Elektron ədəbiyyat və sənət portalı

Ayxan Ayvaz - Monoton

Bölmə: Yeni imzalar 13.06.2018

 

Monoton (hekayə)

I

Qonşumuz Datikonun öldüyü gün təzə ilə hazırlıq görürdük. Evin köhnəlmiş görkəminə əl gəzdirmiş, bildirdənqalma paltarlarımızı dəyişdirmiş, hər şeyin xoşbəxtliklə dopdolu olduğuna inanmışdıq.

Təzə ilə az qalmış, hələ qar yağmamışdı. Amma dünən gecənin gird yarısı hava tutaşmış, boz-bulanlıq bir görüntü qarşımızı kəsdirmişdi.

...Sonra içəriyə soyuq hücum çəkdi, öz əlimizlə yaratdığımız istilik çəkilib getdi. Pəncərədə qar göründü. Qardaşım qarın yağmasına sevindi və xoş müjdə verən adamlar kimi məni səslədi. Onun soyuğa sevinməyində anlaşılmazlıq vardı.

Yorğanımı üstümdən kənara atıb pəncərəyə yaxınlaşdım. Soyuq mənimlə birgə hərəkət edirdi. Buza dönmüş əllərimi bir-birinə sürtsəm də, çarə olmur, dondurucu hava iliyimə işləyirdi.

Obaşdan Datikonun ölümü məhəlləyə təzə yağmış qar kimi səssizcə ələndi. Özgə vaxt gürcülər ertədən çölə-bacaya çıxır, bərkdən bir-birləriylə danışır, bizimkilərin yatağan olmağını lağa qoyurdular.

Evdən səs-səmir gəlməyəndə anam duyuq düşdü, bir an nə edəcəyini bilmədən soyuqdan keyimiş adamlar kimi yerində donub-qaldı. Pəncərədən çölə, ələnən qara baxdı, sonra çönüb evin içinə göz gəzdirdi. Tələsik o biri otağa keçdi. Bir azdan onun həmişəki kimi şux səsini eşitdim: “Gedək görək noolub". Ağlımdan keçirtdim ki, o, bu sözləri mənə deyil, pəncərə şüşəsinə hopmuş əksinə deyir.

Aşağı düşəndə qonşudan çığırtı qopdu. Sanki bu qışqırıq bayaqdan qapılarını kəsdirən sükutu uzaqlaşdırmaq üçün idi.

Evin kir-pas atmış, köhnə, bükülən qocanı xatırladan görkəmi mənə kəndimizi xatırlatdı. İndi orda da hər şey qar kimi sehrli sükuta bürünmüşdü.

Anam qapını yelli-yelli döyəndə, kiminsə pəncəsi üstündə xırda addımlarla yaxınlaşdığını hiss etdim. Sükut o qədər dərindi ki, anamın ürəyindən keçən sözləri eşidəcəyimi zənn etdim. Başındakı şalı düzəldib boşluğa baxan adamlar kimi tərpənməz durmuşdu. Onun görkəminə illərcə üzünü görmədiyi hansısa doğmasının qəfil gəlişinə şaşırmış bir ifadə hopmuşdu.

Qapı cırıltıyla açıldı, makiyajsız, üzü-gözü soluxmuş Ninanın başı eşiyə çıxdı. Anam ağzını açmamış: "Qaço moquda"1 - dedi və cavab gözləmədən qapıdan aralandı. Anam ehtiyatla addım atdı, elə bil nəsə deməli olduğunu anlayırdı, ancaq susmuşdu, sükutun içində səssiz irəliləyirdi.

İçəriyə keçəndə gözümə çaxır çənləri dəydi. Divar boyu düzülən çənlər burada yeyib-içmə havası əsdirirdi. Deməli, Datikonun ailəsi də təzə ilə hazırlaşırmış. Ancaq evin içində köhnəliyi aradan götürən başqa heç nə görünmürdü.

