarını verir, lakin paxıllıq və ədavət hissindən, onlara verilən cavabları inkar edir. Cavablar düzgün və dolğun olduqca, aydın və səlis şəkildə ifadə edildikcə, onun nifrəti, ədavət və paxıllıq hissi daha da güclənir. Salamatı odur ki, beləsinə cavab verməyəsən. Bu barədə deyilib axı?!  «Kin-kidurət və ədavətin bütün növlərindən qurtulmaq olar, tək bir paxıllıqdan doğan ədavətdən savayı». Çalış, belə insandan uzaq gəz, onu öz  xəstəliyinin öhdəsinə burax. Uca Allah deyib: «Bizim xatırlatmalardan və bu dünyanın həyatından savayı, heç nə diləməyənlərdən üz çevir» (Quran 53:29). Paxıl insan bütün sözləri və əməlləri ilə öz Əməl Ağacında alov qalayır. Və Peyğəmbər (Allah onu şad eləsin!) deyib: «Paxıllıq xeyirxah əməlləri, alov quru ağacı odlayantək yandırıb yoxa çıxarar».

İkincisi, əgər qəlb xəstəliyinin səbəbi – axmaqlıqdırsa, bunu da sağaltmaq başa gələn iş deyil. İsa (Allah ona rəhmət eləsin!) demişkən: «Mən, həqiqətən, ölüləri dirildə bildim, səfehləri isə müalicə edə bilmirəm».

Bir də görürsən, kimsə tələm-tələsikliklə bilik almağa cəhd edir, yəni ilahiyyat elmləri, şəriətlə bağlı nə isə öyrənir, sonra suallar verib, öz səfehliyi ucbatından, bütün ömrünü ilahiyyat və şəriətin tədqiqinə həsr etmiş böyük bir alimin dediklərini inkar edir. Bu səfeh, əslində heç nə bilmir və düşünür ki, onun üçün çətin olan, böyük alim üçün də çətindir. Və əgər o bunu anlamırsa, demək, verdiyi sual da onun səfehliyindən irəli gəlir. Beləsinə də cavab verməyə dəyməz.

Və üçüncüsü: əgər belə bir kəs, anlaya bilmədiyi böyük kəlamlara açar axtarırsa, bil ki, o bunu, həqiqətən, bu kəlamların mənasını öyrənmək üçün yox, hansısa öz faydası üçün soruşur. Və o, ağılsızdır axı...  eşidəcəyinin mahiyyətini anlamaq iqtidarında deyil.

Belələrinə də cavab verməyə dəyməz. Allahın rəsulu (Allah onu şad eləsin!) demişkən: «Biz peyğəmbərlərə buyrulub ki, insanlarla, onların dərəcələri üzrə rəftar edək.»

Bu sayaq xəstəliklərdən yeganə müalicəyə gələni – məsləhət istəyən ağıllı və anlayan insanla baş tuta biləcək müalicədir. Paxıllıq, qəzəb, nüfuz və dövlət hərisliyi o kəsi yolundan azdırmayıb. Əgər o kəs haqq yolu ilə getmək istəyirsə, paxıllıq, yaxud sınamaq məqsədi ilə sual verib, aldığı cavabları inkar etmirsə, bil ki, bu, sağalan xəstəlikdi. Beləsinə cavab verə bilərsən, hətta bunu eləməyə borclusan.

İkinci imtina eləməli olduğun, müəllim, yaxud moizəçi olmaqdan çəkinməkdi. O səbəbdən ki, dediklərinə əvvəl özün əməl edib, sonra insanları o yola dəvət etməsən, başın çoxlu bəlalar çəkəcək.

