Elektron ədəbiyyat və sənət portalı

Oğul

Bölmə: Ədəbiyyat 13.06.2018

 

Kərim kişi indicə kəsdiyi qoyunun ayaqlarını bir-birinə çatıb ağacın qanadından asmışdı, qolunu çırmalayıb dərisini soyurdu.

Aralıda bir cüt quzu otlayırdı, hərdən-hərdən o qoyuna sarı baxıb yanıqlı-yanıqlı mələşirdilər. Kərim kişinin balaca oğlu Səfər bayaqdan o quzuların belinə minmək istəyirdi, ancaq bacarmırdı, quzular hər dəfə çırpınıb, çabalayıb əlindən çıxırdılar.

Kərim kişi oğlunu çağrıb yerdəki tası ona uzatdı:

- Apar, suyla doldur, - dedi.

Səfər tası qucağına alıb götürüldü.

Kərim kişi daşın üstə oturdu, nəfəsini dərdi. Quzuların səsi həyəti başına götürmüşdü.

- Zəhrimar, qoyun bir oturaq da.

Qəfil Kərim kişi diksinən kimi oldu. Qoyunun kəsilən başı düz ayağının tuşundaca dilini bayıra çıxarıb gözlərini ona zilləmişdi. Tez qalxıb Səfərin dalınca qışqırdı:

- Anana de, qoy qurd-quş canına daraşmamış gəlib bu qoyunun başını da aparsın, - dedi, - qalıb hayıf olacaq.

Səfər suyu üstünə dağıda-dağıda tası gətirib atasının yanına qoydu. Kərim kişi qoyunun dərisindən yapışıb gücü gəldikcə dartırdı. Qoyunu bu kökdə görəndə Səfərin bir-birinə qısılıb dayanan quzulara yazığı gəldi:

- Dədə, bəs quzuları haçan kəsəcəksən? – dedi və qoşa buynuzundan yapışıb qoyunun başını yerdən götürdü.

Deyəsən Kərim kişi bərk yorulmuşdu, nəfəsi güclə çıxırdı.

- Haçan sən istədin – dedi.

Qoyunun öz dərisindən soyunub çıxmağına lap az qalmışdı. Soyulduqca buğlana-buğlana canından qalxan nəfəsindənmi, iyisindənmi həyətin havası ağırlaşmışdı. Kərim kişi qoyunun isti bədənini suyla yudu, dikəldi, boş tası ayağıyla vurub oğluna sarı itələdi.

- Get, bir də doldur, - dedi.

Səfər götürülən kimi yenə dalınca qışqırmaq istədi ki, bəs anan niyə gəlib qoyunun başını aparmır? Ancaq gördü ki, yer bomboşdu, bir ovuc qan toz-torpağa bulaşıb laxtalanmışdı. Kərim kişi beli götürüb qanın üstünü torpaqlamaq istəyəndə qulağına dolan səssizlikdən qəfil çaşıb dayandı. Quzular mələşmirdi.

- Görüblər, heç elə şey olar ki, görməsinlər.

Kərim kişi o quzuları qovub tövləyə saldı, əlindəki beli tövlənin qapısına keçirib bərk-bərk bağladı.

Dünən şəhərdən gələn teleqramı cibindən çıxarıb bir də oxudu: «Sabah gəlirəm, Nüsrət».

Altı ildən çoxudu ki, oğlunu görməmişdi. Kərim kişi evlənib bu evə arvad gətirdiyi gündən oğlu Nüsrətin ayağı da bu evdən biryolluq kəsildi. Kərim kişi elə bilirdi ki, oğlu bir də bu evə ayaq basmayacaq, onunla barışmayacaq, ölsə lap qəbrinin üstə də gəlməyəcək. Ancaq yox, səhv eləmişdi. Nüsrət budu ha gəlirdi. Bu axşam Kərim kişinin qapısı hamının üzünə açıq idi. Qoyun da, maşalla, ətliydi, yağlıydı, hamıya çatardı.