Adamlar ayaq üstə, əllərini qabaqlarında çarpazlayıb divana sarı baxırdılar. Televizor söndürülmüş, əşyalar olub-bitmiş hadisənin şahidi kimi donub durmuşdular. Evdə nəyinsə yerində olmadığı aşkar idi. Dörd tərəfi gözdən keçirəndə o boşluğu tapdım: pəncərə taxçasına sırayla düzülmüş dibçəklər götürülmüşdü. Adamların hamısı qara geyinmişdi. Onlar sanki kirimişliyə toxunmamaq üçün heç tərpənmirdilər də. Bizim gəlişimizi yalnız əşyaların susqunluğu qarşılamışdı. Anam məni qucağından düşürtdü, keçib qıraqda durdum. Adamların gözlərindəki boşluq mənə də yoluxmuşdu: otağın küncündə divara söykənib ətrafa tamaşa edirdim.

Gözümə pəncərədən yavaş-yavaş yerə ələnən qar dənəcikləri sataşdı. İndi qardaşım məktəbdən gəlib qartopu oynamağa gedəcəkdi. Bir-birlərini yerə yıxıb ağızlarına qar təpən uşaqlar gözümün qabağından keçdi. Düşündüm ki, o uşaqlar xoşbəxtdilər, soyuğa sevinirlər.

Atam həmişə deyirdi ki, Datiko yaxşı qonşudu, hələ bir dəfə də onun kimisə aldatdığını görməmişəm. Eyvana çıxıb siqaret çəkdiyi vaxt qonşumuzdan nəsə danışırdı: "Datikoynan keçən dəfə söhbət edirik, deyir, siz müsəlmanlar yaman maraqlı adamlarsız. O gün görürəm, sənin balaca oğlun çıxıb bizim məhəllənin qoluzorlu oğlanlarının qabağına, başlayıb onları söyməyə..." O gün yaxşı yadımdaydı. Qardaşımı gürcülər təkləmişdi. Mən nə edəcəyimi bilmədim. İstədim görməzlikdən gəlib dabana tüpürüm. Amma qardaşımın qorxaq olduğunu xatırladım. İndi o, gürcülərin qabağında çarəsiz qalmışdı. İri bir daş götürüb gürcülərin üstünə cumdum. Necə çığırmışam, yadıma düşmür. Öz səsim qulaqlarımda cingildəyirdi: "Şeni dedasi..."1 Gürcülər arxaya baxmadan qaçdılar. Qardaşım hələ də olub-bitənləri anlamadan ayağını sürüyə-sürüyə dalımca gəlirdi. Evə çatanda qonşu pəncərədən Datikonu gördüm: gülümsünür və əliylə mənə "əla" işarəsi göstərirdi... Sonra Datiko tez-tez bizə gəlməyə başladı. Həmişə atama bu hadisəni danışıb möhkəm gülürdü. Onun gülməyi də çox qəribəydi: elə bilərdin bu saat divarların suvağı töküləcək. Hərdən şaqqanaq çəkməyini görəndə düşünürdüm ki, yəqin, Datiko ömrü boyu belə də güləcək. Bizə həmişə çaxır içməyə, atamla şahmat oynamağa gəlirdi. Başlarının üstünü kəsdirib baxırdım. Atamla dostluğu da çaxıra görəydi, şahmat isə bəhanəydi. Datiko qapıdan azca aralananda bunu atam qulağıma pıçıldamışdı. "Yaman çaxır içir alçaq. Arada mən ötürürəm ki, keflənsin, oy­naya bilməsin. Amma nə çaxırdan qalır, nə də şahmatdan. Hamısında məndən üstün olmaq istəyir." Belə desə də, onu sevdiyini bilirdim. Arada Datiko Rustaviyə iş dalınca gedəndə atam darıxır, şahmat taxtasının qabağında oturub həm özünün, həm də Datikonun yerinə gedişlər edirdi. Datiko bizə gəlməyəndə hiss eləyirdim ki, evimiz boşalıb, boz-bulanlıq olub. Səhər qapımızı döyəndə atamın gülləri tabaqda oynayırdı. Sakit keçən günümüzə qəfil gələn şux gülüşü, çığıra-çığıra danışmağı bizi də sevindirirdi. İndi Datikonun üzünə baxa bilmirdim. Qardaşımın gecələr tez-tez baxdığı qorxulu filmlərdəki adamların sifətini görəcəyimdən üşənirdim. O filmlərdə çığırtı, cığ-vığ əskik deyildi. Mənə elə gəldi ki, indi də o vahiməli səsləri eşitdim. Çönüb anama baxdım, qəfil sükutun içinə ildırım kimi düşən bir hönkürtü qopdu. Anam dizlərini çırpa-çırpa dil deyirdi: “Sənin yerinə mən öləydim kaş. Evi başsız qoyub hara gedirsən? Balalarını kimə tapşıracaqsan? Ay Allah... Ay Allah..."

