Könül Arif

Bölmə: Mərkəz 03.07.2018

Könül Arif – şair, yazıçı.

 

Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin məzunu, AMEA-nın Dilçilik İnstitutunun doktorantıdır. “İngilis dilindən Azərbaycan dilinə bədii tərcümənin tarixi” elmi əsərinin müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür (2015).

“Sol çiynində qarğa gəzdirən qızcığaz” və “O zəminin sahili...” bədii kitabların müəllifidir. Əsərləri mütəmadi olaraq yerli və müxtəlif dillərdə xarici antologiyalarda, bədii jurnal və qəzetlərdə çap olunur.

Ukrayna Yazıçılar Birliyinin rəsmi dəvəti ilə iştirak etdiyi 2015-ci ildə Kiyevdə keçirilən Beynəlxalq Ədəbiyyat Forumunda Ukrayna İdman və Gənclər naziri tərəfindən fəxri diplomla təltif olunub.

“Ədəbi Azadlıq – 2015” müsabiqəsində poeziya nominasiyası üzrə birinci yerə layiq görülüb.

2017-ci ildə Kosovoda keçirilən Pyotr Boqdani adına Beynəlxalq Yazıçılar Assosiasiyasının təşkil etdiyi Beynəlxalq Poeziya Müsabiqəsinin qalibi olub.

İngilis və rus dillərindən Xulio Kortasar, Sesar Valyexo, Xuan Ramon Ximenes, Siegfried Sassoon, Edit Luiza Situell, Stefan Spender, Çeslav Miloş, Lesya Mudrak, Xannu Myakelya, Xannu Kalevi Kankaanpyaya, Yarkko Layne, Lassi Nummi, Eeva-Liisa Manner, Milisa Yeftimiyeviç Lilik, Vsevolod Nekrasov, Aleksandr Yeryomenko, İvan Jdanov, Serqey Qandlevski, Nikolay Baytov, Andrey Sen-Senkov, Serqey Kruqlov kimi ədiblərin şeirlərini dilimizə tərcümə edib.

2015-ci ildən Azərbaycan Tərcümə Mərkəzində çalışır. Hazırda Mərkəzin İdarə Heyəti sədrinin müşaviridir.

 

TANRININ SÜQUTU

 

Meh əsincə tərpənən o köhnə

o taxta qapıların

titrəyişi var ürəyimdə.

 

Lal gecədə

kədərli ay susqunluğu –

o olüm xofu

bəndə xofu

qatar kimi bölər tanrılığı içimdə!

 

Mən  –

böyük rüzgarlara

qanadlarını qopduran böcəyəm...

Öncə

Tanrı idim.

 

 

GÜN DOĞARKƏN

Mənə
ürəyi dörd nalını ötən atlardan danış!
Gedirəm son savaşa...

 

Mənə
düzənlikdə duman qoparan atlardan danış!
Gedirəm son savaşa...

 

Mənə 
yüyənini çeynəyib udan atlardan danış!
Gedirəm son savaşa...

 

Mənə 
özünü bölüb-keçən atlardan danış!
Gedirəm son savaşa...

Ay’ı oraqla doğra!..

 

 

GÜZGÜLƏR ALLAHI AXTARIR

 

De niyə kilidlədi ki o, qapıları

açardırsa əllərim?

Ayaq altından çək döşəməni

qısaltmırsa yolları.

Bir barmaqlıq boşluğa bənd idi düymələri,

evrənin küləyindən sıxılırdı

ilgəklərin ürəyi…

 

Bük o döşəməni,

yağış yağsa

yol alardıq sənlə

çətir-çətir ağaclar altına –

yamyaşıl beşiyə.

Kimi əllərini aça orda Allaha,

kimisi bükə…

De niyə kilidlədi ki o, qapıları gecə

açardırsa əllərim?

 

Görmədim

bir boy ki,

hasar üstündən qaralıb qapıya süzülə.

Aç ovuclarını –

ud ay işığını bu dəfə!

Ay diyirlənir çinardan üzüaşağı.

De niyə kilidlədi ki o, qapıları

açardırsa əllərim?

 

Çək üstündən tavanı,

görmürsə

göy üzü çılpaqdır kürəyin.

 

Yığdı meşə o gecə qoynuna qollarını –

yıxdı dibinə ağacları,

udqundu gül kollarını!

 

Uddu göy üzü qanadlıları!

Dibində çürüdü zəminin buğdaları…

 

De niyə kilidlədi ki o, qapıları

açardırsa əllərim?