 

                                      *        *        *

 

Bəli, hamı gəldi, yedi, getdi, amma Nüsrət gəlib çıxmadı.

Camaat dağılışandan sonra Kərim kişi bir müddət yerindən tərpənə bilmədi. Gələnlər kim idi? Gəlib neylədilər? Ondan razı getdilərmi? Heç biri yadından deyildi.

Arvadı Gülnisə səssizcə süfrəni yığışdırırdı. Səfər bayaqdan yatmışdı. Kərim də yatmaq istəyirdi. Ancaq bilirdi ki, gözlərini yumsa da, yuxuya gedə bilməyəcək. Canı oğlu Nüsrətin fikriylə dolmuşdu. Durub əlinə, ayağına keçən hər şeyi tullamaq, təpikləmək istəyirdi, bu evi alt-üst eləmək istəyirdi. Gülnisə süfrəni yığışdırıb eşikdə qab-qacağı yuyurdu. Kərim kişi pəncərədən Gülnisənin ancaq kürəyini görürdü. Bütün günahlar ondaydı, Gülnisədəydi, onu oğlundan ayıran Gülnisədə. Kərim kişi özündən xəbərsiz yerindən qopub Gülnisəyə sarı cumdu, arvadını qamarladı, basdı bağrına:

- Burax, a kişi, birdən-birə nə oldu sənə?!.

Sonra Kərim kişiylə Gülnisə yorğan-döşəkdə böyür-böyürə uzanmışdılar. Gülnisə şirin-şirin yatırdı, ancaq Kərim hələ də oyağıdı. Qəfil darvazanın taqqıltısına dik atıldı. Gecənin bu vaxtı darvazanı döyən özgə kim ola bilərdi axı? Oğlu Nüsrətiydi.

Bu altı ildə Nüsrət tamam dəyişmişdi. Əl verib görüşdülər, amma qucaqlaşmağa heç biri ürək eləmədi. Kərim kişi oğluna deməyə söz tapa bilmirdi. Tövlədəki quzular da yatmamışdı, elə ürəkdən mələşirdilər ki, elə bil Kərimin halına acıyırdılar.

- Bala, eşidirsən də, quzular da yatmayıb, yolunu gözləyir…

Nüsrət tərs-tərs tövləyə sarı baxıb dinmədi. Quzular da o tövlədə, o bağlı qapının dalında elə bil Nüsrətin o tərs baxışlarından qorxub kiridilər. Kərim kişi araya çökən bu sakitlikdən, səssizlikdən özünü itirən kimi oldu. Hər gecə qulağına gələn qurbağaların qurultusunu, itlərin hürüşməsini də eşitmirdi. Elə bil öz həyətində deyildi, bu gecəni də Nüsrət özüylə daşıyıb gətirmişdi.

- Darvazanın ağzında niyə dayanmışıq? Gəl içəri.

- Yox, vaxtım azdı, gərək qatara çatam.

- Əgər beləydisə, onda niyə gəlirdin? Mən də bütün günü oturub yolunu gözləmişəm.

Kərim kişinin bu cür yazıq-yazıq danışmağı, deyəsən Nüsrəti də yumşaltdı. Əslində o kişiyə bu vəziyyətdə ağır söz demək adamlıqdan deyildi. ...Nüsrətin haçansa bu dünyada bu kişidən savayı heç kəsi yoxudu. Bu evdə, bu damın altında ikisi bir dərdin yiyəsi, bir dərdin quluydu. Bir dul kişiylə, bir yetim uşaq. İndi daha atası dul deyildi, bu dəqiqə içəridə yatan o uşaq, Nüsrətin hələ indəyəcən üzünü görmədiyi balaca qardaşı Səfər də yetim deyildi.

Nüsrət kirimişcə içəri keçdi.

Səfər yorğanını üstündan aşırıb yatmışdı. Nüsrət yorğanı onun üstünə çəkdi, əyilib diqqətlə o uşağın üzünə baxanda, Kərim kişi də ardınca içəri keçdi. Atasını görən kimi Nüsrət elə tez dikəlib qalxdı ki, elə bil o uşağa baxmağıyla nəsə bir günah iş tutmuşdu.