Gürcülər yavaşca başlarını qaldırıb anama baxdılar. Sonra divandakı ölü yada düşdü. İçəriyə uğultu doldu, adamlar nəsə anlaşılmaz sözlər deməyə başladılar. Qarşımdakı insanlar, içəridəki əşyalar yabancı bir qadının hönkürtüsüylə öz rəngini almışdı. Datiko günahsız, məsum bir körpə kimi divanda tərpənməz durmuşdu. Gözləri yumulmuş, bədəni başdan-ayağa sükuta bürünmüşdü. Yalnız yanaqlarına hardasa unutduğu bir gülməli hadisənin təsirindən təbəssüm qonmuşdu. Sifəti qorxulu filmlərdəkinə bənzəmirdi. Ona baxanda öz-özümə düşündüm: deyəsən, Datiko elə belə də yuxuya gedir...

II

Bizi kəndə çağırmışdılar. Nənəm yorğan-döşəyə düşmüş, son dəfə qardaşımı görmək istəmişdi. Yığışıb kəndə yollandıq. Köhnə, büzüşmüş evimizin həyətini adamlar doldurmuşdu. Bibim ağlaya-ağlaya tünlükdən çıxdı, dizlərini çırpa-çırpa: "Nənəniz öldü" dedi. Atam sakit, ağır addımlarla, camaatı yara-yara içəriyə keçdi. Anam, ardınca da biz evə doluşduq. Ağlaşma, adamların göz yaşına bulaşmış sifətləri, pəncərədə görünən soyuq, qarlı-tarlı hava...

Nənəm divanda yox kimi uzanmışdı. Onun çarəsiz, solğun üzünü görəndə anam dəli kimi bağırdı, iki əliylə başına döydü. Bizi tez çölə çıxartdılar. Sazaq üzümüzə dəyəndə bir-birimizə sığınıb səssizcə ağlaşdıq. Atam gəlib bizi qucaqladı, damağındakı siqaretin tüstüsü soyuq havanın üzünə toxundu. O, çox sakit, rahat görünürdü. Mənə elə gəldi ki, atamın gözlərində nənəmin divandakı ölü görüntüsü yoxa çıxıb. Yas yeri tünlük idi. Biz nə edəcəyimizi bilmirdik, çox balacaydıq. Adamların çoxluğu məni şaşırtmışdı. Atamın böyür-başında durmuş adamların səsi, küləyin uğultusu, arvadların dil deyib ağlaması... hər şey bir-birinin içindəydi. Yadımda qalan yalnız atamın susqunluğuydu.

Sonra hər şey bitdi, adamlar yoxa çıxdı. Biz avtobusla Bakıya qayıdırdıq. Kənddən çıxanda həyətimizdəki it arxamızca düşdü. Onu başımızdan eləyə bilmirdik. it sakit, yavaş addımlarla arxamızca gəlirdi. Avtobusa minəndə geri dönüb baxdım: köpək çala- çuxurlu yolun ortasında dayanıb sakitcə bizə baxırdı. Oradan uzaqlaşanda arxadan görünən dağlar, kənd evləri, səslər yoxa çıxdı... Bircə itimizin aramsız hürüşü dalımızca düşmüşdü...

Qarşıdan üstümüzə yol gəlirdi. Soyuğun üstünə şığıyan avtobus yolu yarılamışdı. Ağacsız, evsiz yerlərdən keçirdik. İçəridəki adamlar mürgü döyürdülər.