Gör ki, Uca Yaradan İsaya (Allah ona rəhmət eləsin!) nə deyib: «Məryəmin oğlu, əvvəl özünü agah et ki, sonra insanları agah edəsən. Bunu edə bilməsən, öz Allahından utan». Yox əgər, sənə belə bir sınaq nəsib olarsa, onda iki şeydən çəkin: birinci, nitqində sünilikdən və artıq sözlərdən. Bu, irəli sürəcəyin mülahizələrə dair şeirlərdən, yaxud ayrı mənbələrdən gətirəcəyin misallara da aiddi. O səbəbdən ki, Uca Allah saxtalığı və oyunu sevməz. Riyakarlar isə belə mətləblərdə həddləri aşarlar. Bu da onların daxili pozğunluğundan və qəlblərinin soyuqluğundan xəbər verir. Bu mənada, insanlara verilən öyüdün mahiyyəti – bəndəni, Axirət Odunu Yaradana xidmətdə nöqsanlarından agah etmək, son anda, heç bir vəchlə köməyinə gəlməyəcək işlərə sərf etdiyi keçmiş həyatı barədə, Axirətdə üzləşəcəyi xəstəlik və inam zəifliyi kimi maneələr, Ölüm mələyinin qucağında olarkən, düşəcəyi halı barədə düşünməyə sövq etmək, həmçinin Münkirlə İnkirin suallarına cavab verə bilib-bilməyəcəyi, Qiyamət Günü halının necə olacağı, Sirat körpüsündən keçə biləcəyi, ya zülmət sonsuzluğuna yuvarlanacağı barədə düşünməyə vadar etməkdi. Bu deyilənlər mütləq şəkildə onun qəlbinə hakim kəsiləcək. «Xatırlatmalar» deyilən budur. «Alovların şahə qalxması», qarşıda gələn bəlaların yada salınması deməkdi.

Və ikincisi: moizələr vaxtı sən gücünü ona sərf edirdin ki, məclisində iştirak edənlər dediklərindən təsirləndiyini, sənə olan dərin sevgini, necəsə, hansısa səylərlə bildirsinlər, əyinlərindəki libasları cırıb töksünlər ki, baxan desin: «nə gözəl məclis idi!..» Amma bütün bunlar  bu dünyaya, Yer həyatına bağlılıqdı və adi diqqətsizlikdən irəli gəlir. Axı sənin səy və çalışmaların  insanları bu dünyanın cəzbinə uymamağa, Axirət həyatını hər an anmağa, günahdan itaətə, tamahdan zahidliyə, simiclikdən səxavətə, şübhədən inama, qürurdan əxlaqa yönəltməlidi ki, onlar yuxudan oyana bilsinlər. İnsanları Uca Tanrının (O Qüdrətli və Böyükdür!) Mərhəməti və Səxavəti ilə şirnikləndirmək yox, Axirət həyatını sevməyə, bu dünyanın ötəri həzzlərindən çəkinməyə çağırmaq, inam və zahidlik biliyinə yiyələndirməkdi. Axı onlar, onsuz da, öz təbiətləri etibarı ilə şəriət yolundan çıxmağa, Uca Allaha xoş gəlməyən əməllərə uymağa, naqis keyfiyyətlər qazanmağa meyillidirlər. Onların qəlbinə qorxu toxumu səp ki, ayılsınlar! Qorxut ki, qarşıda gözlənən təhlükələrdən agah olsunlar. Bəlkə, bu qorxu onları daxildən və zahirdən dəyişə, günah əməllərdən çəkindirib, qəlblərində inam və itaətə ehtiyac yarada. Moizə və öyüdün mahiyyəti budur.

Kənara qoymalı olacağın əməllərdən üçüncüsü, hökmdarlarla münasibət qurmaq məsələsidi.

Sən bu adamları görməməlisən. O səbəbdən ki, onlarla görüş, yaxud hər hansı münasibət böyük bəlalar yaradar. Lakin əgər bəxtinə belə bir imtahan düşübsə, o halda onları tərifləyib göylərə qaldırmaqdan çəkin. Çünki Uca Allah naqis və ədalətsiz insanı tərifləyəni sevməz.