Kərim kişi yaxın gəlib:

- Nüsrət, deyirlər bu qardaşın sənə çəkib, - dedi, - yəni bu qədər oxşayır?

Nüsrət dinmədi. Öz-özünə hirslənmişdi. Bu uşağa belə sevə-sevə baxmaq axı Nüsrətin harasına yaraşırdı?

Səfər atasının səsinə oyanıb gözünü açdı. Başının üstündə duran Nüsrəti görən kimi qorxub ağladı. O uşağın ağlamağı Nüsrəti nədənsə pərt elədi. Səfər tez yorğanı üstünə çəkib elə gizləndi ki, elə bil bu adam onu döyməyə gəlmişdi. Kərim kişi:

- Qorxur, - dedi və Nüsrətə baxıb yazıq-yazıq gülümsündü, sonra yorğanın üstündən Səfərin başını sığalladı:

- A bala, dur, - dedi, - nədən qorxursan? Özgə adam deyil ha, qağandı.

Amma deyəsən, özü Nüsrətin bu gəlişindən, bu duruşundan hələ də bir balaca çəkinirdi.

Yorğanın altından səs-səmir gəlmədi.

Kərim kişi:

- Deyəsən yatdı, - dedi.

Amma Nüsrət yəqin bilirdi ki, o uşaq yatıb-eləməyib.

Kərim kişi qəflətən əl-ayağa düşdü:

- A bala, otur, - dedi, - yol gəlmisən, yorulmusan. Çay iç, çörək ye…

Nüsrət:

- Çay-çörək istəmirəm, - dedi, - bir stəkan su gətir…

Kərim kişi sevinə-sevinə:

- Bu dəqiqə, - deyib çıxdı və məcməyidə iki stəkan pürrəngi çay gətirdi, qəndi, mürəbbəsi də öz yerində.

Oturmuşdular, ikisi də çay içirdi. Nüsrət qəndə, mürəbbəyə əl vurmurdu, başını aşağı salıb acı çayı qurtum-qurtum içdikcə, bu dəqiqə üç tərəfdən ona zillənən üç cüt gözün narahat baxışları sir-sifətini, boyun-boğazını dalayırdı. Səfər yorğanın altından baxırdı, Gülnisə qapının deşiyindən, Kərim kişinin qənddandan götürdüyü bir tikə qənd hələ də əlindəydi, o da Nüsrətə baxa-baxa çayı eləcə yavan içirdi və Nüsrət gözünün bir qırağıyla atasının barmaqları arasından ovulub-tökülən qəndin qırıntılarını görürdü.

Nüsrət siqaret yandırıb eşiyə çıxanda ona baxan gözlər da özünə gəlib rahatlandı. Səfər o dəqiqə yorğanı üstündən aşırdı, Gülnisə qapının dalından çıxıb gəldi, Səfərin çarpayısında oturdu. Kərim bayaqdan büzüşüb oturmuşdu, arvadını görəndə belini dikəltdi.

- Gördün də, - dedi, - Nüsrət gəlib çıxdı.

Gülnisə başını tərpətdi.

Kərim kişi indicə Nüsrətin çıxdığı qapıya sarı baxdı:

-Maşalla, yekə kişi olub,-dedi.

Gülnisə yenə başını tərpətdi.

Səfər qalxıb yerinin içində oturdu, qapıya tərəf baxıb:

- O kişi mənim qağamdı? – dedi.

Kərim kişi:

- Hə, - dedi, - qağandı…

- Bə mən niyə o boyda deyiləm?

Kərim kişi:

- Olacaqsan da,a bala,-dedi,- inşalla, böyüyəcəksən, ondan da yekə olacaqsan.

Səfər qəflətən səsini qaldırıb qışqırdı:

- Haçan – dedi.- Haçan?!. Haçan?!.