İçərini xorultu basmışdı. İrəlidə oturan bir yöndəmsiz qadın, deyəsən, xoruldayan- lara başçılıq edirdi. Əvvəl onun qulağı dələn xorultusu başlayır, sonra da digər yuxula­yanlar davamını gətirirdilər. İçəridə yatmayan təkcə mən idim. Hamı heç oyanmayacaq kimi gözlərini yummuşdu. Sürücü çönüb arxaya baxdı, adamların ölü kimi yatdığını görüb başını tərpətdi. Sonra öz həndəvərində eşələndi. Bir azdan saz havası qopdu. Xorultuyla saz havası bir-birinə qarışdı. Nədənsə, kefim duruldu. Yola baxdım, qarlı- tarlı havanın içində sitildəyə-sitildəyə qalmış bir at gözümə sataşdı. Onun birdən-birə, bu fəlakət gündə qəfil görünüb yox olmasına çaş-baş qaldım. Avtobus gedirdi. İrəlidən üstümüzə şığıyan yol bitmək bilmirdi... Kənddə olanda həmişə örüşdən qayıdan inəklərə baxırdım. Çox vaxt qaş qaralanda yola çıxıb darıxa-darıxa gözləyirdim. Əvvəlcə qaranlıq addım-addım göyün üzünə yaxınlaşır, sonra əl-ayaq çəkilirdi. İtlərin hürüşü kəndin üstündən şütüyüb qaranlığın içi ilə gözəgörünməz at kimi çapıb gedirdi. Bu vaxt üzlərindən yorğunluq və kədər yağan inəklər sakit-sakit, bir ipin üstündə hərəkət edirmiş kimi sırayla gözümüzün qabağından keçib irəlidəki qaranlıqda görünməz olur­dular. Toranlıqda onların yorğun ayaq səsləri və naxırçının hənirtisi gəlirdi. İtlərin hürüşü də ara vermədən kənd evlərinin arasından sıyrılıb çıxır, adamı qorxuya salırdı. Elə bilirdim, indi hansısa qara bir köpək gecənin içindən güllə kimi üstümə şığıyacaq...

İtlərin uzaqdan mırıltısını eşidən kimi dabana tüpürürdüm. Nənəm həmişə qorxaqlığımı lağa qoyur: “Yekə kişisən, itdən də qorxarlar?!" - deyir, sonra məsləhətə keçirdi: “İt hər şeyi başa düşür. Onu görəndə qorxma. Əyil aşağı, guya daş götürürsən." Ancaq itlərlə qarşılaşanda nənəmin sözləri huşumdan çıxırdı. Həm də gözlərində məsumluq daşıyan bu iriqulaqlı heyvanlara qıya bilmirdim. Mən itləri çox sevirdim, onlarsa mənə hürürdülər...

Üstümüzə yol gəlirdi. Xorultuyla saz havası, avtobusun çala-çuxura düşməsi, pəncərədən görünən tək-tük adamların dodaq tərpənişləri...

Nənəmin yasında itlər susmuşdu. Bizim həyətin iti də bir tərəfə qısılıb adamları izləyirdi. Ayrı vaxt olsa, onun səsindən durmaq olmazdı. Heç cür adamların üzündəkidonuq ifadəni anlaya bilmirdim. Onların duruşunda sanki yalançı bir şey vardı. Adamlar elə bil yalnız bu günə görə belə kədərliydilər. Onlara baxanda gülməyim tutmuşdu, amma ölüsü düşən belə şey etməz deyə dişimi-dişimə sıxmışdım. Hə, nənəmin yası da keçdi. Mənim ən çox evdəki itə yazığım gəldi. Nənəm hər dəfə ona yal verirdi, indi itin qarnını doyuracaq biri qalmamışdı...

Yaddaşıma bir-birinə bağlanmış görüntülər hopmuşdu: yas yeri... ağlaşanlar... dizlərinə çırpanlar... nənəmin ölü üzü... hay-küy... yolun ortasında gözləyən it... səssiz yerişlər... dağlar, yumru-yumru təpələr... sısqa bir at...

Saz susdu... Sürücü kaseti çıxarıb bir tərəfə atdı. İçəridəki xorultu da kəsildi. Süku­tun içində qəfil bir hönkürtü qopdu. Adamlar silkindi, sürücü arxaya baxdı. Ağlayan atam idi. O, heç nəyə məhəl qoymadan içini boşaldırdı. Ancaq mən onun indi, bu dar- macalda gözünün yaşını axıtmasını anlaya bilmədim. Arxaya çevrilən sifətlərdə də küt bir ifadə vardı. Anam, qardaşım, bacım yad adamlar kimi atama diqqət kəsilmişdilər. Bircə anamın səsini eşitdim: "Nooldu ki?"