Və kənara qoymalı olacağın əməllərdən dördüncüsü: sən hökmdardan xələt, yaxud bəxşeyişlər qəbul etməməlisən (əgər onlar qanun çərçivəsində, halal olsalar belə). O səbəbdən ki, bu sayaq bəxşeyişlərə və təltiflərə meyillilik inama zərər gətirər. Yaltaqlıq, hökmdarların rəyi ilə oturub-durmaq onların insanlara qarşı göstərdikləri ədalətsizliklərə razılıq bildirər. Bütün bunlar inama xələl gətirər. Bundan daha ağır xələli – o bəxşeyişlərin hökmdara qarşı oyatdığı sevgi yaradar. Kimsə kimisə sevərsə, ona uzun ömür arzulayar. Ədalətsiz olana uzun ömür arzulamaq isə, Uca Allahın bəndələrinə ədalətsiz münasibət arzulamaq, ayrı sözlə desək, dünyanın məhvini arzulamaq deməkdi. İnam və Axirət üçün bundan pis nə ola bilər? Yaxşı olar ki, sən onlardan o dinarları və dirhəmləri qəbul edib, o pulu kasıblara, bədbəxtlərə  paylayasan. Hökmdarlar haqqında deyilən «onlar pulları günah işlərə, əxlaqsızlığa xərcləyirlər» kimi yalanlardan, iblis fitvalarından da çəkin. Lənətəgəlmiş şeytan bu minvalla çoxlarını  məhv edib. O barədə biz «İnam barədə elmlərin yaradılması»nda demişik, bu haqda orada oxu.

Mütləq etməli olduğun dörd əməl barədə. Bunun birincisi, özünü Uca Allahın qarşısında, qulun, özünü sənin qarşında aparan kimi apar. Sənin həqiqi Sahibin – Odur. İkincisi, insanların səninlə necə davaranmasını istəyirsənsə, onlarla elə davran. O səbəbdən ki, insanın inamı (imanı) yalnız o vaxt kamil olur ki, o başqalarına, özünə arzuladığını arzulayır. Üçüncüsü, əgər sən, hər hansı elmləri öyrənmək, hansısa biliklər əldə etmək fikrinə düşmüsənsə, bax ki, bu, qəlbini cilalayacaq, ruhunu saflaşdıracaq biliklər olsun. Məsələn, əgər xəbər tutsan ki, bir həftəlik ömrün qalıb, o halda sən heç vaxt fiqh, yaxud onun əsaslarının – əxlaq, ilahiyyat və sairənin tədrisi ilə məşğul olmayacaqsan. Çünki anlayacaqsan ki, bu vəziyyətində bu elmlər sənə kömək olmayacaq. O məqam sən, səni Yer həyatı ilə bağlayan hər bir şeydən kənarlaşıb, ruhuna diqqət kəsiləcəksən, onun keyfiyyət və  xüsusiyyətlərini öyrənməyə, onu alçaq xislətlərdən təmizləməyə, Uca Yaradanın sevgisinə qovuşmağa hazırlamağa başlayacaqsan. Bil ki, elə bir gecə, ya gündüz yoxdu ki, bəndəyə, onun ölümünü gətirməsin.

Oğul, mənim qalan sözlərimi də eşit. Xilas yolunu tapmayınca, dinlə. Əgər sənə desələr ki, bir həftədən sonra evinə Sultan təşrif buyuracaq, bilirəm ki, həmin an bütün işlərini kənara qoyub, Sultanın təşrifinə hazırlaşacaqsan, onun buyuracağı məqam haqqında, görüşünə çıxarkən geyəcəyin libas haqqında, bədəninin təmizliyi, evin, yorğan-döşəyin və sair haqqında düşünüb-daşınacaqsan. İndi deyəcəyim barədə dərindən düşün: bilirəm ki, deyəcəyimi başa düşəcəksən, anlayacaqsan. Axı arifə bircə söz də kifayətdi?!. Allahın Rəsulu (Allah onu şad eləsin!) deyib: «Həqiqətən, Allah sizlərin zahirinə, əməllərinə baxmır. O, qəlblərinizi və niyyətlərinizi bilir».