Nüsrət Səfərin səsinə gələndə təkcə çarpayının üstündə oturan Gülnisəni gördü, Səfər yenə yorğanın altında gizlənmişdi.

Gülnisə tez çarpayının üstündən qalxdı, üst-başını düzəltdi və nədənsə qıpqırmızı oldu. Analığının cavan olduğunu Nüsrət eşitmişdi, amma bu qədər qəşəng olduğunu ağlına da gətirməzdi. Bu cür qəşəng qız Kərimin nəyinə gəlmişdi axı?

Gülnisə özünü itirmişdi. Bilmirdi, getsin, ya qalsın. Kirimişcə dayanıb özündən xəbərsiz əllərini ovuşdururdu, barmaqlarını şaqqıldadırdı və o şaqqıltı otağın sakitliyində çox qəribə səslənirdi.

Kərim kişi gözaltı bir tərs-tərs arvadına baxdı. Sonra üzünü oğluna tutdu:

- Nüsrət, - dedi, - eşitdim evlənmisən, baba olmuşam.

Gülnisə elə tez sivişib aradan çıxdı ki, elə bil bu sözlə Kərim kişi onu qapıdan qovdu.

Nüsrət atasına cavab vermədi, yorğanın altında gizlənən Səfərə baxdı və cibindəki bir ovuc konfet də ancaq indi yadına düşdü. Yerindən qalxdı, çarpayıya sarı getdi, o konfetləri yorğanın üstünə töküb geri dönəndə atasını otaqda görmədi. Kərim kişi yəqin o konfetləri görüb ürəklənmişdi, bu iki qardaşı bir-biriylə tək qoyub çıxmağı məsləhət bilmişdi.

Bu yorğanın altındakı uşaq Nüsrətin qardaşıydı.

Yorğan təzəydi, amma çarpayı elə həmin çarpayıydı. Bir vaxt bu çarpayıda balaca Nüsrət də çox yatmışdı. Ancaq o Nüsrətin yatışı da, yuxusu da bambaşqaydı. O Nüsrət hər gecə yumaq kimi büzüşüb, dizlərini ürəyinin başına sıxıb yatardı və yuxusunda anasını görərdi. Səhər Nüsrət həmişə atasından qabaq oyanardı və nədənsə ona elə gələrdi ki, atası da hər gecə yuxusunda onun anasını görür. Atasını oyatmağa qıymayıb cınqırını da çıxarmazdı. Hə, hər şey əvvəlki kimiydi, yenə o çarpayının qucağı boş deyildi, bu evin Kərim adlı kişisi də hələ sağıdı, bu evdən çəkilib gedən bircə şey vardısa, o da bu evin həmin o yetim yuxusuydu.

Nüsrət bu uzaqlıqda yolu nədən ötrü gəlmişdi! Öz uşaqlığına qayıtmağamı, ya qardaşına baxmağamı? Ya bəlkə elə hər ikisindən ötrü…

- Səfər, Səfər, Səfər…

Yorğanın altından hay gəlmədi.

Nüsrət yorğanı qaldıranda Səfər yatmışdı. Nüsrət qardaşını silkələyib oyatdı. Səfər br müddət key-key Nüsrətin üzünə baxdı, ancaq ağlamadı. Nüsrət çarpayının yanındaca dizüstə düşüb qardaşının saçını tumarladı, alnından öpdü. Səfərdən yetim Nüsrətin qorxusunu almaq istədi. Ancaq Səfərdən bu gün yediyi qovurmanın iyi gəlirdi. Özünün, o balaca, yetim uşağın haçansa qovurma yeyib belə şirin-şirin yatmağı Nüsrətin yadına gəlmirdi.

- Nüsrət, sən doğrudan mənim qardaşımsan?

- Hə.

Eşikdən Kərim kişinin səsi gəlirdi: «Ay arvad, qovurmadan bir az çək, uşaq yol gəlib, acdı».

- Kərim sənin də atandı?

- Hə.

- Gülnisə də anandı?

- Yox.

- Bəs nəyindi?