Atam sualın qarşısında yalnız başını qaldırıb bizə baxdı. Gözlərində heç vaxt bitməyəcək bir yol görünürdü. Baxışındakı sözləri yanlız anam eşitdi. Başını ağır-ağır tərpədib susdu. Qardaşımla bacıma tərəf çevriləndə onların da heç nə anlamadıqlarını başa düşdüm. İlk dəfə içimdə uşaq olmağın əzabını çəkdim...

III

Anam kirimişdi. Eləcə dizlərinə çırpırdı. Gürcülərin ağzı gapa qızışmışdı. Bayaqdan içəriyə hökm oxuyan sükut indi bir küncdə quyruğunu qısmışdı. Datiko hələ də divanda uzanıqlı qalmış, susqunluğuyla adamlardan aralanmışdı.

Qapı cırıltıyla açılana qədər adamların it hürüşünü andıran səsi kəsilmədi. İçəriyə qucağında balaca qız uşağı olan gözəl bir qadın girdi. Bu, Datikonun arvadı idi. Qadının üzü heç nə ifadə etmirdi. Sanki tanımadığı adamın başının üstündə durmuşdu. Datiko­nun arvadının susqunluğu, deyəsən, otağa da çökdü: qurbağa gölünə daş atdılar.

Balaca qız uşağı anasının qucağından sıyrılıb çıxdı və yavaş-yavaş Datikonun uzandığı divana yaxınlaşdı.

- Mami, mami!

Datikodan cavab gəlmədi. Uşaq dayanmadan atasını səslədi. Hər dəfə Datikonu çağıranda divanı silkələyir, saçını geriyə atırdı. Qızın gülə-gülə, xoş bir xəbər verən adamlar sayaq divandakı ölünü səsləməsindən sonra mənə elə gəldi ki, Datiko başını qaldırıb susmuş qonşularına, dizini döyən anama baxacaq və xırıltılı səslə: "Məni qızımla tək buraxın," - deyəcək.

– Mami, mami!

Qız cavab gəlmədiyini görüb özünü Datikonun üstünə atdı. Adamlar səksəndilər. Bəlkə də, onlara elə gəldi ki, Datiko xəfifcə ağrı hiss elədi. Qız ikiəlli Datikonun başından tutub silkələmək istədi, gücü çatmadı. Balaca qız yerindəcə tullanır, Datikonun əlini havaya qaldırmağa çalışır, dayanmadan gülürdü. Elə şən, elə sevincliydi ki, adamlar onun işdəklərinə dözməli olur, qızı oradan uzaqlaşdırmağı ağıllarına belə gətirmirdilər. Datikonun qızı qəfil susdu. Ətrafına göz gəzdirdi. İndi o, sakitcə atasının sinəsində oturmuşdu. Qırmızı donunda, qıvrım-qıvrım saçıyla Datikonun buz kimi soyuq, tərpənməz görünüşünə baxırdı. Anası isə divanın yanında qızına tamaşa edir, ona mane ola bilmirdi.

Qız axır-axırda Datikodan cavab gəlməyəcəyini anlayıb, yavaş-yavaş sürüşüb divan­dan düşdü. Gözləri anasını axtardı. Qadın əllərini açıb onu qucağına götürmək istəyəndə çönüb Datikoya uzun-uzun baxdı və qəfil pəncəsi üstündə dikəlib onun üzündən öpdü.

Anası qızı qucağına aldı. Balaca adamlara göz gəzdirdi, təzədən Datikoya tərəf baxıb qışqırdı:

– Mami, mami!

...Evdən çıxdıq. Qar güclənmişdi. Yerə ələnən qardan bir topa götürüb anama atdım. O, gözündən axan yaşı silib güldü. Nədənsə, onun məni qucaqlayacağını zənn etdim. Ancaq Datikonun qızına olan soyuqluğu anama da yoluxmuşdu. Onun bu halı mənə toxundu və hiss etdim ki, ağlamaq istəyirəm...