Əgər sən  onun (qəlb) haqqında daha müfəssəl bilik əldə etmək fikrindəsənsə, «İnam haqqında elmlərin yaranması»na və mənim digər əsərlərimə bax. Bunu bilmək hamıya vacibdi.

Və dördüncü: Yer həyatının nemətlərindən o qədərin olmalıdı ki, o olan bir ilinə çatsın. Allahın Rəsulu (Allah onu şad eləsin!) belə edərdi, otaqları1 üçün bu qədər ehtiyat görərdi və deyərdi: «Ay Allah, Məhəmmədin ailəsini, ona kifayət edən ruzi ilə təmin elə!» Və bu ehtiyatı da bütün otaqları üçün görməzdi.

Oğul, burada, məndən soruşduqlarının cavabını yazmışam. Onlara əməl et. Məni də yaddan çıxarma, öz dualarında xatırla.

O ki qaldı, məndən istədiyin duaya, o duanı Peyğəmbərdən (Allah onu şad eləsin!) qalan dualar arasında axtar, çalış, onları həmişə oxu. Ələlxüsus, namazdan sonra. Onlardan biri budu:

«İlahi! Səndən, mənə verdiyin nemətlərin ən nəcibini diləyirəm. Himayədarlığının davamlılığını, Mərhəmətinin genişliyini, uğuru, əminaman həyatı və ən böyük mükafatın olan Rəhmini diləyirəm! İlahi, bizimlə ol, bizlərə qarşı olma! Həyatımızı xoş sonluqla bitir, arzularımızın bir çoxunu həyata keçir. Kömək ol, yolumuz və axirətimiz uğurlu olsun. Bizi Öz Mərhəmətinə bürü, günahlarımızı ÖZ ƏFV səxavətində ərid, səhvlərdən xilasla mükafatlandır, ləyaqəti dayağımıza çevir! Tək bir Sənə arxalanırıq!»

«İlahi! Bizləri Haqq yolunda möhkəmlət, günahlarımızın iztirabını yüngülləşdir, bu və o dünyada kədərləndiklərimizdən və kədərlənəcəklərimizdən qoru! Bədxahların şərindən, pis insanların yalanından qoru və xilas et! Bizlərə ədəblilərin həyatını yaz. Ata-analanımızı, bacı-qardaşlarımızı Alovdan qoru!»

«Səndən Sənin Mərhəmətinlə diləyirik, ey Qüdrətli! Ey Rəhmdil! Ey Səxavətli! Ey Qoruyan! Ey gecəni və gündüzü Yaradan! Bizləri bu yer həyatının acı qüssəsindən xilas et! qəbir əzablarından və Cəhənnəmdən qoru! Ey Bilici! Ey Əzəmətli Allah! Ya Allah, ya Allah, ya Allah! Sənə Sənin Rəhminlə yalvarıram! Ey mərhəmətlilər Mərhəmətlisi! Ey Birincilər Birincisi! Ey Sonuncular Sonuncusu! Ey Qüdrət Sahibi! Ey Qüvvət sahibi! Ey Bədbəxtlərə  Rəhmi Gələn! Ey rəhmdillər Rəhmdili! Səndən savayı Allah yoxdur! Saf olan Sənsən! Həqiqətən, qanunu pozanlardan biri də mən olmuşam...

Allah bizim sahibimiz Məhəmmədə, onun ailəsinə və davamçılarına uğur gətirsin!

Uca Allaha, Dünyalar Sahibinə eşqlə!

 

 

1 Имам Щясян Бясри

1 Сяд ибн Муяза – Пейьямбярин давамчыларындан бири

1 Гурбан байрамындан сонра эялян цч эцн

1 Уъа Аллащын буйруьунун, бцтцн мараглардан цстцн тутулмасы.

1 Арвадлары цчцн айрылан отаглар нязярдя тутулур