- Heç nəyim.

- Bəs sənin anan kimdi?

- Heç kim.

Səfər yenə nəsə soruşmaq istəyirdi. Nüsrət onun sözünü ağzında qoydu, yorğanın üstündəki konfeti ovuclayıb Səfərin qoynuna tökdü. Səfər Nüsrətə baxa-baxa o konfetləri yastığının altına yığdı.

- İki qardaş baş-başa verib nə danışırsız?

Kərim kişi qapının ağzında dayanıb gülürdü.

O səsdən Səfər Nüsrətdən qabaq diksindi.

Nüsrət dönüb Kərimə baxdı, təzədən Səfərə baxdı. Bu nədi? Kərimin o gülüşü Nüsrətə hardan bu qədər tanışdı, doğmadı? Kərimin duruşundakı bu yazıqlığı Nüsrət haçan görmüşdü? Hə… Onda Nüsrət bapbalaca uşağıdı. Bərk soyuqlamışdı, qızdırmanın içində yanırdı. Kərim bütün günü yanını kəsdirib ondan aralanmırdı. Bir axşam ağxalatlı həkim gəlib Nüsrəti yoluxdu. Çıxıb gedəndə Kərim o həkimi darvazayacan ötürüb qayıtdı, kirimişcə qapıda dayanıb durdu. Bax, elə beləcə indi necə gülürdüsə, eynən o cür gülüb:

- Qurban olum, doxdur deyir heç nəyin yoxdu,- dedi…

- Balalarım, məni də yanınıza qoyursuz?

Kərim kişi bu bir cüt oğluna bu sözü deməkdən ötrü, bəlkə də Səfər doğulandan, Nüsrətin yolunu gözləyirdi.

Səfər çarpayıdan atılıb düşdü. Atasının qucağına qalxıb qulağına nəsə pıçıldadı. Kərim kişi Səfəri qucağında tutub Nüsrətə göz elədi ki, yaxın gəlsin.

- Nüsrət, eşidirsən qardaşın nə deyir? Deyir, Nüsrət niyə biznən qalmır.

Nüsrət düz Səfərin gözlərinin içinə baxdı:

- Çox istəyirsən ki, siznən qalım?

- Hə.

Nüsrətin ürəyindən keçdi, soruşsun ki, niyə istəyirsən? Bəlkə də o sözü Nüsrət Səfərdən yox, öz uşaqlığından, Səfər yaşında o balaca, yetim Nüsrətdən soruşmaq istəyirdi. Onda o balaca Nüsrət o sözün cavabında nə deyəcəkdi? Heç nə… Evdə tək qalıb darıxıram, - deyəcəkdi. Bircə o kəlməni, darıxıram. Vəssalam. Səfər də o kəlməni deməliydi. Ev həmin evdi, Kərim də həmin Kərimdi, yenə hər gün sübh tezdən gedib qaş qaralanda qayıdır. Amma Səfər niyə darıxmalıdı axı? Səfər ki bu evdə tək deyil. Maşalla, Gülnisə təki gözəl-göyçək anası var.

O vaxt da uşaqların hamısının anası vardı, bircə balaca Nüsrətdən savayı. Nüsrət o uşaqlara paxıllıq eləyirdi. Ancaq o uşaqlar da hardasa ona paxıllıq eləyirdilər. Nüsrət istədiyi ağacın başına çıxa bilərdi, çayın ən dərin yerində çimə bilərdi. Nüsrətin dalınca düşən, üstündə göz olan, üstünə acıqlanan yoxudu. O uşaqların gözündə ana deyilən məxluqun işi-peşəsi elə bu idi, acıqlanmaq, buyruğa yollamaq. Bəlkə də Nüsrət indi öz-özünü aldadırdı. Bəlkə bu Səfər də elə o uşaqlardan biriydi.

Gülnisə qovurmayla dolu boşqabları gətirib stolun üstünə qoyanda, Nüsrət birdən-birə bərk acıdığını hiss elədi. Gülnisə Səfəri yenə aparıb yatağa saldı.

Səfər yatmaq istəmirdi. Gülnisənin hörüklərini dartırdı, saçını yoluşdururdu, sonra eləcə əli boşaldı, o saçı burnuna tutub iyləyə-iyləyə yatdı,  yuxuya getdi.

- Gülnisə, duz yaddan çıxıb axı.

Gülnisə saçını astaca Səfərin ovcundan çıxarıb ayağa qalxdı.

Kərimlə Nüsrət süfrə başında oturub duzu gözləyirdi, nədənsə hər ikisinə elə gəlirdi ki, bu gecə bir dəfə də olsun kəlmə kəsməyiblər. Elə bil nə ağızlarındakı sözün, nə də, bu gecənin duzu vardı. Bəlkə də, bu dəqiqə Gülnisənin gətirəcəyi o duzla qovurmanı yox, bu gecəni duzlamaq lazımıdı.

Gülnisə duz qabını gətirib stolun üstünə qoydu, keçib Səfərin çarpayısında oturdu.

Kərim kişi qovurmaya elə girişmişdi ki, elə bil o qovurmadan savayı dünyanın onunçün heç bir ləzzəti qalmamışdı. Bəlkə də, neçə illər oğlu Nüsrətlə beləcə süfrə başında oturmaqdan ötrü darıxmışdı. Hər nəydisə, onu təkcə özü bilirdi. O qovurmadan nəyin hayfını çıxdığını da özündən savayı bilən yoxudu.

- Nüsrət, gecənin bu vaxtı hara gedirsən? Qoy Gülnisə Səfərin yanında yer salsın, yıxıl yat.

Nüsrət:

- Yox, gərək gedəm, - dedi, süfrədəki dəsmalla ağzını silib ayağa qalxdı.

Gülnisə yerindəcə oturub dağılan saçlarını təzədən hörə-hörə dilləndi:

- Heç yaxşı olmadı, - dedi – gələn dəfə siz Allah, tək gəlməyin, gəlinimizi də gətirin, nəvəmizi də…

Gülnisə Nüsrətin arvadıyla yəqin yaşıd olardı. Nüsrət gözlərini dipdiri açıb Gülnisənin saçlarına baxırdı. Bayaq Səfər o saçı iyləyəndə də Nüsrət gözünü o uşaqdan çəkə bilmirdi.

Bir vaxtlar Nüsrət də anasının saçlarını beləcə iyləyə-iyləyə yuxulayardı, yatardı. Anasının öldüyü gün də Nüsrətin yadında belə qalmışdı. Anası yataqda can verirdi, bəlkə də lap ölmüşdü. Nüsrət böyründə oturub anasının saçlarını iyləyirdi, o saçlar hələ diriydi, ətri, qoxusu uçub getməmişdi. Kərim kişiyə göz-qaş eləyirdilər: - Uşağı apar, - deyirdilər. Kərim kişi ağlaya-ağlaya başını bulayırdı…

Qəfil o ağlamaq səsi Nüsrətin qulağına lap yaxından gəldi. Nüsrət o səsdən diksinib atasında baxdı. Yox, Kərim kişi ağlamırdı. Ancaq gözləri dolmuşdu.

İlahi, bəlkə bütün günahlar Nüsrətin özündəydi. O vaxt Nüsrət atasını bu dörd divarın arasında tək qoyub oxumağa getməsəydi, bəlkə Kərim də evlənməzdi...

Darvazanın ağzında ayrılanda Nüsrət yenə atasıyla qucaqlaşıb öpüşmədi. Ancaq Nüsrət bu evə bir də qayıdacaqdı, buna onun heç bir şübhəsi yox idi. Təkcə vaxt lazım idi.

İçəridə, tövlədə quzular mələşirdi.

- Dədə, deyəsən bu quzuları yetim qoymusan axı?

Kərim kişi:

- Hə, - dedi, - qoyunu günorta kəsdim.

Ancaq «səndən ötrü kəsdim» deməyə ürək eləmədi.